GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ÜMİD NƏCCARİ

1989-cu ildə Təbrizdə doğulub. İlk və orta təhsilini də burada alıb. Azadi İslam Universitetində elektrotexnika fakültəsini bitirib və hazırda Azərbaycan Respublikasında filologiya (dil və ədəbiyyat) üzrə ali təhsil alır. 2016-cı ilin "Səməd Behrəngi mükafatı"nın qalibi olan Nəccarinin dünya ədəbiyyatından tərcümələri Azərbaycan qəzetlərində yayımlanır. Təbrizin "Sancaq" qəzetinin əməkdaşı və "Yeni dalğa" qəzetinin tərcümə bölümünün müdiridir. Azərbaycan, Türkiyə, Özbəkistan, İran, İraq və Gürcüstanın bir sıra ədəbi dərgilərində mütəmadi olaraq şeir və hekayələri dərc edilir. "Quşlar vadisi" adlı şeirlər toplusu 2015-ci ildə İran İslam Respublikasında işıq üzü görüb. "Bu divarların o tayı" adlı şeir toplusu çap prosesindədir.

 

Sənsizlik acı dərmandır

Məni yuxunda gördün!

Ayaqlarımı unutduğum gün.

Əllərimin sahibsizliyini bildiyim saatdan,

Mən payızın buruq-buruq küçələrindən

sənə danışıram.

Məni yuxunda gördün!

Bir qullab udduğum buludda

sənsizlikdir, güzgüdə görünən hər nə varsa!

hisslərimin saçları ağarır yoxluğunda…

Hisslərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.

Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım,

Sənsiz darıxmaqdır hər addım.

Qürbətimə ağlayınca,

mənə bir çətirlik vətən saxla yağmurda…

 

RƏNA ZARE

"1988-ci ildə, Təbrizin bir qarlı payızında dünyaya göz açdım. Huquq bölümündə oxuyaraq lisenziya aldım. Təhsilatdan mənə qalan keçən ömür və yorğunluq oldu… Ata və anamın şeirə olan marağı məndə təsir buraxdı və 14 yaşımdan şeir yazmağa başladım. Şeirin yeri mənim dünyamda deyil, bəlkə mən şeir dünyasında yer açmağa çalışıram. Şeir olmasa mən özum olmaram yəqin… qaranlıqda itib bataram!  Sonralar ayağım şeir məclislərinə açıldı. Təbrizin "Aftab" (Günəş) Azərbaycan dərgisində ilk olaraq şeirlərim çap olmağa başladı və bir neçə sayda verildi.

2012-ci ildə ilk şeir toplusunu "Bir kamyon qorxu" adında çapa yetirdim. Milad olaraq oldu mənə (ad günüm oldu mənə). Tanınmağa başladım, şükür! Urmu, Təbriz və başqa şəhərlərin bir çox dərgisində şeirlərim çapa getdi. 2015-ci ildə "Bir kamyon qorxu" kitabım təkrar çapa gedib, eyni zamanda ikinci kitabım "Sarayın son etirafları" oxucunun əlinə çatdı. Çox qısa zamanda satılıb qurtardı. Umudluyam insanların ürəyinə toxuna bilməkdən. Umudluyam keçən ömrümdən...".

 

Türkcəyə çevirəcəyəm bütün dərdlərimi

Nisgillərimi anlamayacaq özgələr.

Darıxma fəlsəfəsini bir mən biləcəyəm,

Bir də telefon kabinindən asılı qalan

                              bir qərib əsgər!

Ürəyim qar altında donan qartal olacaq

Mən ölümlə türkcə salamlaşacağam!

 

 

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9 və 10 fevral tarixli saylarımızda)

Güneyin tanınmış şairi Əli Daşqın "Sevgi damosu" adlı səyahətnamə xarakterli əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu-Urmiya şəhəri haqqında təəssüratlarını qələmə alıb və şimalın buzlu soyuğunda üşüyən Moskva ilə odlar diyarının yanar ulduzları Bakı, Təbriz, Sulduz və Urmiya şəhərlərinin incə müqayisəsini aparıb. Vaxtilə mövcud rejimin qadağaları üzündən Təbrizdən Quzey Azərbaycana birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, illərlə həsrətini çəkdiyi Bakıya, bütöv vətənin ayrı salınmış digər parçasına gələn və bu uzun yolboyu gördüklərinə əsasən səyahətnamə yazan şair "Sevgi damosu"nun (cəhənnəminin) da məhz odlar yurdunda bərqərar olduğuna əmin olub. Əmin olub ki, sevgililərin son duracağı və alovlar şahə qalxan ocaqların anası məhz Urmu-Urmiyadır. Oda-ocağa-torpağa-anaya-doğurucu bir varlığa özünü qurban edən Əli Daşqın əmin olub ki, Urmiyada - "Sevgi damosu"nda əsl sevənlər-həqiqi aşiqlər fani dünyanın çirkinliklərindən, ikiüzlü, şikəst mənəviyyatlı insanların rəzilliklərindən, qara fikirlərindən uzaqda, odların, alovların qucağında xoşbəxt, bəxtəvərdirlər: "Burası köz bağçası, sevgililərin lap öz bağçasıdı, burası Urmu-Urmiya, yəni sevgi damosu, sevgililərin son duracağı və atəşlərin anasıdı! Yanalım və bütün sevgililəri yandıralım odumuza! Qaragözlü, ayüzlü sevgilim, yanalım! Şükürlər olsun Tanrıya! Sonunda düşdük bu atəşə! Atəşə, oda girmək oğul ürəyi istəyir, el gücü tələb edir. Vurğun və ərən könlü gərəkdir bunun üçün:

Alışıb yanmağa öyrədib anam!

Olurmu anamı unudub - danam?!

Başqa söz deyiləm, Azərbaycanam...

Tüstüsüz yanıram köz arasında!".

Min təəssüflər ki, qoynunda sevgi ocağını-Urmiya şəhərini də bəsləyən Urmu gölü, ana təbiətin bu nadir möcüzəsi insan və təbiət cəlladlarının qeyri-rəsmi fitvası ilə açıq-aşkar qurudulur. Min təəssüflər ki, UNESCO da avtoritar bir təşkilat olaraq qəti hərəkətə keçmir və bu gün bu sevgi ocağı yanıb daha da alovlanmaq taleyi ilə yox, əbədi sönmək və məhv olmaq təhlükəsi ilə üz-üzədi... https://az.wikipedia. org/wiki/Urmiya_gölü internet səhifəsində yazıldığına görə, Güney Azərbaycanın və İranın ən böyük gölü olan bu gölün mütləq hündürlüyü 1280 metr, eni 55 kilometr, uzunluğu 140 kilometr sahəsi 5 822 kvadratkilometr, həcmi 45 kubkilometr, dərinliyi 16 metr, orta dərinliyi isə 5 metr olaraq göstərilib. İndi bu ölçü 2 metrə qədər, son məlumatlara görə isə ondan da az hesablanır. Urmu gölünə Acıçay, Nazlıçay, Sofiçay, Leylançay, Cığatıçay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çayları tökülür. Əsrarəngiz deltası və çoxlu sayda adalarına görə "Suda üzən yaşayış yeri" adını qazanmış təbiət möcüzəsi qeyd etdiyimiz kimi, bu gün biganəliyin qurbanına çevrilib. Əslində, bu biganəliyin kökündə türkün tarixi məkanını dağıdıb məhv etmək kimi məkrli bir siyasət durur. Bəzən aramsız quraqlıqlar zamanı Urmu gölü nisbətən dayazlaşsa da, sahəsi heç vaxt azalmayıb. Elmi mənbələrin də təsdiqlədiyi kimi, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə, Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, bunun başlıca səbəbi isə gölə yeraltı çayların axmasıdır. Suyunun tərkibində duzun miqdarının çox, duzluluq səviyyəsinin yüksək olmasına görə qışın ən sərt dönəmlərində belə, gölün suyu donmur. Urmiya gölündə irili-xırdalı 102 ada mövcuddur, adaların ümumi sahəsi isə 33,640 hektardır. Əhalisinin əksəriyyəti, təxminən 90%-i Azərbaycan türkləridir. Hazırda bu adalarda yaşayan Güney Azərbaycan türkləri əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq və xalçaçılıqla məşğul olurlar. Turizm üçün çox əlverişli olan ərazidəki limanlar hər zaman gəmiləri qəbul etməyə hazırdır. Hətta köçəri quşların da isti ölkələrə uçuşu zamanı bu göl keçid məntəqəsi rolunu oynayır. Nə yazıq ki, bu keçid məntəqəsi getdikcə artan duz təbəqələri üzündən quşlar üçün öz həyati əhəmiyyətini də itirməkdədir. Çünki qanadları duzlu suda duz kristalları ilə yüklənən quşlar yenidən uça bilmir və məhv olub sıradan çıxırlar. Bu gölün suyu yüksək dərəcədə duzlu, şordur. Yəni dünyanın ikinci şor dənizidir. İsraillə İordaniyanın arasında yerləşən Ölü dəniz adını almış Qırmızı dəniz kimi...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.