DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN vƏ PUTİN ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında yanvarın 16-da telefon danışığı baş tutub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, tərəflər Rusiya-Türkiyə əməkdaşlığının hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər. Müzakirə mövzularına enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması daxildir.

Eyni zamanda, danışıqlarda Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib.

Bununla yanaşı, söhbət zamanı Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub.

 

KƏŞFİYYAT XİDMƏTİNİN BAŞ QƏRARGAH RƏİSİNİ DİNLƏMƏSİ QALMAQAL YARADIB

Yunanıstanın baş qərargah rəisi Konstantinos Florosun kəşfiyyat tərəfindən dinlənilməsi iddiası mübahisələrə səbəb olub. “Teleqraf.com”un xəbərinə görə, onun Yunanıstan Kəşfiyyat Xidməti (EYP) tərəfindən dinlənildiyi və bunun milli təhlükəsizlik üçün deyil, şəxsi həyatla bağlı məlumat toplamaq məqsədilə edildiyi ortaya çıxıb.

“Floros yalnız telefon dinləmələri ilə izlənilməyib. EYP həmçinin onun şəxsi həyatı ilə bağlı daha geniş təqib və məlumat toplamağa çalışıb. Floros Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos və ümumiyyətlə siyasətçilərlə yaxşı münasibətdə olmayıb”, - deyə “Documento” qəzeti bildirib.

Xəbərdə Florosun Yunanıstanın İsraildən almağı nəzərdən keçirdiyi silah sistemləri ilə bağlı danışıqlara da yer verdiyi iddia edilib.

Yunanistanın müxalifət partiyası olan “SİRİZA” baş nazir Kiryakos Mitsotakisdən ölkənin Silahlı Qüvvələrinin tanınmış simalarının niyə dinlənildiyini izah etməyi tələb edib.

Baş Qərargahın verdiyi açıqlamada bu iddiaların baş qərargah rəisinin nüfuzuna xələl gətirməyə cəhd kimi qiymətləndirilib.

 

NATO: QƏRBLƏ RUSİYA ARASINDA NORMALLAŞMA GÖZLƏNİLMİR

Ukraynada münaqişənin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir. “Report”un verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində mümkün perspektivi qiymətləndirərkən bildirib.

“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, - deyə Stoltenberq vurğulayıb.

Eyni zamanda, baş katib Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmır və belə bir riski az hesab edir. Əvvəla, ona görə ki, Çin və digər ölkələr Rusiyaya mesaj veriblər ki, nüvə silahından istifadə edilməməlidir.

Bununla belə, Yens Stoltenberq hesab edir ki, Qərb ixtiyarında “böyük resurs”a malik olan Rusiyanı yanlış qiymətləndirməməlidir. Bu səbəbdən baş katib Almaniyanı Ukraynaya tank tədarükünü başlamağa çağırır.

 

ALMANİYADA İTLƏRƏ “COVID-19” XƏSTƏLƏRİNİ MÜƏYYƏN ETMƏK ÖYRƏDİLİB

Almaniyadan olan tədqiqatçılar müxtəlif cinslərdən olan itlərin koronavirusu aşkar etmək qabiliyyətlərini sınaqdan keçiriblər. Belə ki, onlara “COVID-19”a yoluxmuş insanları qoxuya görə müəyyən etmək öyrədilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Təcrübə bu qaydada keçirilib: səkkiz öyrədilmiş it xüsusi olaraq dörd konsertə gətirilib. Bütün potensial tamaşaçıların əvvəlcədən PZR və antikor testləri yoxlanılıb. Onların həmçinin yaşları, peyvəndləri, xroniki xəstəlikləri barədə məlumat toplanılıb.

Sınaqda iştirak edənlərin 87 faizinin xroniki xəstəlikləri olub və onlar müntəzəm olaraq dərman qəbul edənlərdir. Lakin bu amil itlərdən heç birini çaşdırmayıb.

Maraqlıdır ki, itlər PZR testi mənfi olan insanlara da düzgün “diaqnoz qoyub”. Belə ki, bir-iki gündən sonra itlərin “səhvən” göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı müsbət nəticə müəyyən olunub.

Bu o deməkdir ki, itlər xəstə insan tərəfindən buraxılan uçucu üzvi birləşmələrdəki dəyişiklikləri hətta adi tədqiqat üsulları ilə aşkar edilməmişdən əvvəl hiss edirlər.

Aydındır ki, belə bir “diaqnoz” adi tibbi üsullarla təsdiqlənməlidir. Ancaq itlər “şübhəli” insanları kütlədən - məsələn, hava limanlarında, qatar stansiyalarında, ictimai tədbirlərdə ayırmağa kömək edə bilər.

 

DAVOSDA DÜNYA İQTİSADİ FORUMU ÖZ İŞİNƏ BAŞLAYIB

53-cü Dünya İqtisadi Forumu yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi ilə keçirilir. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Dünya İqtisadi Forumuna 50-si dövlət və ya hökumət başçısı olmaqla, bir çox beynəlxalq təşkilatların və iş dünyasının nümayəndələrindən ibarət 2700-ə qədər dəvətli iştirak edir. Liderlərin çıxışları və bir çox müxtəlif sahələrdə sessiyalar yanvarın 17-də start götürəcək.

Eyni zamanda, ABŞ, Çin və Rusiya kimi ölkələrin dövlət və ya hökumət başçıları səviyyəsində təmsil olunmayacaqları sammitə, Türkiyədən də rəsmilər qatılmayacaq.

Forum çərçivəsində xüsusilə iqtisadiyyat, 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi, koronavirus epidemiyası, texnologiya, enerji, iqlim dəyişikliyi, səhiyyə, miqrasiya və s. beynəlxalq böhran problemləri müzakirə ediləcək.

 

TÜRKİYƏnin DÜNYA ENERJİ NƏHƏNGİNİN TƏKLİFİNDƏN İMTİNA etdiyi mƏlum olub

Türkiyə qlobal enerji nəhənginin Qara dənizdə yeni qaz yatağını birgə işləmək təklifini rədd edib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Nəşrin mənbələrinə görə, Qara dənizdəki qaz yataqlarının işlənməsi üzrə əməkdaşlıq təklifləri əvvəllər ABŞ, Böyük Britaniya və Kanadadan gəlib, lakin bu yaxınlarda Türkiyə tərəfi ən konkret təklifi alıb.

Qeyd olunur ki, qlobal enerji sektoruna hakim olan dünyanın enerji nəhənglərindən biri təbii qazın kəşfiyyatı, hasilatı və sonrakı dövrdə Türkiyə ilə Qara dənizdən dünya bazarına satışı ilə bağlı bütün əməliyyatları birlikdə həyata keçirməyi təklif edib.

Türkiyənin enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri olduğunu vurğulayıblar.

 

İRAN RUSİYADAN “SU-35” QIRICILARININ ALINMASINI TƏSDİQLƏYİB

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Şəhriyar Heydəri ilk dəfə olaraq ölkəsinin Rusiyadan “Su-35” qırıcıları aldığını açıqlayıb. Bu barədə “Report” agentliyi İranın “Tasnim” nəşrinə istinadən xəbər verib .

Komissiya üzvü bildirib ki, qırıcılar martın 21-dən sonra ölkəyə gətiriləcək. İran rəsmisi qırıcı təyyarələrlə yanaşı, helikopterlər, raketlər və hava hücumundan müdafiə sistemləri də aldığını açıqlayıb. Lakin məmur alınan texnikanın sayını qeyd etməyib.

Xatırladaq ki, rəsmi Moskva ilə Tehran arasında hərbi əməkdaşlığı izləyən Qərb kəşfiyyatındakı mənbələrin məlumatına əsasən, söhbət əvvəldən Misir üçün nəzərdə tutulan 24 qırıcıdan gedir.

Məlumata görə, ABŞ rəsmi Qahirəni sövdələşmədən imtina etməyə razı salıb, rusiyalılar isə təyyarələr üçün alıcı axtarırmış. Beləliklə, İran dronlar verməyə başlayandan sonra Rusiya bu ölkəyə təyyarə satmağa qərar verib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.