İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

"Qarabağ" "Bayer"lə heç-heçə edib

Martın 7-də UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" Almaniyanın "Bayer" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında keçirilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları arenanın mərkəzinə gətirilib. Sonra Dünya Kuboku açıq elan edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 67 ölkədən ümumilikdə 590 kişi və qadın gimnast qüvvəsini sınayacaq. Dördgünlük yarışların yekununda, həmçinin ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim olunacaq.

Boksçularımız lisenziya turnirinin növbəti mərhələsində

İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın beşinci günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Zeynəb Rəhimova çıxıb. 54 kiloqram çəkidə mübarizə aparan boksçu rəqibini tam üstünlüklə məğlub edib. Bununla da ardıcıl ikinci qələbəsini qazanaraq 1/8 finala yüksəlib və "Paris-2024" Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Boksçumuz Nicat Hüseynov I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib. 51 kiloqram çəkidə mübarizə aparan idmançı ikinci görüşündə Gürcüstan təmsilçisini məğlub edib. Qeyd edək ki, idmançımız "Paris-2024", Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasından da qalib ayrılmışdı. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək. Digər boksçumuz Alfonso Dominqes (92 kiloqram) də 5:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Xatırladaq ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyib.

Nərgiz İSMAYILOVA,

"Respublika".