Qürur və ehtiram məkanı
Region

Qürur və ehtiram məkanı

Bu günlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, şəhidin ailə üzvləri və qazilər 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Məhəmmədli İsmayıl Mahir oğlunun və Əliyev Teymur İman oğlunun ikinci ildönümündə şəhər Şəhidlər xiyabanında məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər. Ruhlarına dualar oxunub və əziz xatirələrini böyük ehtiramla anıblar. Şəhidlərin ailələri evində ziyarət edilib.

Şəhid Məhəmmədli İsmayıl Mahir oğlu 1 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmayıl 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra xidmətini Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində gizir kimi davam etdirib. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İsmayıl Məhəmmədli 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 14 dekabr 2020-ci ildə Göygöl Rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Əliyev Teymur İman oğlu 26 mart 1991-ci ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 1997-ci ildə Göygöl rayon D.İmanov adına Quşçu kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2006-cı ildən təhsilini Göygöl rayon Z. Abdullayev adına Bənövşəli kənd tam orta məktəbində davam etdirmiş, 2008-ci ildə həmin məktəbi bitirmişdir. 2009-cu ilin aprel ayından 2010-cu ilin oktyabr ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Teymur Əliyev 5 noyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 14 dekabr 2020-ci il tarixdə Göygöl Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mərasimdə bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız 44 gün ərzində azad edildi. Xalqımızın "dəmir yumruq" ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, xalq-ordu birliyi sayəsində tarixi ədalət bərpa olundu.

Sonra onların qayğıları ilə maraqlanıldı və vurğulandı ki, şəhidlər bizim qürurumuz, iftixarımızdır. Onlar bütün gənclərə örnəkdirlər, əbədi ürəklərdə yaşayacaqlar. Şəhid ailələri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 Zabit XƏLİLOV,

"Respublika".