Azad edilmiş ərazilərdə tarixi hadisə
Region

Azad edilmiş ərazilərdə tarixi hadisə

Laçın

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda otuz ildən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi çox böyük tarixi hadisəni əks etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində doğma yurd yerlərinə - Laçına, Zabuxa, Füzuliyə və digər yaşayış məntəqələrinə qayıdan keçmiş məcburi köçkünlər fevralın 7-də keçiriləcək seçkilərdə iştirak edəcəklər.

Qeyd edək ki, adıçəkilən ərazilərdə seçki məntəqələri yaradılıb, bütün lazımi tədbirlər görülüb. Yaradılan şərait imkan verir ki, seçicilər həmin məntəqələrdə rahat və sərbəst şəkildə öz iradələrini ifadə edə bilsinlər. Növbədənkənar prezident seçkilərinin keçirilməsi İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonrakı yeni reallıqla, məqsəd və istəklərlə bağlıdır. Məhz buna görə də keçmiş məcburi köçkünlər Azərbaycanın firavan və xoşbəxt gələcəyinə səs verəcəklər. Demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının bərqərar olduğu şəraitdə ölkəmizdə keçirilən seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyəcəklər. Təşviqat mərhələsində bütün namizədlərə sərbəst və aktiv kampaniya aparmağa şərait yaradılıb.

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri işğaldan azad edilmiş Xocalı rayonunda da keçiriləcək. Respublikamızın müxtəlif bölgələrində məskunlaşmış xocalılıların bir qismi seçki günü səsvermə hüquqlarından öz doğma yurdlarında istifadə edəcəklər. Bu məqsədlə, rayon ərazisində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı seçki məntəqələri fəaliyyət göstərir. 106 saylı seçki məntəqəsinin sədri Sovet Allahverdiyev bildirib ki, Xocalı rayonunun Yeni Binə kəndindəki orta məktəbdə yerləşən məntəqə seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqəyə şəffaf seçki qutuları, mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Xocalı rayonunun Əsgəran qəsəbəsində fəaliyyət göstərən 107 saylı məntəqədə də hazırlıq işləri başa çatdırılıb. Məntəqə seçki komissiyasının sədri Əliniyaz Nəcəfov deyir ki, seçkilərin keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb, təchizat və təminat məsələləri həll edilib. Həmçinin seçici siyahıları, məlumat lövhələri asılıb, məntəqənin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib. Bir sözlə, 7 fevral seçkilərinə tam hazırıq. Qeyd edək ki, hər iki seçki məntəqəsində yerli sakinlərlə birlikdə digər yerlərdən gəlib Xocalıda bərpa-quruculuq işlərində iştirak edən vətəndaşlar da səs verəcəklər.

Laçın rayonunun Zabux kəndi işğaldan azad olunduqdan sonra burada müasir qəsəbə salınıb, zəruri infrastruktur yaradılıb, iş yerləri açılıb. Zabuxlular otuz illik ayrılıqdan sonra ilk qışı öz evlərində qarşılayıblar. Kənddə həyat öz axarına düşür. Zabux kənd sakinlərinin həyatında daha əlamətdar hadisə baş verir. Belə ki, zabuxlular 31 ildən sonra - fevralın 7-də ilk dəfə doğma kəndlərində təşkil edilmiş seçki məntəqəsində səs verəcəklər. Kənddə hamı qürur və sevinc hissilə bu əlamətdar hadisədən danışır və 7 fevral prezident seçkisində fəal iştirak edəcəklərini bildirirlər. Zabuxlular inanırlar ki, Zəfər seçkisi uğurla başa çatacaq və seçicilər ən layiqli namizədə səs verəcəklər.

Laçın sakini Akif Xəlilovun həyat yolu çox sınaqlardan keçib, bu illər ərzində zamanın gərdişinə sinə gərib. Keçən əsrin ortalarında Ermənistanın Masis rayonundan deportasiya edilən və Laçına pənah gətirən Xəlilovlar ailəsi burada yurd salıb, ev tikib, iş-güc sahibi olublar. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində məcburi köçkün kimi Bakı şəhərinə pənah aparıblar. Akif kişi ömrünün yetmişinci ilində yenidən Zabuxa qayıdıb və bu qayıdışı əsl möcüzə hesab edir. Doğma yurdda keçirilən ilk seçkidə iştirak etməkdən qürur duyur və bildirir ki, ən layiqli namizədə səs verməklə Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxt gələcəyinə inamını ifadə edəcək.

Kəlbəcər

Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütöv ərazisində keçiriləcək. Belə ki, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımız vaxtilə məskunlaşdıqları ərazilərdə seçkilərdə fəal iştirak edib, öz səslərini layiqli namizədə veriblər. Amma, budəfəki növbədənkənar prezident seçkilərində onların öz doğma ata-baba yurdlarında səs vermələrinin təmin edilməsi qürurvericidir və unudulmaz tarixi hadisədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyində fəaliyyət göstərən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında prezident seçkilərinə çox ciddi hazırlıq işləri görülmüşdür. Görülən işlər barədə dairə seçki komissiyasının sədri Adil Murtuzayevin verdiyi məlumata əsasən, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 64 məntəqədə 55640 nəfər seçici öz iradəsini ifadə edəcəkdir. Eyni zamanda respublikamızın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilmiş ərazilərində 2 seçki məntəqəsi yaradılıb ki, 63 saylı məntəqədə 609 nəfər, 64 saylı məntəqədə isə 882 nəfər seçici səs verəcəkdir. Dairə üzrə ilk dəfə səs verən gənclərə seçki hüququ ilə bağlı mühazirələr oxunmuş, maarifləndirmə tədbirləri keçirilmişdir. 80-100 yaşlı nəslin nümayəndəsi 1297 nəfər, 100 yaşdan yuxarı 10 nəfərdən ibarətdir. Dairə və bütün məntəqələrdə təşkilati, texniki və digər tədbirlər "Təqvim planına" əsasən həyata keçirilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, məntəqə seçki komissiyasının üzvlərinin və sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, seçki hüququ ilə bağlı biliklərin artırılması üçün kursların əhəmiyyəti böyükdür. Bu baxımdan, məntəqə sədrləri, katib və üzvlər üçün seçki hüququ ilə bağlı ixtisaslaşdırılmış kurslar, treninqlər keçirilmiş, məntəqələrə təlimatlar, yaddaş kitabçaları paylanmış, təşviqat vasitələrində seçkilərin keçirilməsinə dair zəruri məlumatlar öz əksini tapmışdır. Seçki məntəqələri generatorlarla, müxtəlif texniki avadanlıqlarla tam təmin edilmişdir. Bütün məntəqələrdə, səsvermə kabinələri quraşdırılmış, müvafiq yerlərdə təbliğat lövhələri yerləşdirilmiş, seçici siyahıları dəqiqləşdirilmiş və lövhədən asılmışdır. İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 2 seçki məntəqəsi lazımi avadanlıq və ləvazimatla təchiz edilmişdir, həmin ərazilərdə yaradılan seçki məntəqələri digərlərinə nisbətən daha yaxşı məkanlarda yerləşməklə tam təminatlıdır və seçicilərin səsverməsi üçün əlverişli şəraitdə fəaliyyət göstərəcək. Məntəqə üzvlərinin dediyinə görə, kəlbəcərlilər prezident seçkilərini ədalətli və şəffaf keçirmək əzmindədirlər. Kəlbəcərin ağsaqqal ziyalısı Məhiyyəddin Əbdürahmanov bildirdi ki, Ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan azad olundu, bizə sevinc bəxş edildi. Bəli, xalqımızın böyük səbirsizliklə gözlədiyi gün nəhayət yetişdi. Ermənilərin ikiəsrlik düşmənçilik siyasətinə son qoyuldu və 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edildi. Artıq keçmiş məcburi köçkün olan soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar. Orada təsərrüfatlar yaradır, rayonun inkişafına töhfə verirlər. Qürurvericidir ki, artıq 1500 nəfərə yaxın vətəndaşımız işğaldan azad edilmiş torpaqlarda 30 ildən sonra ilk dəfə səs verəcəkdir. Əminliklə demək olar ki, ənənələrinə sadiq qalan kəlbəcərlilər bu dəfə də azad, demokratik və şəffaflıqla təmin olunan seçki kampaniyasında yüksək fəallıqla mütəşəkkilliklə öz iradələrini nümayiş etdirəcək, layiqli namizədə etimad göstərəcəklər. 

"Respublika".