Azərbaycanda kosmosun inkişafına böyük töhfələr verən alim
Sosial həyat

Azərbaycanda kosmosun inkişafına böyük töhfələr verən alim

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Milli Aerokosmik Agentliyində görkəmli alim, ictimai və dövlət xadimi, akademik Tofiq İsmayılovun 90 illik yubileyi qeyd olundu.

Tədbir iştirakçıları akademik Tofiq İsmayılovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov açdı. Agentliyin baş direktorunun  birinci müavini, professor Tofiq Süleymanov “Azərbaycanın kosmos salnaməsində Tofiq İsmayılovun xidmətləri daima yaşayacaqdır” məruzə ilə çıxış edərək alimin həyat yolundan, onun ictimai fəaliyyətindən ətraflı məlumat verdi. Onun rəhbərliyi ilə 88 elmlər namizədi, 6 elmlər doktoru hazırlanmışdır.

Yasamal Rayon MKS-in direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxışında qeyd etdi ki, akademik T.İsmayılov qısa ömür sürsə belə o, böyük işlərə imza atmışdır. 1978-ci ildə o, Azərbaycan SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Digər çıxış edən məruzəçilər Tofiq İsmayılov haqda xatirələrini söylədilər və Azərbaycan üçün gördüyü böyük işlərdən danışdılar.

Agentliyin baş direktoru, professor Natiq Cavadov tədbirə yekun vuraraq qeyd etdi ki, ölkəmizdə kosmik tədqiqatlarla bağlı işlər geniş vüsət alıb və dövlətimiz bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir.

Gülnar ALLAHVERDİYEVA,

Yasamal Rayon MKS-nin sistem inzibatçısı.