Maraq  dünyamız
Maraqlı

Maraq  dünyamız

Elm ölümdən sonraki həyatı sübut edə bilərmi?

Ölümdən sonra həyat mövcuddurmu və yaxud axirət həyatı varmı? Bu, qədimdən bəri filosof, alim və dindarları düşündürən sualdır.

Netflix sənədli filmində ölümdən sonra həyatın mümkün olduğu iddia edilir. “The New York Times”-ın məşhur jurnalisti Leslie Keanın “Ölümdən qurtulma” (Surviving Death) adlı kitabına əsaslanan sənədli filmdə Cambridge Universitetinin alimlərinin fərdi hekayələr, ölümə yaxın təcrübələr, reankarnasiya və paranormal hadisələr barədə araşdırmaları əks olunur.

Filmdə bütün dövrlərdə insanları düşündürən suallar araşdırılıb. Ölmək nədir və ölüm varlığımızın sonudurmu? Alimlərin araşdırmaları, ölümün astanasından dönən insanların hekayələri filmdə tamaşaçıları qeyri-adi bir səyahətə aparıb. Əvvəlcə ölümün necə baş verməsi, yəni qan axını dayandıqdan sonra beyinin fəaliyyətinin bir neçə saniyə sonra sona çatması izah edilib. Sonra bəzi insanlar həkimlərin onları həyata qaytarmağa çalışmasını, digərləri parlaq işıqlar görərək ölən qohumları ilə görüşmələrini, rənglərin boşluğuna düşmələrini və bir tunel gördüklərini izah ediblər. Bütün bunlar əslində elmdə yeni deyil. Ölümə yaxın təcrübələr uzun müddətdir ki, elmi araşdırmaların mərkəzində olub və bəzi dəlillər ürək dayandıqdan sonra da beyinin fəaliyyətini davam etdirə biləcəyini göstərir.

Bütövlükdə “Ölümdən qurtulma” bir sıra paranormal və parapsixoloji hadisələri ilə bəşəriyyətə məlum olan ən qədim hekayələrdən birini izah edib. Elm axirətin varlığını təkzib edə bilməsə də, heyrətləndirici dəlilləri ilə müəyyən şübhələrə yol açır.

Məqalə “Live science” veb saytında yayımlanıb.

Paltaryuyan maşınla gələn “təmizlik”

Gündəlik istifadə etdiyimiz əşyaların çoxunun mikroblar tərəfindən zəbt olunması çoxlarımıza məlumdur. Amma bunların içərisində heç ağlımıza gəlməyən, təmizlik simvolu hesab etdiyimiz paltaryuyan sən demə “mikrob müstəmləkəsi” imiş.

Furtwangen Universitetinin tədqiqatçıları Markus Egertin rəhbərliyi ilə paltaryuyan maşınların müxtəlif hissələrində mikrobların miqdarını və xassələrini araşdırıblar.

Nəm, istilik və geniş miqdarda qida maddələri cihazlarda mikrobların çoxalması üçün münbit şərait yaradır. Bundan əlavə, aşağı temperaturda yuyulma, suya qənaət proqramları və zərif maye yuyucu vasitələrinin istifadəsi kimi mövcud tendensiyalar mikrobların böyüməsini təşviq edir.

Tədqiqatçılar test cihazlarından müxtəlif nümunələr götürüblər. Mütəxəssislərin verdiyi məlumata görə, cihazlarda hər kvadratsantimetrə ortalama 21.000 mikrob populyasiyası düşüb. Təsbit edilən 40 növ bakteriyanın yarısından çoxunun potensial patogen olduğu aşkarlanıb. Elm adamları bunun immun çatışmazlığı olan insanlar üçün müəyyən risk yarada biləcəyini söyləyiblər.

“Bəzi bakteriya növləri camaşırlara kif qoxusu verən uçucu maddələr əmələ gətirir və Pseudomonas oleovorans, Acinetobacter parvus, Moraxella osloensis və Rhizobium bakteriyalarını, xüsusilə tipik paltaryuyan “sakinləri” hesab etmək olar. Araşdırmamızla, paltaryuyan maşınların mütəmadi olaraq təmizlənməsinin sağlamlığımız üçün nə qədər vacib olduğunu sübut etdik” - deyə Markus Egert bildirib.

Məlumat “Bild der Wissenschaft” jurnalında yayımlanıb.

“Əjdaha adam” yaxın qohumlarımızdan ola bilər

Çində bir quyudan tapılan buz dövrünə məxsus (Pleystosen epoxası) Neandertal insanın kəllə fosili tədqiqatçı paleoantropoloqların təəccübünə və mübahisələrinə səbəb olub.

Qəribə kəllə sümüyü 1930-cu ildə, yaponların Çinin şimal-şərqini işğal etməsindən dərhal sonra ortaya çıxıb. Bəlkə də tapıntının böyüklüyündən xəbərdar olan adam kəlləni bir quyuda gizlədibmiş. Təxminən 90 il sonra “The İnnovation” jurnalında yayımlanan məqalədə bu kəllənin yeni bir insan növünü təmsil etdiyi iddia edilir: Homo longi və ya “Əjdaha adam”.

“Kəllə qeyri-adi ölçüsü ilə müasir insanınkından əhəmiyyətli dərəcədə fərqlənir və bilinən Homoların ən böyüyüdür. Maraqlısı odur ki, böyük kəllə bizimki ilə eyni ölçülü beyinə sahibdir və dördbucaqlı formasında göz yuvaları, geniş ağzı ilə fərqlənir. Tapdığımız fosil kəllə həddindən artıq böyükdür və Neandertalların insan ailəsi ağacındakı yeni şaxəsini yaradaraq yaxın qohumlarımızdan ola bilər. Yeni insan növünə dair iddialarımız şübhəsiz ki, mübahisələrə səbəb olacaq və görünən odur ki, 146.000 illik fosil nəsil ağacının hansı şaxəsinə düşsə, Çinə təxminən 100.000-500.000 il əvvəlki təkamül dövrünə dair dəlillər gətirəcək” - deyə London Təbiət Tarixi Muzeyindən, tədqiqat müəllifi Chirs Stringer izah edib.

Yerin də nəbzi var imiş

New York Universitetinin alimlərinin araşdırmalarına görə Yerdəki geoloji aktivlik 27,5 milyon illik dövrü izləyir və planetə “nəbz” verir.

Rampionun rəhbərliyi ilə komanda, son 260 milyon ildəki 89 geoloji hadisənin yaşını təhlil ediblər. Bu hadisələrə suda-quruda yaşayanların nəsil kəsilmələri, lavanın böyük vulkanik tökülmələri, okeanlarda oksigenin tükənməsi, dəniz səviyyəsindəki dalğalanmalar və Yerin tektonik lövhələrindəki dəyişikliklər aiddir. Elm adamları qlobal geoloji hadisələrin ümumiyyətlə, 260 milyon il ərzində 10 fərqli zaman nöqtəsində toplandığını, 27,5 milyon il aralığında impulslarda qruplaşdığını tapıblar.

Ən son geoloji hadisələrin təxminən 7 milyon il əvvəl olması növbəti nəbzin gələcəkdə 20 milyon ildən sonra olacağını göstərir.

Tədqiqatçılar impulsların, Yerin daxili hissələrindəki aktivlik dövrlərinin funksiyası ola biləcəyini iddia edirlər. Bununla birlikdə, Yerin orbitindəki oxşar dövrlər bu hadisələri sürətləndirə bilər.

“Bir çox geoloq, zaman keçdikcə geoloji hadisələrin təsadüfi olduğunu düşünür. Ancaq araşdırmamız ümumi bir dövr üçün statistik dəlillər təqdim edir və bu geoloji hadisələrin təsadüfi deyil, bir-biri ilə əlaqəli olduğunu göstərir” - deyə tədqiqatın aparıcı müəllifi Yuhong Zhu bildirib.

Məqalə “Geoscience Frontiers” jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.