VAKSİNASİYA SÜRƏTLƏNDİRİLMƏLİDİR
Region

VAKSİNASİYA SÜRƏTLƏNDİRİLMƏLİDİR

Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti onlayn müşavirə keçirilib. Virtual müşavirədə icra başçısı Şahin Məmmədov, icra aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Müşavirədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunması geniş müzakirə olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da lazımi tədbirlər görülür. Əhalinin sağlamlığının qorunması üçün müntəzəm qaydada profilaktik tədbirlər həyata keçirilir, vaksinasiya işlərinin sürətlə aparılmasına xüsusi önəm verilir.

İcra başçısı Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavə olaraq işçilərin COVID-19 əleyhinə peyvənd pasportu və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri barədə məlumat verib. Bildirib ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə uyğun olaraq xüsusi karantin rejimində 2021-ci il sentyabrın 1-dən dövlət orqanlarının (qurumlarının), mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin əməkdaşlarının COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb ediləcək. Yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlərin əhəmiyyətini vurğulayan icra başçısı əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi ilə əlaqədar müvafiq qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.

Müşavirədə Masallı rayon prokuroru Vəli Mustafayev, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov pandemiyanın yayıldığı ilk günlərdən başlayaraq rayonun hüquq-mühafizə orqanlarının COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına səfərbər olunduğunu, peyvəndlənmənin vacibliyini və əhəmiyyətini qeyd ediblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.