Digər xəbərlər

"Tək inci kimi..."

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan bədii fikrinin görkəmli siması, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2022-ci il tarixli Sərəncamına əsasən "Tək inci kimi parlayan xan qızı Xurdşidbanu Natəvan" adlı sərgi təşkil edildi. Tədbirdə Şirvan Şəhər Tarix-diyarşünaslıq Muzeyinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Şirvan Folklor Evinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan şəhər nümayəndəliyi iştirak etdi. Öncə Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Fəridə Yəhyayeva Xurşidbanu Natəvanın yaradıcılığının dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmasından, xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsindən, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəlinin, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstünün ucaldılması haqqında tədbir iştirakçılarına məlumat verdi. Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva Xurşidbanu Natəvanın 190 illik yubileyinin işğaldan azad olunmuş Şuşamızda qeyd olunmasının əhəmiyyətindən bəsh etdi. Tədbir iştirakçıları qalereyanın dərnək üzvlərinin Xurşidbanu Natəvanın portretlərindən və Qarabağın təbiət mənzərələrindən ibarət rəsm əsərlərinin yer aldığı sərgi ilə tanış oldular. Əsərlərin ideya baxımdan eyni mövzunu əhatə etsə də, fərqli texnika və üslubda işləndiyi vurğulandı. Sərgidə 25-dən artıq rəsm əsəri və Şirvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fonduna aid Xurşidbanu Natəvan haqqında yazılmış kitablar nümayiş olundu. Sonda gənc könüllülər Mənzər Məmmədova və Aqil Kərimli vətənpərvərlik mövzusunda musiqilər ifa etdilər.

Tofiq HÜSEYN,

"Respublika".