Rənglər dünyasının hökmdarı: Tahir Salahov
Sosial həyat

Rənglər dünyasının hökmdarı: Tahir Salahov

Bəzən bir tablo önündə saatlarla xəyala dalıb insan zəkasının gücünə, ağlın iti təsir dairəsinə heyran qalırsan. Düşünürsən, hər gün bəlkə də dəfələrlə laqeydcəsinə yanından ötdüyümüz mənzərələr burada necə də füsunkar, cazibədar, ecazkardır! Yenə də düşünürsən, axı, sənətkar bu günəşli rəng çalarlarını, qammaları haradan alır? Bəlkə günəşin özündən, Xəzərin lacivərd şuaları üzərində bərq vuran şəfəqlərdən? Bəs təsvir etdiyi gözlərdəki məhəbbəti, çöhrələrdəki işığı? Onlarıdamı günəşin boyalarından götürür? Sonra bir səs eşidirsən: günəş, elə həmin günəş, dəniz elə həmin dənizdir. Ancaq onlardakı çalarları tapmağı, qammaları seçməyi, istiliyi, şirinliyi, işığı hiss etməyi bacarasan gərək. Sənətkarın gözü də, qəlbi də, fırçası da möcüzə yarada bilmək gücündə olmalıdır. Rənglər dünyasının hökmdarı Tahir Teymur oğlu Salahov kimi...

Əslində onu tanıtmağa ehtiyac yoxdur, çünki yarım  əsrdən çoxdur ki, bu ad dünyanın bütün məmləkətlərində dolaşır, onun barmaqlarından, fırçasından çıxan sənət əsərləri insanları heyran edir, düşündürür. Düşündürə bilirsə, deməli, yaratdıqları əsl sənət nümunələridir. Tahir Salahovun bənzərsiz yaradıcılıq üslubunu dünyanın ən məşhur sənətşünasları yüksək qiymətləndirib, dəyərli fikirlər söyləyib, hətta onu rənglər dünyasının hökmdarı kimi görüblər. Bu barədə sonra bir qədər ətraflı danışacağıq, hələlik isə onu doğulub boya-başa çatdığı yurd yerindən sənətin zirvələrinə doğru aparan həyat, yaradıcılıq yolunun bəzi məqamlarına diqqət etməliyik. Bu işdə köməyimizə çatan isə Tahir müəllimin  gündəliyi olacaq. Ömrünün kağıza  hopmuş fraqmentlərini, canlı, həyəcanlı, romantik lövhələrini necə təsvir edibsə, eləcə də təqdim edəcəyik.

Gündəliyin birinci səhifəsi. Oxuyuruq: "Atam Teymur və anam Sona Dərya qızının  üçüncü oğluyam. Demək üç qardaş, iki bacıyıq. Noyabrın 29-da Bakıda doğulmuşam. Atam Azərbaycanın kənd bölgələrində çalışdığından biz əsasən anamızın tərbiyəsi ilə böyüyürdük.

...Dünyada bütün analar bir-birinə bənzəyir. Amma hamı elə bilir ki, onun anasının bərabəri yoxdur. Mən də eləcə. Anam bizə həm də atadır. Atam 1938-ci il iyulun 4-də "xalq düşməni" kimi güllələndi. O zaman doqquz yaşım vardı. Kiçiyin heç iki yaşı tamamlanmamışdı. Zavallı anam beş uşağın əlində qaldı. Uşaqlara nə qədər yalan satmaq olardı: "Qatarın səsini eşidirsiniz? Hə, o qatar atanızı gətirir". "Ay ana, bəs qatar nə vaxt yaxınımıza çatacaq?!". İndi də bəzən həmin o uşaq sadəlövlüyü ilə öz-özümə düşünürəm: görəsən qatar atamı qaytaracaqmı? 1956-cı ildə  ona bəraət verdilər. Bu barədə SSRİ Ali  Məhkəməsi Hərbi Kollegiyasının qərarını aldıq...".

Sonra  müharibə... Çətin uşaqlıq dövrü... İşləmək, pul qazanmaq lazım idi. 1943-cü ildə  Dağüstü parkda tərtibatçı rəssam kimi əmək fəaliyyətinə başlayan balaca Tahir reklamlar, elanlar, şüarlar yazır, cürbəcür plakatlar çəkirdi. Bəzən asfalt üzərində adamları parkda növbəti istirahət gəzintisinə dəvət edən iri hərflərlə elanlar yazırdı. Bu, onun peşəkar rəssam kimi ilk yaradıcılıq addımları idi.

Şəkil çəkməyə həvəsi isə onda atası oyatmışdı. Evdə şuluqluq etməmələri üçün ataları Tahirə və iki qardaşına nəyinsə şəklini çəkməyi tapşırar, evə gələndə şəkillərə baxıb qiymətləndirərdi. Bax, beləcə,  qardaşlarda rəssamlığa maraq yarandı və sonralar onların hər üçü rəssam oldu. Yemək otaqlarının divarında gözəl, iri bir qravüra vardı.  Üzərində əlləri qandallanmış qadın təsvir edilmişdi. Tahir həmişə ona baxa-baxa yemək yeyərdi. Elə bu şəkil də onun incəsənətə həvəsini daha da artırdı. Tahir müəllim sonralar   o anları xatırlayarkən deyərdi: "Mən hamınıza məsləhət görərdim ki, evinizdə divardan heç olmasa yaxşı bir  reproduksiya asasınız. O sizə də,  sizin övladlarınızın şüuruna da müsbət təsir edəcək".

Tahir Salahov hələ 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda oxuyarkən ilk çəkdiyi "Dalğa" və "Estakada" əsərləri ilə ümumittifaq və beynəlxalq sərgilərdə iştirak edir. Diplom işi olan "Vaxtada" əsəri ona daha böyük uğur gətirir. Sonralar çəkdiyi "Səhər eşelonu",  "Neft çənləri", "Neftçi" əsərləri beynəlxalq sərgilərin bəzəyi olur. "Sənə, bəşəriyyət" tablosundan sonra isə rəssamın uğurlarının ardı-arası kəsilmir.

1962-ci ildə hazırda Tretyakov qalereyasında  saxlanılan "Bəstəkar Q.Qarayevin portreti"nə görə  gümüş medala layiq görülür. Tahir Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq işinə ciddi hazırlaşmışdı. Rəssam həmin məqamı belə xatırlayır: "Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum: "Uzunboğaz köynəyiniz varmı?" Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə istədiyim kimi canlı göstərə bilərəm.  Onun uzunboğaz köynəyinin  ağ rəngdə olması  mənim obrazım üçün  münasib idi. Bir sözlə,  gələcək portretimin rəng çalarlarını tapmışdım". Sonradan  bu əsərə baxanlar, həqiqətən də  sənətkarın geyiminin nə qədər uğurlu seçilməsini və rəssamın estetik zövqünün göz oxşadığını vurğulayırdılar. Rəssam bu seriyadan bir çox tanınmış, məşhur insanların da həyatlarının maraqlı anlarını əks etdirmişdi: Heydər Əliyev, Fikrət Əmirov, Mirzə Ələkbər Sabir, Rəsul Rza...

Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən böyük sənətkar haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri hesab edilir. Tahir müəllim gündəliyində yazır: "Özüm də bilmirəm insanları nə üçün bu qədər sevirəm. Bu, təkcə rəssam təbiətimdən doğmur. Hansı şairinsə sətirləri yadıma düşür: "Əgər həyəcanlanır, alovlanır, düşünür, sıxılır, narahat oluramsa, demək yaşayıram". Mənə elə gəlir ki, rəssam da poetik narahatlıq keçirməli, dəqiq müşahidə qabiliyyətinə malik olmalıdır. İnsan və insan taleyi - ən böyük sənət əsərinin əzəli mövzusudur. Cansız şeylərin təsvirində belə, qadir insan zəkası öz təcəssümünü tapmalıdır. Çəkdiyim bir silsilə portretləri məhz bu səpkidə işləmişəm".

Tahir sənətinin heyranlarından biri, alman sənətşünası Yenep isə yazırdı: "Təmirçilər" tablosu rəssamın ən yaxşı əsərlərindəndir. Tablodakı hadisələri hər kəs aydın duya bilər. Adi iş günü başlanır. Təmirçilər dənizə çıxmışdır, onlar fikirlidirlər, bəlkə də görəcəkləri iş haqqında düşünürlər. Bu, bizə bəlli deyil. Ancaq tabloda onların bu halda verilməsi əsərin təsir qüvvəsini daha da artırır".

Drezden Qrafika İnstitutunun direktoru Herhard Hettner: "...Tahir Salahovun fırçasından çıxmış "Təmirçilər", "Bəstəkar Qara Qarayevin portreti" elə bir ehtiraslı maraq oyatdı ki, biz həmin əsərlərin reproduksiyalarını böyük tirajla buraxmağa məcbur olduq".

"Tahir Salahov rənglər dünyasının hökmdarıdır". Belə yazırdı Kiril Lavrov. Əslində Tahir Salahov sənəti rəssamın yaradıcılığında aparıcı olan üç: qara, qırmızı və ağ rənglərin harmoniyası üzərində qurulmuşdur. Doğrudur, o, elə digər rənglərdən yerli-yerində istifadə etməklə də gücünü ortaya qoya bilib. O, nə çəkibsə çəksin çoxsaylı əsərləri xalqını Yer kürəsinin müxtəlif guşələrində yaşayan insanlara, millətlərə tanıtmağa xidmət edib. Qüdrətli fırça ustasını bütün dünya tanıyırdı. Tahir sənətinin möcüzəsi isə Azərbaycanı tanımaq üçün gözəl imkan idi. Çünki hansı mövzuda çəkirdisə, oraya Azərbaycanın gözəlliyini, qədimliyini, xalqının böyüklüyünü əks etdirən ştrixlər vururdu. O tabloda Xəzərin şıltaq ləpələrinin pıçıltısını, Qoşqarın, Murovun əzəmətini, Abşeronun əsrarəngiz gözəlliyini, bu məmləkətin qəhrəman oğullarının nərəsini, hayqırtısını, nənələrimizin şirin-şəkər laylasını, daha nələri-nələri duyursan, təkcə duymur, həm də görürsən. Bunu bütün dünya görürdü. Tahir fırçasının gücü, qüdrəti də elə bunda idi... Bu mənada, adının Van Qoq, Pikasso, Klod Mone, Xaçisika Xakusai, Salvador Dali, Zurab Sereteli, Ayvazovski, Repin, Surikov və digər dünyaşöhrətli sənətkarlarla birlikdə çəkilməsi də qürur doğurur.

Tahir müəllimin gündəliyindən: "Hərdən öz-özümə sual verirəm: bir daha dünyaya gəlsəydim, yenə də rəssamlığı seçərdinmi? Şübhəsiz! Qoy bu, ənənəvi cavab təsiri buraxmasın. Hərgah həqiqətən də mənə ömrümü bir daha təzədən yaşamaq şansı verilsəydi, indiki həyatımı təkrarlayardım... Hər şey tale və qismətə bağlıdır. Bunu da unutmaq olmaz.

Daha bir istəyim. Hərgah mənə - dünyagörmüş ahıla həyat və insanlar barədə indi düşündüyümü, nədən rahatsız olduğumu soruşsaydılar, müdrik bir şairin müdrikanə yazdığı dörd sətirlə cavab verirəm:

Nə mənə qalacaq dünya, nə sənə,

Hər insan inanıb əzəldən buna.

Biz gəldi-gedərik, bizdən nişanə

Ya bir cığır qalır, ya söz, ya bina.

Şair dostum Rəsul Həmzətovun bu sətirlərini tez-tez xatırlayıram!"

Bu gəlimli-gedimli dünyada həm də əbədiyaşarlıq da var ki, o da hər kəsə nəsib olmur. Bəli, bu haqqı qazananın hər birindən özündən sonra nəsə qalır. Tahir Salahov isə dünya rəngkarlığında öz məktəbini qoyub getdi.

Zümrüd QURBANQIZI,

"Respublika".