Qələbə əzmi aşılayan şəhid komandir  
Sosial həyat

Qələbə əzmi aşılayan şəhid komandir  

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik  xalqımızın mənliyində yaşayan  yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur. Zaman-zaman igidlərimizi itirdik Vətən savaşında, minlərlə şəhid verdik. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. 

44 günlük müharibənin ilk günündən Şuşaya qədər döyüş  yolu keçib qəhrəmanımız  Təhmasib Mustafayev. 30 avqust 1989-cu ildə Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. 1996-2007-ci illərdə Kürdəmir rayon Vahid Əhmədov adına Topal Həsənli tam orta məktəbində təhsil almışdır. 2007-ci ildə Təhmasib Kürdəmir rayonunun Topalhəsənli kəndindəki Vahid Əhmədov adına tam orta məktəbi bitirib. Məktəbdə müsbət fərdi keyfiyyətləri ilə müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə daha çox maraq göstərib. Yeniyetməlik illərindən Təhmasibdə vətənpərvərlik əqidəsi formalaşıb.

2008-ci ilin aprel ayında Təhmasib müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmət keçib. 2009-cu ilin oktyabr ayında ehtiyata buraxılıb.

Həyatını rəğbət bəslədiyi hərbçi peşəsinə bağlamaq barədə qəti qərar verən Təhmasib 2010-cu ilin aprel ayının 14-dən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib. 2011-ci ildə Türkiyədə xüsusi təyinatlı dəstədə 6 aylıq təlim keçmişdir. 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Orta İxtisas Hərbi Məktəbinin “Daxili Qoşunlarda taktiki komandanlıq” ixtisasını bitirərək leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. 2014-cü ilin iyul ayından başlayaraq artıq zabit rütbəsində hərbi karyerasında irəliləyib. Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprel ayında həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.

Təyin olunduğu bütün bu məsul vəzifələrdə Təhmasib komandanlığın etimadını doğrultmağa çalışıb. Xidməti fəaliyyətindəki uğurlu nəticələrə görə dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin iyun ayının 29-da 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Hərbi hissədə keçirilən mərasimlərdə bayraqdar olmaq Təhmasibə tapşırılıb, sıranın önündə əlində döyüş bayrağı qürurla addımlayıb. Zabitimizlə birgə döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları baş çavuş Sabir İmanov və çavuş Ramiq Novruzov bildirirlər ki, müharibədə komandirin şəxsi nümunəsi mühüm amildir. Təhmasib zabit və komandir olaraq öz qorxmazlığı, dəyanəti, mənəvi-psixoloji dəstəyi ilə tabeliyindəkilərə qələbə əzmi aşılayıb.

2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant T.Mustafayev yaralı döyüşçülərimizin olduqları postlara özünü yetirib, onlara ilk yardım göstərilməsini təşkil edib. Noyabrın 7-də Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Faidə adlı  bir qız övladı yadigar qalıb. Prezident İlham Əliyevin sərəncamları ilə baş leytenant Mustafayev Təhmasib Sərməst oğlu ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

M.MİRZƏ,

“Respublika”.