Qanunsuz fəaliyyətə son qoyulur
Digər xəbərlər

Qanunsuz fəaliyyətə son qoyulur

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.  

"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən  müharibəsində qazanılan Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə  əzminin  də  əyani  təsdiqidir.

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik" bəyanatı zaman-zaman atılan addımlarda öz təsdiqini tapır.

Aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu. Ona görə də həmin gün çağdaş tariximizə əlamətdar günlərdən biri kimi bu  44 günlük müharibədən sonra Zəfərlərdən biri oldu. Bu, Prezident, Müzəffər Ali  Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, ölkəmizin hərbi qüdrətinin növbəti zəfəridir!  Azərbaycan öz əraziləri üzərində suverenliyini bərpa etmək yolunda daha bir inamlı addım atdı.

Azərbaycanın öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Bu addım bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Beynəlxalq ictimaiyyət də bu hüququn ifadəsinə hörmətlə yanaşır.

Mübaliğəsiz demək olar ki, bu, Azərbaycanın bölgədə sülh, sabitlik və əməkdaşlıq mühiti yaratmaq istəyinin təcəssümüdür. Sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın bu ərazilərində milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Bu baxımdan sərhəd-buraxılış məntəqəsinin qurulması böyük əhəmiyyətə malik olmaqla yanaşı ermənilərin qanunsuz fəaliyyətinə son qoyur. 

Yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və sərhəd-nəzarət-buraxılış məntəqəsindən Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edilib: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, Sizin tapşırığınıza əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".

Həmçinin sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılıb.  Lövhədə sərhədi keçən şəxslərin Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olması qeyd edilib. Lövhədəki məlumat Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də əks olunub.

M.MİRZƏ,

"Respublika".