Azərbaycanın hər bir uğuru bədnam qonşumuzu daha da aciz duruma salır
Digər xəbərlər

Azərbaycanın hər bir uğuru bədnam qonşumuzu daha da aciz duruma salır

Dövlətimizin atdığı hər bir tutarlı addım, ifadə olunan tarixi həqiqətlər və ədalətli siyasi bəyanatlar İrəvanda psixi apatiya yaradır. Ermənistanın böhtançı dairələrinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə olan tör-töküntüləri də çaxnaşma vəziyyətdədirlər. Bunu erməni rəhbərliyi də dərk edir. Hadisələrə məntiqsiz reaksiya verərək Azərbaycan tərəfinə böhtanlar yağdırır. Danılmaz fakt budur ki, ermənilərin xəstə təfəkkürü ilə reaksiya verməsinin əsl səbəbi dövlətimizin güclü olması ilə bağlıdır. İşğalçılar görürlər ki, artıq qarşılarında çox qüdrətli ordusu, güclü iqtisadiyyatı, çevik siyasətli rəhbəri olan Azərbaycan dövləti dayanıb. Məhz buna görə də bir sıra erməni siyasiləri və üzdəniraq separatçı rejimin ünsürləri qəzəblərindən özlərini tamamilə itiriblər.

Dövlətimizin başçısı Vətən müharibəsindən sonra sülh razılaşması məsələsini gündəmə gətirdi, bununla bağlı təkliflərini geniş ictimaiyyətə açıqladı. Ermənistandan fərqli olaraq sistemli və ardıcıl yanaşma nümayiş etdirdi. Lakin qarşı tərəf hər dəfə süni maneələr yaradaraq prosesi uzadır. Burada diqqətçəkən bir neçə məqam var. Belə ki, Ermənistan müstəqil siyasət apara bilmir, öz cəmiyyətinə, vətəndaşlarına yeni reallığı qəbul etdirməyi bacarmır. Ermənistanda baş verən hadisələr, ictimai-siyasi proseslər, baş nazir Paşinyanın və Ermənistan hökumətinin digər rəhbərlərinin çıxışları, verdikləri bəyanatlar bir daha göstərir ki, sülh prosesinə maneə yaratmaq üçün Ermənistan bütün imkanlardan istifadə edir. Lakin bu da bir həqiqətdir ki, bu yanaşma ilə Ermənistan hər keçən gün öz vəziyyətini daha da mürəkkəbləşdirir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca dördüncü görüş keçirildi. Brüssel görüşü İrəvanın Bakı ilə problemlərini masa arxasında həll etmək üçün növbəti şansıdır. Proseslər göstərir ki, müharibədən ötən müddət ərzində Ermənistan regionda yaranan yeni reallıqları, sabitliyi təhdid etməkdən başqa heç bir iş görməyib. Görünən odur ki, İrəvan yekun sülh müqaviləsini imzalamağı mümkün qədər uzatmağa çalışır. Bu da faktdır ki, baş nazir Nikol Paşinyan Qərblə Moskva arasında vurnuxur. Qərbə vədlər verir, Rusiyanın isə ətəyindən yapışır. Amma Azərbaycan konkret mövqe nümayiş etdirir və bölgədə sülhün təmin olunması üçün 5 maddədən ibarət təklif təqdim edib.

İndi artıq Ermənistanın vədlərdən əmələ keçmək vaxtıdır. Ancaq bunun əvəzinə, ermənilər təxribatlardan əl çəkmirlər. Fərruxda baş verənləri misal çəkə bilərik. Bu günlərdə "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər nəzarətə götürüldü, Azərbaycan Ordusu Laçın şəhərinin mərkəzində Azərbaycan bayrağını ucaltdı. "Biz öz torpağımızda istənilən zaman istənilən əməliyyatı apara bilərik. Sadəcə olaraq, Qisas əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq". Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. Ordumuzun gündəliyində həm taktiki, həm də strateji addımların təsbit edilməsinin reallıq olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: "Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar".

Düşmən tərəfi növbəti dəfə müzəffər Azərbaycan Ordusunun gücünü gördü. Ermənistanın təxribatları ilə bağlı cənab Prezident bir neçə dəfə xəbərdarlıq etmişdir. Sonuncu dəfə 2022-ci ilin birinci yarımilliyinə həsr olunmuş müşavirədə də Ermənistana ciddi mesajlar vermiş və xüsusilə vurğulamışdır ki, əldə olunmuş razılıqları, öhdəlikləri yerinə yetirməsə, bu, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacaq. "Qisas" əməliyyatı da məhz Ermənistana növbəti xəbərdarlıq, ciddi cəza və cavab oldu. Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Ermənistan hazırda elə bir ağır vəziyyətlə üzləşib ki, həmin vəziyyətdən çıxış yolunu kimsə görmür və tapa bilmir. Xaos bütün Ermənistanı bürüyüb. Bir yandan iqtisadi çətinlik, bir yandan isə siyasi qarmaqarışıqlıq. Bu ölkədə sistemsizlik, rabitəsizlik var. Ermənistanın sükanı heç bir zaman öz əlində olmayıb. Onların tarixləri də, bünövrələri də, iddiaları da, düşüncələri də saxtadır və bu gün Ermənistanı uçuruma aparan əsas səbəb də elə məhz həmin saxtakarlıq, qeyri-səmimilik və təxribatçı xislətdir. Hərçənd, vaxtında bu dövləti realist insanlar idarə etsə, vaxtında düzgün siyasət yürüdülsəydi, vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. İndi onlar öz nadürüstlüklərinin cəzasını çəkirlər. Ermənistanda paytaxt İrəvan da daxil olmaqla, bir sıra şəhərlərdə keçirilən davamlı etiraz aksiyaları mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Üstəlik, ölkə hər addımda qeyri-müəyyənliyin daha da dərinliyinə gedir.

Mustafa KAMAL,

"Respublika".