“Qanları ilə dastan yazanlar
Region

 “Qanları ilə dastan yazanlar"

Sabirabad rayon Mədəniyyət Mərkəzində "Qanları ilə dastan yazanlar" layihəsi çərçivəsində Vətən Müharibəsi şəhidi Aqşin Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun məsul işçiləri, "20 Yanvar" İctimai Birliyinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər. Tədbirin keçirildiyi Mədəniyyət Mərkəzində şəhid Aqşin Quliyevin şəkilləri, medalları, şəxsi əşyaları və şəhidə həsr olunmuş kitab və çap məhsullarından ibarət sərgi təşkil olunmuşdu.

Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Bildirildi ki, bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. Onlardan biri də şəhid Aqşin Quliyevdir. İllər ötsə belə, bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, sağlamlığını itirən qazilərimizin ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimizin heç vaxt unudulmayacağı vurğulandı.

Tədbirin sonunda "20 Yanvar" İctimai Birliyi tərəfindən şəhid Aqşin Quliyevin döyüş yoluna həsr olunmuş videoçarx nümayiş edildi və məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.

Tofq HÜSEYN,

"Respublika".