ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİ BÖYÜK EHTİRAMLA YAD EDİLİB
Region

ÜMUMMİLLİ LİDERİN ƏZİZ XATİRƏSİ BÖYÜK EHTİRAMLA YAD EDİLİB

Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Dövlət Himni səsləndirildikdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli liderin zəngin və çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında ətraflı məruzə edib. Qeyd edib ki, xalqımız yeni əsrə və yeni minilliyə Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Sürətli inkişaf və davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin şah əsəri, parlaq ideyalarının təntənəsidir.

İcra başçısı ümummilli liderin siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərin Azərbaycan tarixinə intibah dövrü kimi daxil olduğunu vurğulayıb: “Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirə, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bildi. Həmin illərdə milli-mənəvi dəyərlərə nihilist baxış tədricən aradan qalxdı, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan möhkəm mənəvi-ideoloji körpü milli düşüncənin düzgün məcraya yönəldilməsinə səbəb oldu.”

Ümummilli lider siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Lənkəranın sosial-iqtisadi və mədəni inkişafına xüsusi qayğı göstərib. Lənkəranlılar o dövrü haqlı olaraq Lənkəranın ”qızıl dövrü” adlandırırlar.             Konfransda ulu öndərin mənalı ömür yolu və siyasi fəaliyyəti haqqında film nümayiş olunub.  Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto sərgiyə, Heydər Əliyev muzeyində tarixi sənədlərə, eksponatlara baxış keçirilib.

Əlisəfa HƏSƏNOV,

                                                                                                        “Respublika”.