Prokurorluğun uğurlu fəaliyyəti davam edir
Digər xəbərlər

Prokurorluğun uğurlu fəaliyyəti davam edir

1 oktyabr Prokurorluq İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə əsası qoyularaq Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlayan, qanunçuluğun və hüquq qaydalarının qorunmasında hüquq-mühafizə orqanları sırasında mühüm rolu olan Azərbaycan Prokurorluğu bu gün yüz dörd illiyini qeyd etməyə hazırlaşır.

Tarixə nəzər saldıqda məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti Prokurorluğunun fəaliyyəti əsasən məhkəmədə dövlət ittihamını müdafiə etməkdən və qanunların düzgün tətbiqinə nəzarət funksiyalarını həyata keçirməkdən ibarət olmuşdur. Eyni zamanda, prokuror müavinlərinə, həmçinin ibtidai istintaqın aparılmasına faktiki nəzarət vəzifəsi də həvalə edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Demokratik Respublikanın mövcud olduğu dövrdə yaradılmış bütün struktur qurumların, o cümlədən prokurorluq və istintaq orqanlarının yenidən yaradılması prosesi başladı. 28 aprel 1920-ci il tarixdə Azərbaycan Məhkəmə Palatası Prokurorunun tabeliyindəki prokurorlara "Hökumətin Prokurorluğa və Məhkəməyə aid olan xüsusi sərəncamı olmadan bütün əməkdaşlar öz yerlərində qalaraq, xidməti vəzifələrinin icrasını davam etdirməklə, sakitliyə riayət etsinlər" məzmunlu müraciət məktubu göndərildi. Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixdə qəbul etdiyi "Xalq məhkəməsi haqqında" dekret ilə Azərbaycan Məhkəmə Palatası, Bakı və Gəncə dairə məhkəmələri, onların yanında fəaliyyət göstərən prokuror nəzarəti və istintaq hissələri ləğv edilərək, cinayət işləri üzrə məhkəmədə ittiham və müdafiə funksiyalarının həyata keçirilməsi üçün qəza və quberniya sovetlərinin icraiyyə komitələri yanında ittihamçılar və müdafiəçilər kollegiyaları yaradıldı. 11 iyun 1922-ci il tarixdə Azərbaycan MİK-in qəbul etdiyi "Azərbaycan SSR-in Dövlət Prokurorluğu haqqında" dekretdə isə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Xalq Ədliyyə Komissarı olan Baş prokurorun rəhbərlik etdiyi və kifayət qədər səlahiyyətlərə malik sovet prokurorluğu orqanının təsis edilməsi nəzərdə tutuldu. 17 noyabr 1923-cü il tarixdə prokurorluğun təhqiqat və istintaq orqanlarının fəaliyyətinə nəzarət və məhkəmədə dövlət adından ittihamı müdafiə etmək funksiyalarına malik olduğunu özündə əks etdirən "Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında" 1922-ci il Əsasnaməsinə dəyişikliklər edilərək, həmin hüquqi akta dövlət prokurorluğu barədə xüsusi bölmə əlavə olunmuş, bununla da Xalq Ədliyyə Komissarlığının nəzdində prokurorluq təsis edilmişdir. 6 iyun 1927-ci il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin təsdiq etdiyi "Məhkəmə quruluşu haqqında" yeni Əsasnamədə bütöv bir bölmə prokurorluğa həsr olunmaqla, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Respublika Prokurorluğu İdarəsi yaradılmış və prokurorluğun ərazi orqanlarında dəyişikliklər edilərək əvvəllər fəaliyyət göstərmiş mahal prokurorluqları birbaşa respublika prokuroruna tabe olan qəza və şəhər prokurorluqları ilə əvəz olunmuşdur. 1929-cu ilin iyun ayında isə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi ilə əlaqədar qəza prokurorluqlarının əvəzinə yenidən mahal prokurorluqları fəaliyyətə başlamışdır.

1936-cı ildən etibarən SSRİ dövlətində mərkəzi hakimiyyətin gücləndirilməsi, ittifaq respublikalarının səlahiyyətlərini məhdudlaşdırmaqla asılılığın artırılması məqsədilə prokurorluq sisteminin də mərkəzləşdirilməsi prosesi həyata keçirilmiş, SSR İttifaqı MİK və XKS-nin "SSR İttifaqı Xalq Ədliyyə Komissarlığının yaradılması haqqında" 20 iyul 1936-cı il tarixli qərarı ilə bütün müttəfiq respublikaların, o cümlədən Azərbaycan SSR-in prokurorluq və istintaq orqanları Xalq Ədliyyə Komissarlığının strukturundan çıxarılaraq birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə verilmişdir. İkinci Dünya müharibəsi dövründə digər dövlət qurumları kimi, prokurorluğun da fəaliyyəti bir müddət hərbi məqsədlərə, daha dəqiq desək, ölkənin hərbi gücünə xələl gətirə biləcək hallarla mübarizəyə yönəldilmişdir. 24 may 1955-ci il tarixdə "SSRİ-də prokuror nəzarəti haqqında" Əsasnamə təsdiq edilmiş və orada prokurorluğun əsas təyinatının qanunçuluğun təmin edilməsindən ibarət olması vurğulanmaqla, vəzifələr və fəaliyyət istiqamətləri konkret müəyyən olunmuşdur. 30 noyabr 1979-cu il tarixdə isə "SSRİ Prokurorluğu haqqında" Qanun qəbul olunmuş və həmin vaxtadək qüvvədə olan normativ-hüquqi aktlardan fərqli olaraq yeni qanunla prokurorluğun səlahiyyətləri xeyli genişləndirilərək fəaliyyət istiqamətləri və funksiyaları uzunmüddətli, daha dəqiq və əhatəli tənzimlənmişdir. Adıçəkilən qanunun bəzi müddəalarından irəli gələn bir sıra məsələlərin əlavə tənzimlənməsinə ehtiyac yarandığından "SSRİ prokurorluğu orqanları işçilərinin rütbə dərəcəsi haqqında" 28 oktyabr 1980-ci il tarixli, "SSRİ prokurorluğu orqanları prokurorlarının və müstəntiqlərinin həvəsləndirilməsi və intizam məsuliyyəti haqqında" 17 fevral 1984-cü il tarixli və "Prokuror-kriminalistlər haqqında" 27 iyun 1984-cü il tarixli əsasnamələr və digər normativ-hüquqi aktlar qəbul edilmişdir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, SSRİ prokurorluq sisteminə daxil olan Hərbi Prokurorluğun fəaliyyətini isə onun strukturunu, funksiya və səlahiyyətlərini müəyyən edən "Hərbi Prokurorluq haqqında" 14 dekabr 1966-cı il tarixli Əsasnamə xeyli müddət tənzimləmişdir. "Hərbi Prokurorluq haqqında" 4 avqust 1981-ci il tarixli Əsasnamə isə uzun müddət, hətta ölkəmiz müstəqillik əldə etdikdən sonra belə, müəyyən dövr ərzində Hərbi Prokurorluğun fəaliyyətinin hüquqi əsası olmuşdur.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişləri ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik bazasının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün oldu.

Ulu öndərin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: "...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram..." kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını ulu öndərin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur.

Böyük şəxsiyyət Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi və onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində prokurorluğun kadr tərkibi hərtərəfli inkişaf etmiş, zəngin biliyə, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına və mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur.

Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan prokurorluğa hərtərəfli diqqət ənənəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində prokurorluğa dövlət büdcəsindən zəruri maliyyə vəsaiti ayrılmışdır ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsini şərtləndirmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz edilmiş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Əzəli torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar, o cümlədən rəhbərlik etdiyim prokurorluq qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.

Ağdam hərbi prokurorluğunun inzibati binasının müasir standartlara uyğun şəkildə təmir olunması, zəruri avadanlıqla təchiz edilməsi, yüksək səviyyəli iş şəraitinin yaradılması, Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin və Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevin mütəmadi olaraq əməkdaşlarla görüşməsi, onları mükafatlandırması prokurorluğun, o cümlədən Ağdam hərbi prokurorluğunun kollektivinə, işçilərin əməyinə verilən yüksək qiymətin və göstərilən qayğının təcəssümüdür.

Ağdam hərbi prokurorluğunun kollektivinin hər bir üzvü də öz növbəsində dövlətin və rəhbərliyin onların fəaliyyətini qiymətləndirməklə verdiyi dəyəri, göstərdiyi diqqəti və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, nizam-intizamın daha da möhkəmləndirilməsini təmin etmək, eləcə də cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Surxay HÜSEYNOV,

Ağdam hərbi prokuroru,

ədliyyə polkovniki.