Qərbin əsassız cəhdləri əbəsdir
Digər xəbərlər

Qərbin əsassız cəhdləri əbəsdir

Qərblə Rusiya bir-birlərinə qarşı əks qütblərdə dayansalar da, Qarabağ məsələsində eyni mövqedən çıxış edirlər. Rusiya son zamanlar Qarabağla bağlı məsələdə Qərbin leksikonu ilə danışır. Məsələn, "Qarabağda humanitar böhran var" tezisi buna əyani nümunədir. Bununla yanaşı, Qərb ATƏT-in keçmiş Minsk qrupunu dirçəltməyə cəhd göstərir.

Deputat Cavid Osmanov bildirir ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu: "Azərbaycan tarixi ədaləti öz gücü hesabına bərpa etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işləri aparılır və Böyük Qayıdış başlayıb. İndiki mərhələdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində iş aparılır. Buna bəzi dairələr, eyni zamanda erməni lobbisinin təsirinə düşən Qərb dairələri də maneçilik törədir. Onlar artıq tarixə qovuşmuş ATƏT-in keçmiş Minsk qrupunu, Həmsədrlik İnstitutunu yenidən bərpa etmək istəyirlər. Qeyd etmək lazımdır ki, ATƏT-in keçmiş Minsk qrupu üzərinə düşən missiyanı yerinə yetirmədiyindən ləğv olunub. ATƏT-in keçmiş Minsk qrupu öz üzərinə düşən missiyanı vaxtında yerinə yetirsəydi əlbəttə ki, Azərbaycan torpaqları dinc yolla işğaldan azad olunardı. Amma o zaman ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri yalnız köhnə status kvonu saxlamağa çalışırdılar. Çalışırdılar ki, danışıqlar prosesi davam etsin və sadəcə bəyanatlar verməklə kifayətlənirdilər. Eyni zamanda danışıqlar prosesinin uzun çəkməsi və Azərbaycanın işğal siyasəti ilə barışması üçün çalışırdılar. Amma 2020-ci ildə artıq Azərbaycanın səbir kasası doldu. Ermənistanın genişmiqyaslı təxribatına 27 sentyabrda Silahlı Qüvvələrimiz tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə cavab verildi və Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu gün hər hansı bir qrupun bərpası mümkün deyil. Buna ilk növbədə Azərbaycan - güclü, qalib və çox möhkəm siyasi iradə nümayiş etdirən tərəf kimi heç vaxt razı ola bilməz. Bu qrupu canlandırmağa çalışan bəzi Qərb dairələri də bilməlidir ki, ATƏT-in keçmiş Minsk qrupu heç vaxt bərpa olunmayacaq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması prosesi istiqamətində işlər aparılır və bu müəyyən vasitəçi dairələrin iştirakı ilə həyata keçirilir. Bir daha qeyd etməliyik ki, ATƏT-in keçmiş  Minsk qrupunun həmsədrlik institutu heç vaxt bərpa olunmayacaq, çünki o, öz missiyasını yerinə yetirmədən fəaliyyəti dayandırılmışdır".

Röya RÜSTƏMLİ,

"Respublika".