Otuz illik həsrətin sonu: Ağalı kənd sakinləri doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar
Sosial həyat

Otuz illik həsrətin sonu: Ağalı kənd sakinləri doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar

Xəbər verdiyimiz kimi, iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa - Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq. Otuz il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimizin gözlədikləri bu tarixi gündən bizi cəmi bir neçə saat ayırır. İşğaldan azad olunan ərazilərə Böyük Qayıdış Zəngilan rayonunun Ağalı kəndinə on ailənin köçürülməsi ilə başlayacaq.

AZƏRTAC-ın çəkiliş qrupu illərdir doğma evlərinə geri dönmək ümidi ilə yaşayan zəngilanlı ailələrin məskunlaşdıqları yataqxanalardan birində məskunlaşmış, hazırda köç üçün son hazırlıq işləri görən ailələrdən birinə qonaq olub. Yataqxanada uşaqdan-böyüyə hər kəsin simasında doğma yurda qayıtmaq sevinci hiss olunurdu.

Həyətə daxil olarkən artıq sakinlərin köç hazırlıqlarının şahidi oluruq. Yataqxananın girəcəyində əyləşən nənənin "Allaha çox şükür, bu günü görməyi mənə nəsib etdi" sözlərindən sonra pilləkənlə insanların gülüş səsinin gəldiyi tərəfə yollandıq. "Ay qonşular, o gün olsun, tezliklə siz də doğma el-obanıza qayıdasınız", - sözlərini eşidən kimi ikinci mərtəbədə ayaq saxladıq.

Ailəsi ilə birlikdə köç hazırlıqları edən Minə Mirzəyeva gözləri dolmuş halda danışmağa başladı: "Biz 30 illik həsrətdən sonra yurdumuza qayıdırıq. Buna görə sevincimizin həddi-hüdudu yoxdur. Ağalıdan çıxarkən övladlarımın birinin 4, digərinin 6 yaşı var idi. Bu gün isə nəvələrim həmin yaşdadırlar. Onlar ata-baba yurdlarında böyüyəcəklər. Allah Prezidentimiz İlham Əliyevə cansağlığı versin. Tez bir zamanda kəndimizi bərpa etdi".

Əşyaların cəmləşdiyi yük avtomobilinə tərəf yollanan Zəngilan sakini Sahil Mahmudov da ayaq saxlayıb sevinc hisslərini bizimlə bölüşdü: "Şükürlər olsun ki 30 ildir gözlədiyimiz günü yaşamaq qismət oldu. Həyat yoldaşım, anam və iki uşağımla birlikdə sabah səhər doğma Zəngilana yollanacağıq".

Balaca oğlanın velosipedini də yerləşdirdikdən sonra yük maşınının qapısı bağlandı və sabah sakinlərin hər biri üçün ayrılan evlərə yollanmağa hazır vəziyyətə gətirildi.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Kənddə sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait var. Ağalı kəndində "Ağıllı kənd" konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.

AZƏRTAC