Ombudsmanın regional mərkəzləri silsilə tədbirlər keçirib
Digər xəbərlər

Ombudsmanın regional mərkəzləri silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tədbirlər planı” əsasında Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə tədbirlər keçirilib. Bu tədbirlərin təşkilində əsas məqsəd hazırda cəmiyyətdə aktual olan bu problemlə bağlı maarifləndirmənin genişləndirilməsidir.

Ombudsmanın Gəncə Regional Mərkəzi Qazax, Yevlax, Tovuz, Gəncə, Samux rayonlarında yerləşən idarə və müəssisələrlə birgə tələbə və gənclərin iştirakı ilə, Cəlilabad Regional Mərkəzi Astara, Cəlilabad, Lerik, Biləsuvar rayonlarının mədəniyyət və təhsil müəssisələri ilə birgə, Şəki Regional Mərkəzi tərəfindən Şəki, Oğuz, Qəbələ, Mingəçevir şəhər və rayonlarında fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, habelə gənclərin iştirakı ilə  maarifləndirici videokonfranslar keçirilib.

Quba Regional Mərkəzi  Quba və Siyəzən rayonlarının idarə və müəssisələri ilə birgə  tədbirlər keçirib.

“Narkomaniya bəşəriyyət üçün bəladır”; “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək”, “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın  təminatıdır” və digər mövzulara həsr olunan tədbirlərdə qeyd olunub ki, son dövrlər ölkəmizdə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı narahatlıq doğuran xəbərlərin artması gənclər arasında bu mövzuda geniş maarifləndirmə tədbirlərinin aparılmasını zəruri edir. Vurğulanıb ki, Ombudsman təsisatı da narkomaniya ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində zəruri addımlar atır. İştirakçılara ölkəmizdə bu sahədə qəbul edilmiş normativ-hüquqi aktlar, həyata keçirilən mübarizə tədbirləri və bu zərərli vərdişin səbəb olduğu mənfi nəticələr barədə geniş məlumat verilib.

Mətbuat xidməti.