Ölkəmizin beynəlxalq səviyyədə iqtisadi əməkdaşlığı genişlənir
İQTİSADİYYAT

Ölkəmizin beynəlxalq səviyyədə iqtisadi əməkdaşlığı genişlənir

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bu istiqamətdə fəallıq nümayiş etdirir

Bu ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri bir çox aspektdən xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı Daşkənddə Heydər Əliyev meydanının açılması, 20-dək sənədin imzalanması, Özbəkistan Prezidentinin Azərbaycan və ulu öndər Heydər Əliyev haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyətini göstərdi. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"də də iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi, əməkdaşlıq üçün yeni imkanlar yaradılması və s. məsələlər əks olunur.

Bu yaxınlarda Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iştirakı iki ölkə arasında əlaqələrin gələcək perspektivindən xəbər verir...

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Təşkilatın hazırkı baş katibi Çjan Mindir.

Hindistan və Pakistan isə təşkilata sonradan qoşulub. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka dialoq üzrə tərəfdaşdırlar.

Şanxay Əməkdaşlıq Təşkilatının məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

2015-ci il iyulun 10-da ŞƏT üzv dövlətlərinin başçıları şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmiş, iyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir.

Bundan sonra sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmiş, 2015-ci il sentyabrın 16-da Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat nazirinin müavini iştirak etmişdir. 2016-cı il martın 14-də Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum" imzalanıb. Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması istiqamətində iş görülür.

Bu il sentyabrın 15-i və 16-da keçirilən ŞƏT-in növbəti Sammiti də maraqlı məqamlarla yadda qaldı. Görüş zamanı təşkilata üzv dövlətlərin başçıları bir sıra sənədlər imzalayıb.

Sammitin ən maraqlı məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçı dövlətlərin başçıları ilə keçirdiyi görüşlərdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısını salamladıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin iyunda Özbəkistana dövlət səfərini xatırladaraq səfər zamanı müəyyənləşdirilən istiqamətlər üzrə işlərin uğurla davam etdirildiyini, hökumətlərarası komissiyanın fəaliyyətinin təşkil olunduğunu, verilmiş tapşırıqların yerinə yetirildiyini vurğuladı. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin də davam etdirildiyini, Azərbaycan Milli Məclisinin sədrinin bu yaxınlarda Özbəkistana səfərinin, parlamentlərimiz arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində ilk dəfə iştirak üçün dəvətə görə Prezident Şavkat Mirziyoyevə təşəkkürünü bildirdi. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusuna sahib olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunduğunu xüsusi vurğuladı və uğurlu sədrlik münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik etdi.

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirdi. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı mədəniyyət xadimlərimizin də qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi.

Həmin gün Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdü. Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirdi. Ölkə liderləri Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqlarını bir daha qeyd etdilər. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Çinpinlə görüşündə Çinin dövlət başçısı Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik edərək bildirdi ki, Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir: "Sizin Azərbaycanla Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik", - deyə Si Çinpin qeyd etdi.

Prezident İlham Əliyev Orta dəhliz, "Bir kəmər, bir yol" layihələri çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğuladı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərində iştirak etmək üçün Çin şirkətlərinin müraciətini dəstəklədiyini bildirdi. Dövlət başçıları sonda əlaqələrimizin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirdilər.

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Görüşdə iki ölkə lideri ikitərəfli münasibətlərdən, ölkələrarası əlaqələrin inkişaf perspektivlərindən danışıb, Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı müzakirələr aparıblar. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya prezidentinə minnətdarlıq edib.

Bu gün dünya mizanında dövlətlərin birgə əməkdaşlığına həmişəkindən daha çox ehtiyac var. Azərbaycan beynəlxalq səviyyəli təşkilatlarda üzv ölkələrlə əlaqələrin qurulmasına üstünlük verir. Ölkələr belə toplantılarda ümumi nöqtələri tapmağa çalışır, mövcud problemlərin həlli yollarını birgə axtarırlar. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti də əlverişli platforma sayılır.

Zümrüd QURBANQIZI,

 "Respublika".