Nur şəhəri Mingəçevir
Digər xəbərlər

Nur şəhəri Mingəçevir

Ölkəmizdə ictimai-siyasi proseslərlə paralel iqtisadi inkişaf baxımından da böyük yeniliklər və uğurlar var. Bu gün Azərbaycanın dünyada siyasi mövqeyi gücləndiyi kimi, iqtisadi inkişafı da yüksələn xətlə davam edir. Ölkənin hər tərəfində, xüsusilə də bölgələrdə kənd təsərrüfatı ilə yanaşı, sosial-iqtisadi sahədə də mühüm işlər görülür. Tikinti-abadlıq işləri, infrastruktur dəyişiklikləri, yeni iş yerlərinin açılması bölgə əhalisinin rifah halının yaxşılaşmasına və məşğulluq səviyyəsinin artmasına xidmət edir. Şəhər və rayonlarımızda yeni fabriklər, zavodlar inşa olunur,  genişmiqyaslı yenidənqurma işləri aparılır, daha effektli infrastruktur layihələri reallaşdırılır. Əhalinin güzəranının yaxşılaşdırılması  və işsizlik probleminin də həll edilməsi insanların həyatında mühüm rol oynayır.

İşıqlı gələcəyə qədəm qoyan şəhərlərimizdən biri də Mingəçevirdir. Azərbaycanın işıq, nur mənbəyi olan bu şəhər yeni inkişaf mərhələsinə qədəm qoyub. Kürün sahilində yerləşən Mingəçevir nəinki Azərbaycanın, bütün Qafqazın enerji mərkəzinə çevrilmişdir. Ölkənin dördüncü sənaye şəhəri olan  Mingəçevirdə elektroenergetika, elektrotexnika, maşınqayırma, kimya, yüngül və yeyinti sənaye sahələri uğurla inkişaf etdirilir. Şəhərdə iki böyük elektrik enerjisi stansiyası ilə yanaşı, 40-a yaxın sənaye müəssisəsi də fəaliyyət göstərir. Hələ 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən Mingəçevir Sənaye Parkının təməli qoyulmuşdur.

Fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Qeyd olunmuşdur ki, 1280 meqavat gücündə nəzərdə tutulan elektrik stansiyası Mingəçevir şəhərində qurulacaq. Ölkənin enerji potensialını gücləndirəcək stansiyanın açılışı 2025-ci ildə nəzərdə tutulur. Hələ 1976-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Mingəçevir şəhərində böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Stansiyanın birinci bloku 1981-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmışdır. Ölkəmizin elektrik enerjisinə olan tələbatının böyük hissəsini ödəyən bu stansiyanın zaman keçdikcə yenidən qurulmasına ehtiyac yaranmışdır. 2018-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə stansiyanın tamamilə yenidən  qurulması prosesi başlamışdır. Görülən işlər nəticəsində artıq 8 blok tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. 2020-ci ildən stansiya 2400 meqavat generasiya gücü ilə işləməyə başlamışdır. Bu gün Mingəçevir 1300 meqavat gücə malik  elektroenergetika şəhəri kimi yeni dövrünü yaşayır. Yeni tikiləcək stansiyanın ətraf mühitin mühafizəsi və qorunması prosesinə də faydası olacaq. Belə ki, yeni stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq.

Ümumi dəyəri 400 milyon dollara qədər olan Mingəçevir İstilik Elektrik Stansiyası Azərbaycanın öz daxili resursları hesabına inşa olunacaq. Tikinti işləri isə xarici şirkətlərlə - İtaliya və Çin şirkətləri ilə birgə həyata keçiriləcək. Onu da qeyd edək ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib istifadəyə verilmişdir. Yeni təməli qoyulan Mingəçevir İstilik Elektrik Stansiyası Azərbaycanın enerji potensialını daha da artıracaq. Əldə olunan enerjiyə isə  tək Azərbaycanda deyil, Avropa ölkələrində də böyük ehtiyac var.

Ramidə YAQUBQIZI,

"Respublika".