Misir mətbuatı Azərbaycanın Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar məqalələr yayıb
Digər xəbərlər

Misir mətbuatı Azərbaycanın Vətən müharibəsinin başlanmasının birinci ildönümü ilə əlaqədar məqalələr yayıb

Azərbaycanın 44 günlük Vətən müharibəsi və şəhidlərimizin xatirəsini Anım Günü ilə əlaqədar Misir mətbuatında məqalələr dərc olunmaqdadır.

AZƏRTAC xəbər verir ki, Misirin "Əl Ğad", "Əl Diplomasi", "Yeni dünya xəbərləri" kimi mətbu orqanlarında Azərbaycanın bu ölkədəki səfirliyinin təqdim etdiyi materiallar əsasında "Qarabağ: Dəmir yumruğun döyüşü" sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, 30 ilə yaxın müddətdə "dondurulmuş" münaqişə adlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin davam etdiyi günlərin birində - ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı, dinc əhaliyə hücumu Azərbaycan Ordusunu beynəlxalq hüquq normalarına uyğun olaraq qətiyyətli tədbirlər görməyə məcbur etdi. Düşmənin təxribatına qarşı aparılan genişmiqyaslı hərbi əməliyyatlar İkinci Qarabağ müharibəsinin başlanması demək idi. Azərbaycan tərəfi özünümüdafiə prinsipindən çıxış edərək və öz yaşayış məntəqələrində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma başladı.

Yazıda diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi beynəlxalq hüquq normalarının, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarının və ona əlavə edilmiş protokolların, işğalçı silahlı qüvvələrin əraziləri dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması idi. Əlbəttə Azərbaycan tərəfi öz ərazilərini azad etmək üçün müharibəyə hazırlaşdığını heç vaxt gizlətmirdi, lakin problemin sülh yolu ilə həllinə çalışırdı. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi və son illər artan hərbi təxribatları bu ehtimalı heçə endirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı fikirlərinin sitat gətirildiyi məqalədə qeyd olunur ki, münaqişənin həllində vasitəçi rolunu oynamış ATƏT-in Minsk qrupu problemin nizama salınmasının hərbi yolu olmadığını iddia edirdi. Lakin 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. Hətta bəziləri düşünürdülər ki, Azərbaycan xalqı bu vəziyyətə daha 30 il dözəcək. Torpaqların işğal altında saxlanması Azərbaycana qarşı təzyiq vasitəsi idi. Bəzi dairələr bu reallıqla barışmağı təlqin edirdilər. Məqalədə Azərbaycanın dövlət başçısından gətirilən sitatda deyilir: "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik".

AZƏRTAC