Milli mətbuatımız yeni islahatlar mərhələsində
Digər xəbərlər

Milli mətbuatımız yeni islahatlar mərhələsində

Azərbaycanda müasir informasiya texnologiyalarının inkişafı, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. İKT sektoru özündə telekommunikasiya, tele və radiotranslyasiya, kompüter aparat vasitələri və proqram təminatı, kompüter xidmətləri və informasiyanın elektron vasitələri kimi müxtəlif seqmentləri birləşdirir. Qloballaşan, daim irəliyə, yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək qeyri-mümkündür. Bütün bunların fonunda müasir media informasiya təminatı şəraitində çap mediasına münasibətin dəyişməsi də çox təbiidir.

Azərbaycan mətbuatı da böyük inkişaf yolu keçib, onun öz ənənələri var. 70 ilə yaxın bir dövrdə sovet ideologiyasının şərtləri, tələbləri əsasında fəaliyyət göstərən mətbuatımız hər cür qadağa və basqılara baxmayaraq, özünün milli ruhunu qoruyub saxlaya bilmişdi. Sovet dövründə Azərbaycanda nəşr olunan çap mətbuatı demək olar ki, İttifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Ulu öndərin respublikaya rəhbərliyinin bütün dövrlərində mətbuatımız dövlət qayğısı ilə əhatə olunurdu. Qəbul edilən sənədlər mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət edir, mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açırdı.

Bu ənənə ölkə başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülən Prezidentin: “Çağdaş zəmanəmizdə milli mətbuatımızın üzərinə daha böyük vəzifələr düşür və biz əminik ki, onun müsbət və mənfi tərəflərinə baxmayaraq, mətbuatımız daha da inkişaf edəcəkdir” - sözləri əslində bir fəaliyyət proqramıdır. Və bu gün Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi tədbirlərin əsasında da bu dayanır.

Son illərdə respublikamızda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və onun genişmiqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının da yeniləşdirilməsinə zəmin yaradır. 2015-ci ildə milli mətbuatımızın 140 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısının söylədiyi fikirlər medianın inkişafına yeni münasibətləri bir daha ortaya qoyur: “Gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır, çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq, ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq”.

Dünyada geniş islahatlar ölkəsi kimi tanınan Azərbaycanda bu gün mətbuatımız da bu prosesdən geri qalmır. Təbii ki, MEDİA Agentliyinin yaradılması da media sahəsində həyata keçirilən islahatların tərkib hissəsidir.

Bu gün informasiya və kommunikasiya texnologiyaları Azərbaycanda özünə geniş yer tutur, internet ölkəmizdə dinamik inkişaf edir, yeni texnologiyalarla məşğul olan təşkilatların sayı günbəgün artır, kifayət qədər internet resursu var. Amma bir sıra ciddi nöqsanlar da yox deyil. Şəbəkənin abbreviaturası ilə bağlı problemlər, yüksək səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin edilməməsi, konkret bir problemə həsr olunmuş saytlarla yanaşı, çox formal, müasir tələblərə cavab verməyən, həmçinin ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli çoxsaylı müxtəlifdilli saytlar da mövcuddur.

Azərbaycan mətbuatı islahatların tərkib hissəsi kimi məhz bu hallara qarşı mübarizə aparmalıdır. Özü də köhnədən tam imtina etmək yox, onun müsbət, mütərəqqi cəhətlərinə əsaslanaraq yeniliyə nail olmaq şərtilə.

Bir zamanlar kitaba göstərilən ögey münasibətin nə qədər yanlış olduğunu artıq biz görürük. Bütün zamanlarda, elə indi də kitab ən etibarlı informasiya mənbəyi olaraq qalır. Bu mənada informasiya mənbələrinin bolluğu ilə xarakterizə olunan XXI əsrin çağırışlarının müasir dünya informasiya məkanında müxtəlif media seqmentlərinin zəif və üstün cəhətlərinin üzə çıxarılmasına, müsbət cəhətlərin inkişaf etdirilməsinə imkan yaradacağına inam çoxdur.

Ənənəvi çap mediası da inkişaf etməli və dövrün çağırışları ilə səslənməlidir. Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminarların əhəmiyyəti bu mənada böyükdür. Müxtəlif media qurumlarının, xarici ölkə mütəxəssislərinin qatıldığı treninqlər, burada aparılan fikir mübadilələri, “Media haqqında” yeni qanun layihəsinin müzakirəsi və s. MEDİA Agentliyinin yeni fəaliyyət modelinin nümayişi kimi də dəyərləndirilməlidir. Məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

Unutmamalıyıq ki, bugünün prizmasında informasiya mənbəyi adlandırılan media özünün həm də təbliğat və təşviqat vasitəsi funksiyasını da qoruyub saxlayır.

Zümrüd QURBANQIZI,

“Respublika”.