Mərdlik və şücaət nümunəsi
Sosial həyat

Mərdlik və şücaət nümunəsi

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə Daşkəsən rayonundan  qəhrəmancasına şəhid olan  əsgər Bağırov Elnur Sahib oğlunun və əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun Şəhidlər Xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül-çiçək düzülüb, dualar oxunub. Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov şəhidlərin ailələrinə rayon İcra hakimiyyəti adından bir daha başsağlığı verərək, onlara uca Allahdan səbir diləyib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətindən, həmçinin şəhidlərin şərəfli həyat və döyüş yolundan ətraflı söz açıb.

Daşkəsən rayonunun Xoşbulaq kəndində Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub. Açılış lentini RİHB-nin müavini Namiq Süleymanovla Şəhidin valideynləri kəsiblər. Şəhid Elnur Bağırovun anası Çiçək Bağırova, şəhid Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva övladlarından qürur duyduqlarını, təki vətən sağ olsun - söylədilər. Və  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,  Vətən müharibəsi şəhidi əsgər Bağırov Elnur Sahib oğlu 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. O, ixtisasca hərbçi, peşəkar snayperçi olub. Elnur Bağırov Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Elnur Bağırov Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə şəhid Elnur Bağırov "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi əsgər Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Məhəmməd Abdullayev Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. Məhəmməd Abdullayev Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, 2020-ci il dekabrın 6-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Zabit XƏLİLOV,

"Respublika".