Məqsəd turizmi inkişaf etdirməkdir
İQTİSADİYYAT

Məqsəd turizmi inkişaf etdirməkdir

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 15 dağ-piyada marşrutu hazırlanıb ki, 20-yə yaxın tur agentliyi arasında aparılan sorğuya əsasən məlum oldu ki, turistlər bizdən daha çox ekoturizm məhsulu istəyirlər. Dünya təcrübəsi göstərir ki, ekoturizmdə ən uğurlu model Alp dağ nişanlama sistemidir. Bunu Gürcüstan da həyata keçirir. Artıq Quba-Qusar, Şəki-Qax-Zaqatala və Tovuz-Gədəbəy-Daşkəsən ərazisinin hər birində 5 ədəd belə turizm məhsulu var. Burada məqsəd təkcə dağa qalxmaq deyil, eyni zamanda dağ kəndlərində də turizmi inkişaf etdirməkdir.

Bu layihəni bir az da genişləndirmək planlaşdırılır. 2021-ci ilin sonu və 2022-ci ilin əvvəllərində Talış dağlarına da eyni cür layihə təqdim ediləcək. Uzunmüddətli perspektivlə Naxçıvanda da bu reallaşdırılacaq.

2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan digər bir layihə isə Transqafqazdır. Bu layihə Azərbaycanla Gürcüstanı birləşdirəcək. Zaqatalaya qədər olan marşrutu Balakənə qədər çatdırıb, Gürcüstanla birləşdirmək nəzərdə tutulur.

Bəybala BƏYBALAYEV,

“Respublika”.