Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınmasında ordumuz yeni bir zəfərə imza atdı. Namərd düşmənin hücumlarını peşəkarlıqla dəf edərək üçrəngli bayrağımız yeni strateji əhəmiyyətli yüksəkliklərdə, daha uca zirvələrdə dalğalanmağa başladı. Bu yolda şəhidlərimiz və yaralılarımız da oldu. Yaralanan hərbçilər sırasında İmişli hərbçiləri də var.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası İmişli YAP rayon təşkilatının sədri Səfa Ağayev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan, hospitalda müalicə alan hərbi qulluqçular rayonun Xubyarlı kənd sakini mayor Təhməzov Elşad Fəxrəddin oğlunun və Məzrəli kənd sakini, gizir Xəlilov Süleyman Havasət oğlunun ailəsinə baş çəkib yaralıların səhhəti ilə maraqlanıb. İcra başçısı E.Rzayev valideynlərə, ailə üzvlərinə minnətdarlıq edib, yaralananlara Allahdan şəfa dilədi. Vətənə igid, qəhrəman oğullar bəxş etdiklərinə görə onlara təşəkkürünü, ehtiramını bildirdi.
Ziyarət zamanı Elşad Təhməzovun və Süleyman Xəlilovun keçdikləri döyüş yolundan danışılıb. Mayor E.Təhməzov Vətən müharibəsində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Elşad Fəxrəddin oğlu Təhməzov “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə, həmçinin Aprel döyüşlərində iştirakına görə “Şücaətə görə” medalı ilə də təltif olunub.
S.Xəlilov da Vətən müharibəsi iştirakçısıdır. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Süleyman Havasət oğlu Təhməzov “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Hərbçilərimizin ailələri aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər. Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ərəstun ABDULOV,
“Respublika”.