FHN: Şüvəlan qəsəbəsində hərbi sursat aşkarlanıb
Digər xəbərlər

FHN: Şüvəlan qəsəbəsində hərbi sursat aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xəzər rayonunun Şüvəlan qəsəbəsində hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib. İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə yaxınlıqdakı insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırılıb və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb. Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı RQO əl qumbarası, UZRQM-2 partladıcısı, müxtəlif çaplı 102 patron və istifadəyə yararsız avtomat darağı olduğu müəyyənləşdirilib.

Həmin sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AZƏRTAC