Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesi ilə bağlı hesabatın təqdimatı olub
Digər xəbərlər

Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəmə prosesi ilə bağlı hesabatın təqdimatı olub

Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə bu il iyunun 2-dən avqustun 2-dək keçirilmiş cinayət işi üzrə məhkəmə prosesinin müşahidəsinin yekun hesabatının avqustun 24-də media nümayəndələri üçün təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimatı hesabatın müəllifi, hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər.

Tədbirdə bildirilib ki, məhkəmə prosesi zamanı Lüdvik Mkrtiçyanın və Alyoşa Xosrovyanın azərbaycanlılara qarşı müharibə cinayətləri törətmələri tam sübuta yetirilib.

Qeyd olunub ki, məhkəmə müşahidəsi “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşəbbüsü ilə aparılıb. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə görə hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

İctimaiyyətə açıq və şəffaf şəkildə, beynəlxalq standartlara uyğun keçirilmiş məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş cəmiyyəti qurumlarının, Ombudsman təsisatının təmsilçiləri, media və QHT nümayəndələri iştirak ediblər.

Müşahidənin məqsədi məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə və açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək idi.

Beynəlxalq humanitar hüquq və insan hüquqları prinsiplərinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyənləşdirilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən, yaxud ərazilərində törədildiyi iddia olunan hərbi cinayətləri araşdırmalı və cinayətləri törətməkdə təqsirlı bilinən şəxsləri mühakimə etməlidir. Əsirlər hərbi əməliyyatlarda yalnız iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməsələr də (Üçüncü Cenevrə Konvensiyasına görə), onları həbs edən ölkə həmin şəxsləri mümkün müharibə cinayətlərinə görə mühakimə edə bilər.

Vurğulanıb ki, müşahidəçilər məhkəmə prosesinin Cenevrə konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası, mülki və siyasi hüquqlar haqqında paktla müqayisəli təhlilini aparıblar. Belə qənaətə gəlinib ki, proses zamanı ədalətli məhkəmə araşdırmasının beynəlxalq standartlar əsasında aparılması tam təmin olunub. Belə ki, məhkəmənin müstəqilliyi və qərəzsizliyi, tərəflərin bərabərliyi, legitim hərbi məhkəmə (Bakı Hərbi Məhkəməsi), bərabər ittiham və müdafiə tərəfi, məhkəmə çəkişməsi prinsipləri, təqsirləndirilən şəxslərə, zərərçəkmişlərə işin mahiyyəti və səbəbləri barədə dolğun məlumatın verilməsi, onlara hüquq və vəzifələrinin izah olunması, təqsirləndirilən şəxslərin tərcüməçi ilə, eləcə də müdafiə tərəfinin vəsatətlərinin təmini, təqsirləndirilənlərin məhkəmə zalında azad şəkildə iştirakının təmin olunması, məhkəmənin açıq keçirilməsi prinsipi və ictimaiyyətin nümayəndələrinin iştirakı məsələləri yüksək səviyyədə təmin edilib.

“İki ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən şəxs kimi deyə bilərəm ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar: Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tamamilə beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcək”, - deyə Ramil İsgəndərli bildirib.

Sonra Ombudsman Aparatının nümayəndəsi Vüqar Heydərov, eləcə də QHT təmsilçiləri Cəsarət Hüseynzadə və Əvəz Həsənov məhkəmə iclaslarında insan hüquqlarının təmin olunduğu, prosesin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə, açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıblar.

Sonda “Hüquqi Təhlil və Araşdırmalar”

İctimai Birliyinin bu cinayət işi üzrə məhkəmə prosesində aparılmış müşahidələrlə bağlı yekun hesabatı bir sıra beynəlxalq təşkilatlara təqdim edəcəyi qeyd olunub.

AZƏRTAC