Ege Universitetinin tədqiqatçıları ermənilərin Şuşada həyata keçirdikləri vandalizmlə bağlı toplu hazırlayacaqlar
Digər xəbərlər

Ege Universitetinin tədqiqatçıları ermənilərin Şuşada həyata keçirdikləri vandalizmlə bağlı toplu hazırlayacaqlar

Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu ermənilərin Şuşa şəhərində tarixi-mədəni abidələrimizə qarşı vandalizmi barədə toplu hazırlayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Nadim Macitin və institutun əməkdaşları Vəfa Qurbanın, Aygül Uçarın, Rüçhan Buburun daxil olduğu tədqiqat qrupu oktyabrın 25-də Şuşa şəhərinə səfər edib. Şəhərin müxtəlif ərazilərində çəkilişlər edən qonaqlara Şuşanın tarixi, memarlıq abidələri, 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması və 2020-ci ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başlanılması barədə məlumat verilib.

Əvvəlcə Şuşanın mərkəzi meydanında görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan və Xalq artisti Bülbülün güllələnmiş heykəllərini ziyarət edən tədqiqatçılara bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib. Bildirilib ki, ermənilər tuncdan hazırlanmış heykəllərdən gəlir əldə etmək məqsədilə onları əvvəlcə İrəvana, sonra da Gürcüstana aparıblar. Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri görüblər. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər satın alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Qala divarları ilə tanışlıq zamanı bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra tədqiqat qrupu Şuşa şəhərindəki qədim məhəllələrdə, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb. Şuşa şəhərindəki tarixi binalar, o cümlədən Azərbaycan mədəniyyətində və tarixində görkəmli yer tutmuş şəxslərin evləri də ermənilər tərəfindən dağıdılıb. Qonaqlar görkəmli musiqiçi Sadıqcanın evi, XVIII əsrə aid Şirin su hamamı, XIX əsrə aid karvansara və digər tarixi-mədəni abidələrlə tanış olublar.

Türk Dünyası Araşdırmaları İnstitutunun müdiri Nadim Macit AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: "Şuşadakı tarixi mədəniyyət abidələrinin erməni vandalizminə məruz qalması ilə bağlı məlumatlarımız vardı. Bunu yerində görmək istədik. Burada bir xalqın mədəniyyətinə təcavüz edildiyinin şahidi olduq. Beynəlxalq hüquqda müharibənin də qaydaları var. Xocalıda qadınların, uşaqların öldürülməsi, Şuşada məscidlərin, tarixi abidələrin dağıdılması cinayətdir, vandalizmdir. Biz ermənilərin Şuşada həyata keçirdikləri bu vandalizm aktlarını araşdırıb toplayacaq və ingilis dilində toplu hazırlayıb bütün dünyaya yayacağıq".

Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Sosial iqtisadi və siyasi əlaqələr kafedrasının professoru Vefa Kurban deyib: "Türk Dünyası Araşdırmaları İnstitutu "Şuşa - erməni işğalından əvvəl və erməni işğalından sonra" adlı layihəyə başlayıb. Bu layihə üç mərhələdən ibarətdir. Birinci mərhələ Şuşadakı təxminən 200-ə yaxın tarixi abidənin arxiv görüntülərini əldə etdik. İkinci mərhələdə məqsəd bu tarixi binaları yerində araşdırmaq və dəymiş ziyanı ortaya çıxarmaqdır. Biz hazırda Şuşada bu mərhələni həyata keçiririk. Gördüklərimiz dəhşətlidir. Burada tarixi abidələrə qarşı vandalizm həyata keçirilib. Üçüncü mərhələdə isə əldə etdiyimiz məlumatlar, erməni vandalizmi dünyaya çatdırılacaq. Bunun üçün ingilis dilində kitab çap ediləcək".

Türk Dünyası Araşdırmaları İnstitutu Türk sənəti kafedrasının əməkdaşı Aygül Uçar isə bildirib ki, layihənin məqsədlərindən biri də işğalın tarixi abidələri təsirini öyrənməkdir. "Şuşadakı abidələrin işğaldan əvvəlki fotolarını görmüşdük. Burada gördüklərimizdən sarsıldıq. Bura ruhlar şəhərinə çevrilib. Əminəm ki, tezliklə hər şey əvvəlki kimi olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, təhqiqat qrupunun koordinatoru Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban, layihənin tərəfdaşları Azərbaycanın Türkiyədəki səfirliyi və Ege Universitetidir. Layihəyə Tural Grup/İzmir şirkəti dəstək verir.

AZƏRTAC