Dünyaşöhrətli bəstəkar - Qara Qarayev
Tarixi şəxsiyyətlər

Dünyaşöhrətli bəstəkar - Qara Qarayev

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Qara Qarayevdir. O, 1918-ci il fevral ayının 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundovanın ailəsində dünyaya gəlmişdir. Atası Əməkdar elm xadimi, tanınmış uşaq həkimi olmuşdur. Anası Sona xanım "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmiş, fortepiano ifaçılığı təhsilinə də yiyələnmişdir.

1926-cı ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul olunmuşdur. 1930-cu ildə isə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxumuşdur. Qara Qarayev təhsil aldığı müddətdə Azərbaycanın böyük bəstəkarı, professor Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsasları üzrə dərs almışdır. Onun həyat və yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Qara Qarayev müəlliminə bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonuna kimi hörmət və ehtiramla xatırlamışdır.

Bəstəkar 1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alan bəstəkar Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Q.Qarayev 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə bəstəkar birinci simfoniyasını yazmışdır. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. İki il sonra, 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir. Qara Qarayev hələ tələbə olarkən özünü istedadlı və yaradıcı gənc kimi sevdirmişdir. Onun Şostakoviçlə olan möhkəm dostluq münasibətləri ömrünün sonuna kimi davam etmişdir. Bu dostluq bəstəkarın yaradıcılığına da öz müsbət təsirini göstərmişdir. Q.Qarayev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir. 1950-1953-cü illər ərzində isə bu musiqi ocağının rektoru vəzifəsində çalışmışdır.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən ikinci süitanın ifası ilə bağlı Los-Ancelesdə l beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur. Bəstəkar bu əsərini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr etmişdir. Fransız yazıçı Anri Barbüsün əsəri əsasında yazdığı "Zəriflik" monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romanslarının, "Könül mahnısı", "Səadət mahnısı" kantatalarının müəllifidir. Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misirdə səfərdə olmuşdur. 1963-cü ildə isə daha bir möhtəşəm əsəri, "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulmuşdur. Elə həmin il Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1969-cu ildə "Yeddi gözəl" baletinin və "Leyli və Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəsənət ustaları arasında Yaponiyaya səfər etmiş və lll Simfoniyası Yaponiyada səslənmişdir. Bəstəkar müxtəlif illərdə bir çox məqalə və çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq ilə Qərbin sintezi, vəhdəti haqqında mükəmməl fikirlər söyləmişdir. O, bu sintezi Şərq və Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin, yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görmüşdür. O, həmçinin Azərbaycan musiqisi üçün yeni olan müzikl janırına da müraciət etmiş, fransız dramaturqu E.Rostanın "Sirano de Brejerak" komediyası əsasında "Çılğın qaskoniyalı" müziklini yazmışdır.

Qara Qarayevin yaradıcılığının əsas mövzularından biri də Vətən mövzusu idi. Cövdət Hacıyevlə yazdığı "Vətən" operası, "Ürək mahnısı" kantatası, "Bizim partiya", "Səadət mahnısı", "Azərbaycan" süitası belə əsərlərdəndir. O, istedadlı bəstəkar olmaqla bərabər, həm də zəngin dünyagörüşünə, ensiklopedik biliyə sahib alim idi. Dünya musiqi elminin son uğurlarını dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Onun yaradıcılığında xüsusi yer tutan məqamlardan biri də kino musiqisi sahəsidir. Kinonu xarakter etibarı ilə böyük müasir bəstəkarlıq məktəbi adlandıran bəstəkar bu janrda da olduqca məhsuldar işləmişdir. "Leyli və Məcnun", "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Qızıl eşalon", "Xəzər neftçiləri haqqında povest", "Antonio və Kleopatra" və digər tamaşalara yazdığı musiqilər yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayevin saysız-hesabsız yetirmələri, tələbələri olmuş, onlar yüksək professionallığı, individuallığı və özünəməxsusluğu ilə seçilmişlər. Onun fotoqrafiya sənətinə də böyük marağı var idi, müxtəlif markalı fotoaparatları alar və boş vaxtlarında xaricə səfərləri zamanı maraqlı şəkilləri lentə alarmış. Bəstəkar 1982-ci il may ayının 13-də Moskva şəhərində vəfat etmişdir. Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".