DTX-nin hərbi hospitalında beynəlxalq elmi konfrans keçirilib
Digər xəbərlər

DTX-nin hərbi hospitalında beynəlxalq elmi konfrans keçirilib

Martın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin hərbi hospitalında "SARS-CoV-2 (COVID-19) kompleks diaqnostikasına müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, bu qurumun Hərbi-tibb baş idarəsinin və Dövlət Gömrük Komitəsinin Tibbi xidmət idarəsinin birgə təşkil etdiyi tədbirdə həmin tibb müəssisələrinin, həmçinin Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Azərbaycan Tibb Universitetinin əməkdaşları, Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyənin "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himni səsləndirildikdən sonra 120 nəfər müvafiq ixtisaslı həkimin əyani, 350-dən çox həkimin isə onlayn formatda qatıldığı konfransı giriş sözü ilə açan DTX-nin Hərbi-tibb baş idarəsinin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev iştirakçıları salamlayaraq konfransın əhəmiyyətindən danışıb. Ölkəmizdə səhiyyənin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan R.Əliyev bu önəmli sahədə həyata keçirilən məqsədyönlü islahatlardan və genişmiqyaslı tədbirlərdən, koronavirus infeksiyasının yayılmasının vaxtında qarşısının alınması istiqamətində atılan qabaqlayıcı addımlardan ətraflı bəhs edib.

Dövlət Gömrük Komitəsinin Tibbi xidmət idarəsinin rəisi tibb xidməti general-mayoru Ceyhun Məmmədov belə mövzuda tədbirin keçirilməsinin vacibliyinə toxunaraq, respublikamızda COVID-19 ilə mübarizə işinin səmərəli təşkili, infeksiyanın laborator diaqnostikasının düzgün və vaxtında aparılması üçün respublikamızda lazımi imkanların mövcudluğundan danışıb, konfransın təcrübə və fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma olduğunu bildirib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edərək iki il bundan öncə başlanan və indiyədək davam edən koronavirusla mübarizədə fədakar həkimlərimizin qazandıqları təcrübədən və səhiyyə sisteminin qısa zaman kəsiyində pandemiyanın yaratdığı tələblərə uyğun formalaşdırılmasından danışıblar. Çıxışlarda ölkəmizin bu sınaqdan da alnıaçıq və üzüağ çıxdığı xüsusi vurğulanıb, əhalinin vaksinasiyasının uğurla həyata keçirildiyi, səhiyyə sahəsinin mövcud maddi-texniki bazasının gündən-günə daha da təkmilləşdirildiyi diqqətə çatdırılıb.

Sonra tədbir COVID-19 pandemiyasının və onun yeni növ ştamlarının ölkələrin epidemioloji durumunda köklü dəyişikliklərə səbəb olması, insan orqanizminə təsiri və doğurduğu fəsadlar, bu infeksiyanın laborator diaqnostikası, xəstəlik müddətində edilən müayinələrin təhlili, müvafiq istiqamətdə Türkiyə təcrübəsinin öyrənilməsi və mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında iştirakçıların çıxışları və panel müzakirələrlə davam edib.

Sonda iştirakçılar konfransın önəmli töhfələr verəcəyinə əminliklərini ifadə edib, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

AZƏRTAC