Dövlət qayğısının ifadəsi
Sosial həyat

Dövlət qayğısının ifadəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocasən qəsəbəsində şəhid ailələri, müharibə əlilləri, gözdən əlilliyi olan şəxslər və dövlət uşaq müəssisələrinin məzunlarına daha 50 mənzil təqdim edilib. Mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, H.Abdullayev bildirib ki, oktyabrın 25-i Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun ötən il Vətən müharibəsində əldə etdiyi qələbələrdən biri kimi Qubadlının işğaldan azad edildiyi gündür. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan Qubadlı bu gün azaddır və azad edilmiş bütün yurd yerlərimiz kimi, orada da üçrəngli bayrağımız dalğalanır.

Nazir müavini möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra  şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini bildirib. Artıq 31 min şəxsin bu dəstək tədbirləri ilə əhatə olunduğunu deyib. O qeyd edib ki, Zəfəri bizə yaşadan qəhrəman şəhidlərimizin ailələrinə və qazilərimizə növbəti mənzillərin təqdim edilməsi dövlətimizin həm də sosial sahədə güclü, uğurlu siyasətini göstərir.

Yeni mənzillərlə təmin edilənlər Prezident İlham Əliyevin xüsusi qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Onlar yeni mənzillərlə təmin edildiklərinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Mustafa KAMAL,

“Respublika”.