COVID-19-a qarşı Müasir dövrün ən vacib çağırışı: Birlik, həmrəylik, qətiyyət
Türk dünyası

COVID-19-a qarşı Müasir dövrün ən vacib çağırışı: Birlik, həmrəylik, qətiyyət

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələr arasında, qardaşlıq və qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticarət, mədəni və hərbi əməkdaşlıq bütün türk dünyasının hədəflədiyi uğurlara birlikdə çatmasına, sahib olduqları potensialları birliyin möhkəmləndirilməsinə və eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Bu dövlətlər arasında mövcud olan ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirir.

Türkiyə–Azərbaycan arasında hər zaman dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələri olmuş, bu əlaqələrin daim inkişaf etməsi üçün hər iki tərəfdən böyük səylər göstərilmişdir. Bu əlaqələr yalnız iki dost, qardaş türk dövləti arasında məhdudlaşmayaraq bu gün bütün türk dünyasını əhatə edir.

 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türk birliyinin, türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekStremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Eyni zamanda, türk dövlətləri arasında regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, elm, texnologiya, təhsil və mədəniyyət sahəsində, kütləvi informasiya vasitələri arasında əlaqələrin, daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi kimi məsələlər də TDƏŞ –in fəaliyyətində əsas vəzifə olaraq nəzərdə tutulur.

Təsis edildiyi gündən ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verərək üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Samsun, Bakı və Aktau limanları arasında əlaqələrin yaradılması bu istiqamətdə atılmış addımların bariz nümunəsidir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzv olduğu Türk Dövlətlərinin Əməkdaşlıq Şurası bir sıra orqan və təşkilatlarla sıx əməkdaşlıq əlaqələri saxlayır. Belə ki, 1933-cü ildə yaradılmış, bu gün qərargahı Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin dünyada tanıdılması və təşviq edilməsi, türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə üzv dövlətlərlə əməkdaşlığını daha da möhkəmləndirir.

2008-ci ildə İstanbul sazişi əsasında yaradılmış, qərargahı Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası – TÜRKPA türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsində uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət türkdilli xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş Türk Akademiyasının yaradılması haqqında saziş 2012-ci ildə TDƏŞ-in Bişkekdə keçirilmiş II Zirvə görüşündə imzalanmışdır. Türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyasını tədqiq etmək məqsədilə fəaliyyət göstərən Türk Akademiyası türk xalqlarının mədəni və mənəvi irsini tədqiq etməklə yanaşı, türk dövlətlərinin dünya sivilizasiyasının inkişafında əhəmiyyətini artırmaq, bütün dünyada türk xalqlarının mədəniyyətini tanıtmaq istiqamətində əvəzedilməz rola malikdir.

Elə həmin il, 2012-ci ilin avqustunda Bişkekdə Türk Akademiyası ilə birlikdə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu türk dünyası ilə bağlı tədbir, layihə və proqramları dəstəkləyərək maliyyələşdirməklə türk mədəniyyətinin və irsinin qorunmasına, təbliğinə və tədqiqinə xidmət edir.

TDƏŞ-ə üzv ölkələrin işgüzar dairələri arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək məqsədilə yaradılan Türk Biznes Şurası 2011- ci ildə, üzv ölkələrin işgüzar dairələri, ticarət və sənaye palataları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığı həyata keçirən Türk Ticarət və Sənaye Palatası isə 2019-cu ildə təsis edilmişdir. Bu təşkilatlarla birgə həyata keçirilən layihələr, yürüdülən məqsədyönlü siyasət bir amala – türk xalqlarının birləşməsinə, Türk dünyasının qurulmasına xidmət edir.

2009-cu ildə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədilə yaradılan beynəlxalq hökumətlərarası təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edildiyi dövrdən Almatı, Bişkek, Qəbələ, Bodrum, Nur-Sultan (Astana) və Çolpan-Ata olmaqla altı Zirvə görüşü keçirilmişdir. 2011-ci ildə Almatıda “İqtisadi əməkdaşlıq”, 2012-ci ildə Bişkekdə “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, 2013-cü ildə Qəbələdə “Nəqliyyat və bağlantı”, 2014-cü ildə Bodrum şəhərində “Turizm sahəsində əməkdaşlıq”, 2015-ci ildə Astana şəhərində “Media və informasiya sahəsində əməkdaşlıq”, 2018-ci ildə “Gənclər və idman”, 2019-cu ildə “Kiçik və orta sahibkarlığın dəstəklənməsi” mövzusunda keçirilən Zirvə görüşləri ənənəvi olaraq üzv ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunmuş, türk dünyasının hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa aparan məsələlər müzakirə edilmişdir.

10 aprel 2020-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş videokonfrans vasitəsilə TDƏŞ-in fövqəladə Zirvə görüşü keçirilmişdir. Bu Zirvə görüşü dünyada COVID-19 pandemiyasına həsr olunan dövlət başçıları səviyyəsində ilk tədbir olmuşdur. “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilmiş fövqəladə Zirvə görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur. Dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat olan TDƏŞ bununla türk dövlətlərinin nümunəvi səviyyədə olan həmrəyliyini bir daha sübut etmişdir.

Sərhəd tanımayaraq dünyanın hər tərəfinə yayılmış və faciəvi nəticələrə gətirib çıxarmış COVID-19 pandemiyasına qarşı mübarizədə zəruri qabaqlayıcı addımlar atmış Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Ölkə ərazisində aparılan genişmiqyaslı tədbirlər öz müsbət nəticəsini vermiş, Azərbaycan koronavirus pandemiyasından maksimum az ziyanla çıxan ölkələrdən biri olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus ölkə başçısı Prezident İlham Əliyev tərəfindən həm respublika daxilində, həm də dünyada görülmüş işlərə yüksək qiymət vermiş, Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edərək demişdir: “COVID-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır. ... Növbəti mərhələdə milli və beynəlxalq strategiyaların reallaşdırılması üçün çox ciddi resurslar lazımdır. Bu çağırışa cavab verənlərin hamısına təşəkkürümü bildirmək istərdim. 800 milyon dollar yardım göstərilməsi elan edilib. Bu, çox yaxşı faktdır. Azərbaycan hökumətinə və Azərbaycan xalqına da verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Gəlin həmrəylik layihəsində iştirak edək. Gəlin baxaq, hansı metodlar, hansı vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə görüşündə çıxış edərək qlobal iqtisadiyyatın inkişaf templərinə mənfi təsir edən, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişən pandemiyanın qarşısının alınması üçün atılacaq addımları müəyyənləşdirməyin, pandemiya ilə mübarizədə birgə səylərin, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyini bildirərək bir sıra mühüm təkliflər irəli sürmüşlər.

Əsas məqsədi üzv dövlətlər arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlığın, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi aparılması, birgə tibbi komissiyaların yaradılması üçün mövcud imkanların dəyərləndirilməsi və türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi olan Zirvə görüşündə yekun nitqi ilə çıxış edən İlham Əliyev demişdir: “Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir”.

Yarandığı vaxtdan etibarən bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçən, üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayan TDƏŞ hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi nüfuzlu təşkilatlarla əlaqələrini genişləndirərək zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.

Azərbaycan TDƏŞ-ə sədrlik etdiyi dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir.

 Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edən və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərən Azərbaycan bu ilin iyul ayında Prezident İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə - Tacikistana və Qırğızıstan Respublikalarının hər birinə 40 min doza "AstraZeneca" peyvəndi göndərmişdir. Bəşəriyyətin qarşısında duran koronavirus pandemiyasının həlli məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və inkişaf etmiş ölkələrdən fərqli olaraq pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən, inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizədə türk xalqlarının həmrəyliyini bu gün daha da möhkəmləndirir.

 Mehparə ƏLİYEVA,

 “Respublika”.