Cəsur və fədakar oğullar
Sosial həyat

Cəsur və fədakar oğullar

Vətən müharibəsi Azərbaycan tarixinə Prezident İlham Əliyevin sərkərdə qətiyyətinin, mütərəqqi idarəçilik və liderlik keyfiyyətlərinin, xalqımızın milli həmrəyliyinin, ordumuzun əzmkarlığının və yüksək döyüş qabiliyyətinin nəticəsi kimi həkk olundu. İlk növbədə bu amillər xalqımızı Zəfərə apardı, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Vətən savaşında vəzifəsindən, rütbəsindən asılı olmayaraq döyüşən bütün hərbçilərimiz öz hünərləri ilə yeni vətənpərvərlik nünunələri yaratdılar, dastanlar yazdılar. Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən igidlərimiz bu savaşda öz canlarını fəda etdilər, torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Belə igidlərdən biri də  Biləsuvar rayonunun Aşağı Cürəli kəndində 1997-ci ildə anadan olmuş Natiq Sahib oğlu Məmmədovdur.

Orta təhsilini 2004-2015-ci illərdə  başa vuran  Natiq Vətənə olan borcunu vermək üçün hərbi xidmətə yollanır. Əsgərlikdə xidmət etdiyi müddətdə yoldaşlarının və komandirlərinin hörmətini qazanır. Hərbi hissə rəhbərliyi xidmətini nümunəvi əsgər kimi başa vuran Natiqə gizirlik məktəbində təhsilini davam etdirərək hərbçi olmağı məsləhət görür. Gənc əsgər bu etimadı doğruldaraq məktəbin əlaçı kursantı olur. Məktəbi müvəffəqiyyətlə bitirən Natiq gizir kimi yenidən hərbi xidmətini davam etdirir.

Sentyabr ayının 27-də Vətən müharibəsi başlananda  gizir Natiq də hərbçi yoldaşları ilə birlikdə ön cəbhədə döyüş əməliyyatlarına qatılır. N.Məmmədovun vuruşduğu hərbi hissənin  döyüş əməliyyatlarının  nəticələri  uğurlu alınırdı. Daim düşmənin hücumunun qarşısını almaqda mərdlik göstərirdi. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatında hərbi hissə qarşısında qoyulmuş  tapşırıqları yerinə yetirərkən cəsur gizir Natiq Məmmədov qəhrəmancasına həlak olur. 

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Natiq Məmmədov 30 oktyabr 2020-ci ildə doğulduğu  Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gizir Natiq Sahib oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə", “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

Hər birimiz Vətən uğrunda canından keçmiş Vətən oğullarının ruhu qarşısında baş əyirik. Zəfərlə nəticələnən böyük qələbəyə, torpaqlarımızın azad edilməsinə görə biz onlara borcluyuq. Qürur mənbəyimiz olan şəhidlərimizi həmişə minnətdarlıq duyğuları ilə yada salacaq, xatirələrinə dərin ehtiram göstərəcəyik.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.