BÖYÜK ETİMADA ƏSASLANAN MÜNASİBƏTLƏRİN MÜHÜM AMİLLƏRİ
Siyasət

BÖYÜK ETİMADA ƏSASLANAN MÜNASİBƏTLƏRİN MÜHÜM AMİLLƏRİ

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından 1 il ötür

Moskvada 2022-ci il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanmışdı. Ölkəmizin milli maraqlarına tam cavab verən bu mühüm sənədin qəbul edilməsi dövlətlərimiz arasında münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırmış oldu.

Rəsmi Bakı üçün heç vaxt müttəfiq seçmək, habelə "müttəfiq" və "strateji tərəfdaş" kimi konseptual anlayışların arxasında prinsipcə nəyin dayanması dilemması olmayıb. Azərbaycanla müvafiq sənədlər paketini imzalamış, eləcə də ümumi inteqrasiya platformalarında iştirak edən ölkə strateji tərəfdaşdır. Bu ölkə, həm də respublikamızın suverenliyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməlidir. Müttəfiq isə bütün bunlarla yanaşı, həm də Azərbaycanın inkişafını və uğurlarını özünün inkişafı və uğurları kimi qəbul etməlidir.

Bu, ilk növbədə Şuşa Bəyannaməsinə görə Türkiyə və müvafiq olaraq, Moskva Bəyannaməsinə əsasən - Rusiyadır. Rusiya ilə münasibətlərimiz ticari-iqtisadi əlaqələrin xüsusiyyətləri, ikitərəfli gündəliyin genişliyi, kritik məsələlər üzrə xarici siyasətin sinxronlaşdırılması, mədəni-humanitar aspektlər baxımından artıq müttəfiqlik səviyyəsinə çatıb. Bir il öncə Rusiya Federasiyasının paytaxtında qeyd olunan strateji sənədin imzalanması zamanı Prezident İlham Əliyevin dediyi kimi, söhbət müttəfiq əməkdaşlığın ən yüksək səviyyəsindən gedir və bu, söz oyunu deyil, çünki milli xarici siyasətin çoxvektorlu olmasına baxmayaraq, bizə yaxın dövlətlər arasında Rusiya mühüm yer tutur.

Rusiya-Azərbaycan dialoquna xüsusi əhəmiyyət, miqyas və dolğunluq verən ən mühüm amil Prezident İlham Əliyev və Prezident Vladimir Putin kimi liderlərin iştirakıdır ki, onların arasında hörmətə və etimada söykənən münasibətlər qarşılıqlı anlaşmanın ümumi aspektlərini tapmaqda əvəzsiz rol oynayır. Prezident İlham Əliyev və rusiyalı həmkarı Vladimir Putin arasında şəxsi etimad münasibətləri 22 fevral 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdar olan ikitərəfli əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Bu, tərəfdaşlıq, memorandum və qarşılıqlı anlaşma sazişlərindən qat-qat yüksəkdir. Dövlətimizin başçısı İlham Əliyev həmin tarixi sənədi imzalayarkən bildirdi ki, bu strateji sənəd danışıqların mərkəzi elementinə və əsas nəticəsinə çevrilib və onun rəsmi diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə imzalanması çox böyük rəmzi xarakter daşıyır.

Son onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş, genişlənmiş, siyasi, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə zəngin olmuşdur. Və biz, əlbəttə ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birimizin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanan həqiqətən sıx müttəfiqlik əməkdaşlığının daha da hərtərəfli inkişafına sadiqik.

İqtisadi göstəricilər göz qabağında olsa da, ittifaqın bütün komponentlərini rəqəmlərlə ifadə etmək mümkün deyil. Bununla belə, koronavirus pandemiyasının nəticələrinə baxmayaraq, əvvəllər iqtisadi-ticari əlaqələrdə qeydə alınmış 3 milyard dollarlıq həddin keçilməsi çox ümidvericidir. Sözügedən istiqamətdə əldə olunan uğurların, böyük nailiyyətlərin səbəbi həmin yöndə ildən-ilə güclənən mütərəqqi inkişaf meyilləridir, çünki Rusiya regionlarının beşdə dörddən çoxu keçmiş sovetlər məkanında inteqrasiya və sənaye əlaqələrinin dağılmasından sonra, demək olar ki, bütün təsərrüfat subyektləri öz ixtiyarına buraxıldı və onlar ölkəmizlə əməkdaşlıq quraraq iqtisadi tərəfdaşlığın bu vektorunu uğurla inkişaf etdirirlər. Azərbaycanla regional ticarətdə lider mövqelərə malik paytaxt Moskva şəhəri, Krasnodar və Stavropol diyarları, həmçinin Moskva və Sverdlovsk vilayətləridir. Bu sıralamanı qeyd edərkən biz daha çox maliyyə dövriyyəsini əks etdirən statistik rəqəmlərə əsaslanmışıq, lakin işgüzar əlaqələrin miqyasına, genişliyinə və sayına görə, hələ də Həştərxan vilayəti liderlik edir. Həştərxan hökuməti bir müddət öncə Nərimanov, indi isə həm də Binəqədi rayonunda fəaliyyət göstərən tərəfdaşları ilə birlikdə uğurlu iqtisadi əlaqələr yaratmağa müvəffəq olmuşdur. Azərbaycanın paytaxtında infrastruktur, sosial sahədə çox sayda layihə həyata keçirilmiş, nəqliyyat kompleksi və logistika müəssisələri ilə möhkəm fundamentə söykənən əməkdaşlıq qurulmuşdur.

Siyasi müstəvidə dövlətlərimiz arasında qurulan münasibətlərə gəlincə isə, ilk əvvəl onu qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev digər məsələlərlə yanaşı, BMT səviyyəsində və beynəlxalq hüquq normaları çərçivəsində, eləcə də müvafiq qaydada həll edilmiş Qarabağ münaqişəsi ətrafında ən çətin, mürəkkəb siyasi eniş-yoxuşlara baxmayaraq, rəsmi Bakının və bütün bölgə sakinlərinin, o cümlədən də respublikamızın erməni əsilli vətəndaşlarının maraqları nəzərə alınmaqla ikitərəfli münasibətlərin bütövlüyünü qoruyub saxlamağa nail olub.

Azərbaycan Prezidenti ümumi məkanın hələ sovet dövründə struktur olaraq formalaşmış ən məhsuldar, müsbət cəhətlərini nəinki qoruyub saxlamağı, hətta inkişaf etdirməyi də bacardı. Burada əsas odur ki, Azərbaycanın sosial-humanitar məkanı Rusiyanın müvafiq məkanı ilə harmonik qarşılıqlı əlaqə çərçivəsində inkişaf edir.

Bu, xüsusən də Azərbaycanda orta məktəblərdə və ali təhsil müəssisələrində doğma dilimizin inkişafına və öyrənilməsinə hər hansı xələl yetirilmədən rus dilində təhsilin qorunub saxlanmasına aiddir. Bütün postsovet məkanında rusdilli informasiya və mədəni məkanın azalması tendensiyasının nəzərə çarpdığı bir şəraitdə, bu, kifayət qədər vacib və olduqca həssas bir məqamdır və heç şübhəsiz, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan Cənubi Qafqazdakı bədnam qonşusundan fərqli olaraq, son dərəcə tolerant davranır.

Son illərdə Azərbaycan və Rusiya liderlərinin şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından, hər iki prezident arasında davamlılığı və sabitliyi ilə diqqət çəkən ünsiyyətin vacibliyi haqqında çox danışılır. İki güclü, iradəli siyasətçinin açıq dialoqa getmək bacarığı və istənilən məsələləri konstruktiv müstəvidə müzakirə etməyə, zamanın çağırışlarına uyğun olaraq dövlət siyasətlərini uzlaşdırmağa hazır olması ikitərəfli əməkdaşlığın strukturunu hər cəhətdən gücləndirir. Bu mənada, İlham Əliyev və Vladimir Putin optimal həll yollarını tapmağı bacaran iki xarizmatik siyasətçi kimi tanınır və onlar sabit dialoqu təmin edən nadir siyasi liderlərin illərin sınağından keçmiş uğurlu tandemini təşkil edir.

Məhz iki dövlət başçısının yüksək səviyyədə olan qarşılıqlı münasibətlər, əlaqələndirilmiş formada həyata keçirilən xarici siyasət kursu Qarabağ probleminin həllində əsas rol oynadı və bu, 2020-ci il noyabrın 10-da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmanın ədalətli prinsiplərini bərqərar edən iki liderin tam yekdilliyində öz əksini tapdı. Xüsusilə unutmamalıyıq ki, bəzi qərb dövlətlərindən fərqli olaraq, Cənubi Qafqazda tarixən geosiyasi maraqları olmuş Rusiya Federasiyası 44 günlük Vətən müharibəsi dövründə obyektiv mövqe tutdu, Ermənistanın təxribatlarına, KTMT ölkələrini bu münaqişəyə çəkmək, onu daha geniş miqyasa keçirmək istiqamətində bütün cəhdlərinə baxmayaraq, hərbi əməliyyatların Azərbaycan ərazisində getdiyini açıq bəyan etdi, beləliklə də, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini bir daha təsdiqləmiş oldu.

Rusiya dövlətinin bu obyektiv mövqedə olması həm də, şübhəsiz, dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzunun, həyata keçirdiyi müdrik, düşünülmüş siyasətinin, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsinin məntiqi nəticəsidir. Azərbaycan bütün qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə, etimada əsaslanan münasibətlər qurur. Yetər ki, bu siyasət qonşular tərəfindən düzgün və obyektiv şəkildə qəbul edilsin.

Emin QASIMOV,

"Respublika".