Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər
İQTİSADİYYAT

Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər" mövzusunda müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də daha dörd panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O'Donnellin moderatorluğu ilə "Qloballaşma və artan bərabərsizliklər" mövzusunda keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş qlobal vergi tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə dərəcədə təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Panel müzakirələrində Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın BMT və UNESCO üzrə sabiq səfiri, "Women4Diplomacy"nin qurucusu Katalin Bogyay, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Qari Ceykob, Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak ediblər.

Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson IX Bakı Qlobal Forumunun təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib.

O, qloballaşmanın deyil, yanlış idarəçiliyin bərabərsizliyi gətirdiyini bildirərək deyib: "İndiyədək dünyada belə çağırışlar çox olmayıb. Biz qloballaşmaya daha böyük önəm verməliyik".

M.Karlsson qeyd edib ki, azlıqların hüquqlarının təmin edilməsi qarşıda duran əsas məsələlərdən biridir. Bunun həll edilməməsi müəyyən problemlərə yol açır.

BMT, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı institutları arasında əlaqələndirmə praktiki əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatı qloballaşmanı həyata keçirən əsas təsisatdır.

Sonra çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkə sisteminin dayanıqlılığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etmək lazımdır. Nazir dünyada gəlir mənfəətinin bərabərsizliyinin hələ də davam etdiyini diqqətə çatdırıb.

Ölkəmizin vergi sahəsi barədə danışan M.Cabbarov bildirib ki, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır.

M.Cabbarov cəmiyyətin dəyərlərinə də diqqət yetirməyin vacibliyini vurğulayıb. O, vergilərin ölkədəki şəraitə uyğunlaşmalı olduğunu deyib. Vurğulayıb ki, bununla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi davam etdiriləcək.

"Azərbaycan üçün əsas məsələ öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinin həll edilməsi, əhalinin həssas təbəqəsinin yaşayış səviyyəsinin yüksəldilməsidir. Ölkəmizin əsas siyasəti yaranan boşluqları birləşdirən körpü yaratmaq idi. Biz daxili siyasətimizi inklüzivliyə doğru yönəltdik", - deyə nazir qeyd edib.

Mikayıl Cabbarov Azərbaycan hökumətinin əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, tələbələrin təhsil almaları üçün maliyyə vəsaitlərinin artırılmasına önəm verdiyini də diqqətə çatdırıb.

Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano çıxışında dünyada bərabərsizliyin təhsilə və sağlamlığa əngəl törətdiyini qeyd edib. Deyib ki, cəmiyyətin inkişafının davamlı olması təhsilin keyfiyyətindən asılıdır. Həmçinin diqqətə çatdırılıb ki, vergi sistemi bərabərsizliyə nəzarət edən meyar olmalıdır.

"Hazırda qadın və kişilər arasında bərabərsizlik var. Dünyada baş verən münaqişələrdən qadınlar və uşaqlar daha çox əziyyət çəkirlər. Biz qloballaşmanın faydalarını bilməliyik. O, elmin inkişafına gətirib çıxarır. Hər kəsə hörmət etməli, hər bir insanın dünya sisteminə verdiyi töhfəni düzgün qiymətləndirməliyik", - deyə sabiq Prezident qeyd edib.

UNESCO-nun 36-cı Baş Konfransının prezidenti Katalin Bogyay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Forumda iştirak etməyin onun üçün böyük şərəf olduğunu deyib.

Dünyadakı mövcud bərabərsizliklər barədə danışan K.Bogyay cəmiyyətin buna etirazla yanaşmalı olduğunu qeyd edib.

"Təhsildə bərabərsizliyi aradan qaldırmalıyıq. Uşaqlarımıza etimad göstərməyi öyrətməliyik. Həmçinin biz qadınların sülhə proseslərində iştirakına önəm verməliyik. Qadınlar pandemiya ilə mübarizədə çox fəal iştirak etdilər", - deyə K.Bogyay əlavə edib.

Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Qari Ceykob belə vacib mövzunu Forumun gündəliyinə daxil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib.

Cəmiyyətlər arasında bərabərsizliyin aradan qaldırılmasının vacibliyini vurğulayan Akademiyanın prezidenti qeyd edib ki, təkamül bərabər şəkildə baş verməyib. Qadın hüquqlarının təminatı, kasıb təbəqənin təhsilə, ictimai həyata əlçatanlığı çətinləşib.

"Qloballaşma hazırda ilkin şərtdir. Biz qloballaşma, cəmiyyətin təkamül prosesi barədə düşünməliyik. Bu, milli təhlükəsizliyin təmin edilməsi ilə baş verə bilər", - deyə Q.Ceykob diqqətə çatdırıb.

Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma COVID-19 pandemiyasının, dünyada baş verən münaqişələrin böyük fərqliliklər, bərabərsizliklər yaratdığını, yoxsulluğa yol açdığını bildirib. Qeyd edib ki, cəmiyyətin qarşısında duran əsas vəzifə qeyri-bərabərliyin genişlənməsinə qarşı tədbirlər görməkdir.

Çıxışında qadın hüquqlarına da toxunan sabiq Baş nazir qadınlara diqqətin artırılmasının vacibliyini vurğulayıb, gender bərabərliyinin təmin olunmasının önəmini qeyd edib.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku bildirib ki, dünyada baş verən böhranlar milyonçuların sərvətinin artmasına səbəb olub. O, cəmiyyətin necə idarə edilməli və maliyyə resurslarını bərabər şəkildə necə paylanmalı olduğunu barədə fikirlərini bölüşüb. Deyib ki, biz bu barədə düşünməliyik. İslahatlarda mənəvi dəyərlərdən yararlanmalıyıq.

Qeyd edək ki, "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılır.

***

IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də keçirilən ikinci panel iclası "XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar" mövzusuna həsr olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən panel iclasında "Vətəndaşların əhəmiyyətli hissəsinin nə üçün onilliklər qabaq bu qədər heyranlıq doğuran demokratik sistemlərdən açıq-aşkar uzaqlaşması baş verir?", "İnsan iradəsi" marketinq strategiyaları", "Saxta xəbərlər və qərəzli anlayış ilə istehsal oluna bilsəydi demokratiya nə qədər real olardı?", "Qərarlar qəbul edən elita ilə səfərbər olunmuş ictimaiyyət arasında fərq artarsa, demokratiya nə qədər funksional olar?", "Siyasi yadlaşma və apatiya artarsa, demokratiya nə qədər təmsilçi olar?", "Siyasi müstəvidə belə meyillər fonunda hamı üçün fərdi insan hüquqlarını adekvat şəkildə necə qorumaq olar", "Yeni, daha təmərküzləşmiş siyasi modellərin (məsələn, Çin və Sinqapur) heyranlıq və təsir qazandığı, Qərbin ənənəvi demokratiyalarının isə hətta öz dövlətlərində müxtəlif hərəkatlarla üz-üzə qaldığı şəraitdə yeni qlobal quruluşun əsas doktrinaları nəyi vurğulayır?" kimi mövzular ətrafında müzakirələr aparılıb.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışı zamanı "Real demokratiya nədir", "Demokratiya necə çalışır" kimi sualları cavablandırıb. O, bütün dünyada azadlığın, müstəqilliyin əsas vacib dəyərlər olduğunu deyib. Eyni zamanda, demokratik sistemdə keyfiyyətin artırılmasının əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, hər bir demokratik sistemdə mövcud olan amilləri qabartmaq lazımdır. Hökumətlər insanların gələcəyinə dair qərarlar qəbul etdiyi zaman onların da iştirakının olması, rəyinin alınması vacib məsələdir.

"Burada, eyni zamanda, düzgün mesajlar vermək, insanlarla danışmaq və onların hüquqlarına həssas yanaşmaq lazımdır.

Siyasətçilər, təsisatlar insanlarla ünsiyyətdə olduqları zaman populizmdən uzaqlaşmalıdırlar. İnsanlar arasında, cəmiyyətdə etimadın yaradılması çox vacib məsələdir. Hazırda beynəlxalq səviyyədə ən yaxşı sistem demokratiyadır", - deyə Xorvatiyanın sabiq Prezidenti əlavə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qanunun aliliyinin əsas amil olduğunu söyləyib. Qeyd edib ki, insanlar fərqli fikirləri söyləmək üçün mübarizə aparmalıdırlar. Hər bir vətəndaşa, fərdə düzgün yanaşmaq lazımdır. Anadan olan hər bir şəxsin hüquqları tanınmalı və təmin olunmalıdır. Hər bir konkret addım icraata gətirib çıxarır. Bunun üçün də onun qanunda təsbitini görməliyik. Dövlət məmurlarının siyasi mənsubiyyəti də olmamalıdır. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək bildirib ki, çağdaş müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. "Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə sizi təbrik etmək istərdim. Bugünkü panelin adı da təsadüfi deyil. Bu, çox gözəl dəyərləri özündə aşılayır. İnsan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşımızda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir", - deyə ombudsman bildirib.

Onun sözlərinə görə, hüquq prinsiplərinin pozulması humanitar qanunun pozulmasına gətirib çıxarır. Bu, BMT Baş Assambleyasının qəbul etdiyi insan hüquqlarına dair sənəddə də qeyd olunub. Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin, nüfuzlu təsisatların gündəmində qalmalıdır. Bu cür fundamental məsələlərdə yenidən həyəcan təbili çalınmalıdır. Münaqişələrin qarşısının alınmasında BMT ilə birgə mühüm çevik mexanizmlər hazırlayıb sərt qərarların, qətnamələrin qəbulunda iştirak etmək lazımdır.

Bəşəriyyətin cinayətlərə qarşı öz sözünü deməli olduğunu bildirən S.Əliyeva 30 il ərzində Azərbaycanın çağırışlarının səssiz qarşılandığını diqqətə çatdırıb. Soydaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsinə ədalət səsi qaldırılmadı. Buna qarşı beynəlxalq məhkəmə çağırılmalıdır. Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımı bəşəriyyətə qarşı cinayət idi ki, bu da birbaşa insanların hüquq və azadlıqlarına xələl gətirir. "Ölkəmizə qarşı törədilən vandalizmlə bağlı hesabat hazırlamışam. Hesabatda xalqımıza, dövlətimizə məxsus tarixi, mədəni irslərə qarşı cinayətlər, qocalara, qadınlara, uşaqlara qarşı mənfur aparılan siyasət əks olunub. Onlar çox dərindən tədqiq olunacaq. Cinayətkarlar dəlillər əsasında məhkəmə qarşısına çıxarılacaq və ədalət bərpa olunacaq. Ombudsman kimi beynəlxalq hüquq normalarına dair sənədlərə Azərbaycanın qoşulmasına çalışacaq və sülhün, təhlükəsizliyin bərqərar edilməsi istiqamətində cəhdlərimi əsirgəməyəcəyəm", - deyə ombudsman vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin deyib ki, bu gün dünyada demokratiyanın nə qədər populyar və cəlbedici olduğunu görürük. Demokratiyanın inkişafı üçün hökumət təsisatları tərəfindən təhsilə daha çox diqqət ayrılmalıdır. Təhsilin indiki vəziyyəti qaneedici deyil, dünyəvi elmi əsasları olan təhsilə ehtiyac var.

O bildirib ki, artıq universitet məzunu olmaq kifayət deyil. Gənclər demokratiyanı qurmağa dair təhsil almalıdırlar. Demokratiya bir mədəniyyətdir. Ona görə də demokratik ölkə qurmaq üçün buna söykənən mədəniyyətə sahib olmaq lazımdır.

Liviyanın Avropa İttifaqındakı sabiq nümayəndəsi, insan hüquqları müdafiəçisi Fəridə Allaqi həyatı boyu dünya vətəndaşı olaraq qadına münasibətin dəyişməsini səbirsizliklə gözlədiyini söyləyib. "Mən Liviyadan 14 il əvvəl didərgin düşmüşəm. Liviyada diktator rejimi xaos yaratdı, təlatümlərə yol açdı, artıq dövlət yoxdur. Liviya öz aqibətini həll edə bilmədi. Liviya zəngin, gözəl ölkədir, ancaq insanlar yoxsuldurlar. Biz istəyirik ki, övladlarımız fikirlərini təqdim etsinlər, uğurlar qazansınlar", - deyə Fəridə Allaqi əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici dünyadakı qaçqın böhranından danışıb, qısa müddətdə bunun daimi həllinin olmadığını deyib. O, qaçqınlarla bağlı problemlərin azaldılması istiqamətdə səylərin artırılmasının əhəmiyyətini qeyd edib.

Çiril Gaburici, həmçinin qlobal sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində yaranan problemlərdən bəhs edib.

NAKO-nun icraçı direktoru, Ukraynanın sabiq maliyyə naziri Olena Trequb ölkəsində azadlıq uğrunda aparılan mübarizədən bəhs edib. Qeyd edib ki, Ukrayna üçün demokratik dəyərlər çox vacibdir.

Panel iclası müzakirələrlə davam edib.

***

Bakı Forumu çərçivəsində "Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi" mövzusunda keçirilən üçüncü panel iclasına "Liberal Internasional"ın prezidenti Mərakeş Krallığının İqlim Dəyişikliyi üzrə sabiq xüsusi elçisi Hakima El Haitenin moderatorluq edib.

Tədbirdə "İqlim baxımından zərərsiz kənd təsərrüfatına hər yerdə ehtiyac vardır. Zəngin ölkələrin təcrübəsindən hansı dərslər öyrənilməlidir?", "Dünya su sərfiyyatının təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Dünyada bir çox ortaq çayın olduğuna və yağıntıların getdikcə daha da azaldığına görə hansı tədbirlər görülə bilər?", "Ukrayna müharibəsi və ərzaq qiymətlərinə olan təsirlər nəzərə alınmaqla yerli, regional və beynəlxalq miqyasda anbar və bufer ehtiyatlarının rolu nə olmalıdır?", "Dünyada meşə sahələrinin kəskin azalması ilə bağlı vəziyyət nə yerdədir?", "Bəs əkinə yararlı sahələrin səhralaşması?", "Qida tullantıları ilə bağlı ciddi problem yaşanmaqdadır. Bununla bağlı nə etmək mümkündür?", "İKT, robot mühəndisliyi və süni intellekt inqilabını yoxsulların mənafeyi üçün ən yaxşı şəkildə necə istifadə edə bilərik?", "Bəs yoxsulluq və aclığa qarşı mübarizədə yardım məqsədilə yeni bioloji vasitələrin səfərbər edilməsi?", "Bəs balıqçılıq və su təsərrüfatı qeyd olunan problemlərin həllinə nə dərəcədə töhfə verə bilər?", "Toxumların biomüxtəlifliyini, habelə qurduğumuz gen banklarını necə qoruyuruq?" kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Panel iclasına videoformatda qoşulan Amerika Birləşmiş Ştatlarının BMT-nin ərzaq və kənd təsərrüfatı agentlikləri yanında daimi nümayəndəsi Sindi Makkeyn dünyanın 70 il ərzində ən dəhşətli ərzaq böhranı ilə üz-üzə olduğunu bildirib. O deyib: "Mən daha əvvəl heç vaxt bunun şahidi olmamışam. Uzun illər ərzində bu böhran üçün münasib zəmin yaradılıb. COVID, iqlim dəyişikliyi və davam edən münaqişələr bu böhranı sürətləndirən amillərdəndir. Son bir neçə il ərzində biz pandemiya nəticəsində ehtiyatların paylanmasında pozuntularla qarşılaşdıq. Şiddətli quraqlıqlar, daşqınlar və istilər Afrikadan tutmuş Cənubi Asiyayadək məhsulları məhv etdi, mal-qaranı qırdı və insanların həyatını çətinləşdirdi".

S.Makkeyn sonda qeyd edib ki, indi bir araya gələrək ərzaq təhlükəsizliyinin gələcəyini düşünmək vaxtıdır.

Sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edən videoçarx yayımlanıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aparılan siyasətin inklüziv kənd təsərrüfatının inkişafına dəlalət etdiyini və bu zaman ətraf mühitə təsir, enerji resurslarının daha səmərəli istifadəsinin də nəzərə alındığını vurğulayıb.

Azərbaycanda rəqəmsal kənd təsərrüfatına keçidin aparıldığını bildirən nazir bunun da məhsuldarlığın, rentabelliyin artımına xidmət etdiyini diqqətə çatdırıb. "Bununla, həmçinin gənc nəsli kənd təsərrüfatına cəlb etmiş oluruq. Bu da dayanıqlılığın təmin olunmasında mühüm amildir. Azərbaycan kənd təsərrüfatının rəqəmsal transformasiyasında model rolunu oynayır. Qlobal problemlər tək bir ölkə qarşısında duran məsələ deyil. Mövcud problemlər birgə tədbirlərin görülməsini ehtiva edir", - deyə nazir əlavə edib.

Mavritaniyanın sabiq Prezidenti Amina Qurib-Fakim Afrikada istehsal edilən məhsulların 70 faizinin kiçik sahibkarların payına düşdüyünü bildirib.

Gənclərin 55 faizinin qitəni tərk etmək niyyətində olduğunu qeyd edən sabiq prezident onları kənd təsərrüfatı sektorunda saxlamağın mümkün olmadığını deyib.

"Ukraynada baş verən hadisələr Afrikaya da təsir edəcək. Odur ki, Afrikada ərzaq təhlükəsizliyi məsələləri daha çox təmin olunmalıdır. İqlim dəyişikliklərinin nəticələri, su qıtlığı qarşısında acizik. Ərzaq təhlükəsizliyi, aclıq, yoxsulluq məsələləri ön plandadır. Afrika biomüxtəliflik baxımından kifayət qədər zəngindir. Lakin iqlim dəyişiklikləri fonunda biomüxtəlifliyin müəyyən növləri risk altına düşür", - deyə sabiq Prezident qeyd edib.

Afrikada kənd təsərrüfatında əsasən qadınların çalışdığını bildirən Amina Qurib-Fakim fermerlərin kapitala və texnologiyalara çıxışının təmin ediləcəyi təqdirdə, kənd təsərrüfatının sürətli inkişafına nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

ABŞ-ın Türkmənistandakı sabiq səfiri Allan Mustard dünya əhalisinin 50 faizinin gündəlik 6 dollarla, dörddəbirinin isə dörd dollardan az maaşla yaşadığını qeyd edib. Onun sözlərinə görə, qida təhlükəsizliyinin zəifləməsi dünyada aclığa yol açır.

A.Mustard dünyada torpaqların və əkin sahələrinin düzgün idarə edilməsinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını da vurğulayıb.

Dünyada 3 milyard insanın kifayət qədər ərzaqla təmin olunmadığını deyən Dünya Ərzaq Fondunun prezidenti Barbara L.Stinson son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin çox acınacaqlı olduğunu qeyd edib. O bildirib: "Bizim üçün ərzağın təkcə kəmiyyəti deyil, keyfiyyəti və əlçatanlığı da önəmlidir. Ərzaq təhlükəsizliyinin təmini üçün COVID-19 pandemiyası, iqlim dəyişmələri və münaqişələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Qlobal qida təhlükəsizliyi çağırışlarının həlli yollarını tapmalıyıq".

O, Azərbaycana ilk dəfə səfər etdiyini və Forumun mövcud problemlərin həllinə töhfə verəcəyinə inandığını bildirib.

Panel iclası müzakirələrlə davam edib.

***

IX Qlobal Bakı Forumu çərçivəsində "Gənclər danışsın, biz dinləyək" mövzusunda keçirilən panel iclasına moderatorluğu 2005-2010-cu illərdə Ukraynanın birinci xanımı olmuş Katerina Yuşşenko edib.

K.Yuşşenko çıxışında dünyadakı siyasi vəziyyət, Suriya, Ukrayna böhranları, qlobal su çatışmazlığı və digər məsələlərə toxunub. Bildirib ki, bu gün Suriyada, Ukraynada, Sudanda, Yəməndə uşaqlar ağlayır. Biz, ilk növbədə, gəncləri dinləməliyik. Biz gənc liderlərin şəbəkəsini təsis etməyə çalışırıq. Panel çərçivəsində gənc liderlərimizin müzakirəsi olacaq.

Təhlükəsizliklə bağlı müzakirələrə isə gənc liderlərdən Vahid Əliyev moderatorluq edib.

Müzakirələr zamanı beynəlxalq təsisatlarda islahatların aparılmasının vacibliyi qeyd olunub. Ukraynalı gənc Taras Yuşşenko təhlükəsizlik strukturlarında islahatları zəruri hesab edib. O, BMT Təhlükəsizlik Şurasının üzvlərinin dəyişməli, onların sayı artırılmalı olduğunu vurğulayıb. Deyib ki, Cənubi Amerika, Afrika və Asiyadan ölkələr Təhlükəsizlik Şurasında təmsil olunmalıdır".

Gənc liderlərdən Neal Kaldvel Ukraynada böhranın dünyada ərzaq təhlükəsizliyinə təsirindən danışıb.

Digər çıxış edənlər iqtisadiyyat, texnologiya və ətraf mühitlə bağlı fikirlərini bölüşüblər.

Bununla da "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasları başa çatıb.

AZƏRTAC