Bakı Enerji Forumu qlobal enerji təhlükəsizliyi üçün ideal platformadır
İQTİSADİYYAT

Bakı Enerji Forumu qlobal enerji təhlükəsizliyi üçün ideal platformadır

Bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya nəql olunacaq. Ümumilikdə, hazırda Azərbaycan qazı 6 ölkəyə ixrac edilir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və "Həmrəylik halqası" layihəsinin işə düşməsi isə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayını 10-dan çox edəcək. Bu məlumatlar iyunun 1-də Bakı Konqres Mərkəzində işə başlayan Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu çərçivəsində səsləndirilib.

600-dən çox nümayəndənin iştirak etdiyi konfransda keçid dövründə energetikaya dair yeni çağırışlar, o cümlədən Avropanın qlobal enerji təhlükəsizliyi və bu perspektivdə Azərbaycanın enerji sektorunun rolu müzakirə olunub. Bakı Enerji Forumunun gündəliyində həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün mühüm olan enerji məsələləri yer alıb. Forumda iştirak etmək üçün ölkəmizə səfərə gələn Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell, Çexiyanın ticarət və sənaye naziri Yozef Sikela və başqaları forumda çıxış edib, müzakirələrə qatılıblar.

Çıxışlarda Azərbaycanın enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji ixracı, yaşıl enerjinin istehsalı, ixracı kimi məsələlərə toxunulub, bir sıra mühüm fikirlər səsləndirilib. Birinci sessiyada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, hazırda əlavə qaz həcmləri üçün bir neçə mənbə üzərində işlənilir. "Əsas mənbə zəngin qaz ehtiyatlarımızdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, sübut edilmiş ehtiyatlarımız 1,7 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlarımız isə təxminən 4 trilyon kubmetrdir. "Abşeron", "Qarabağ", "Ümid", "Babək" və "Azəri-Çıraq-Günəşli" qaz layihələrində qısa və ortamüddətli perspektivdə əlavə qaz həcmlərinin hasil ediləcəyi və tərəfdaşlarımıza ixrac ediləcəyi gözlənilir".

Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarından danışan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə "Şahdəniz" layihəsinin 100 faizi fenomenal əməliyyat səmərəliliyi göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda "Şahdəniz" yatağından gündəlik 73 milyon kubmetr qaz hasil edilir. Bu il yataqdan hasilatın ən yüksək səviyyəyə çatması planlaşdırılır: "Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək. Bununla da regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə verəcək. Eyni zamanda, biz yeni qaz mənbələri axtarırıq. Bu ilin əvvəllərində "Şahdəniz"də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq".

Alternativ enerji sahəsində görülən işlərə gəlincə isə, forumda bildirilib ki, 2026-cı ilin sonunadək 1800 MVt-a yaxın külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bu da ixrac üçün mövcud olan 1 milyard kubmetrdən çox qaza qənaət etməyə imkan verə bilər. Həmçinin hazırda Xəzər dənizindəki külək elektrik stansiyalarını Qara dəniz sualtı kabeli vasitəsilə Avropaya birləşdirən "yaşıl enerji" dəhlizinin, eləcə də Rumıniya və Macarıstanda müvafiq infrastrukturun yaradılması üzərində də işlər gedir. Forumda çıxış edən Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bildirib ki, Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onun sözlərinə görə, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər: "Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. 30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz yaşıl enerjiyə daha çox diqqət yetiririk. Azərbaycan bərpaolunan enerjinin inkişafı sahəsində Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək".

Sessiya və panel müzakirələrdə o da qeyd olunub ki, Bakı Enerji Forumu özünü səmərəli əməkdaşlıq üçün etibarlı platforma kimi təsdiqləyib. Bu tədbir enerji təhlükəsizliyinə nail olmaq yolunda birgə həllərin axtarışı üçün əvəzsiz imkanlar yaradır. Bu cür tədbirlərin keçirilməsi Azərbaycan üçün də yeni perspektivlər açır, Avropa ölkələrinin marağını artırır. Bu da Azərbaycanın bərpaolunan enerji layihələrinə əlavə investisiyaların qoyulması, eləcə də qeyri-neft sektorunun inkişafı deməkdir. Eyni zamanda, forum Azərbaycanın Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mühüm rol oynayacağını təsdiqləyir.

Jalə QASIMZADƏ,

"Respublika".