Azərbaycanın irəli sürdüyü təşəbbüslər həmrəyliyə, qarşılıqlı dəstəyə hədəflənib
Siyasət

Azərbaycanın irəli sürdüyü təşəbbüslər həmrəyliyə, qarşılıqlı dəstəyə hədəflənib

1955-ci ildə Bandunq konfransı zamanı yaradılması irəli sürülən, 1961-ci il sentyabr ayının əvvəlində Asiya və Afrika ölkələrinin dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşündə təsis edilən Qoşulmama Hərəkatı (QH) bu gün 120 ölkəni özündə birləşdirir. İrqindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin hüquq və azadlıqlarının qorunmasını, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılmasını fəaliyyətinin əsas prinsipləri kimi müəyyənləşdirən Qoşulmama Hərəkatı üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığa böyük əhəmiyyət verir.

Heç bir dövlətin daxili işlərinə qarışmamaq, ölkələrin özünümüdafiə hüququna hörmətlə yanaşmaq missiyasını həyata keçirən QH inkişaf etmiş ölkələrin maraqlarından çıxış edərək digər dövlətlərə təzyiq göstərilməsindən qəti şəkildə çəkinərək BMT Nizamnaməsinin prinsiplərinə uyğun fəaliyyət göstərir. Eyni zamanda, Hərəkat BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələrin danışıqlar, barışıq, arbitraj, məhkəmə həlli və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll edilməsində ədalət prinsiplərinə və beynəlxalq öhdəliklərə əsaslanır.

Bu baxımdan, beynəlxalq münasibətlərin tənzimlənməsində maksimum ədalətli mövqe nümayiş etdirən, dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olmasına müasir çağırışlara cavab verməklə nail olan Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük siyasi təsisat olaraq mühüm əhəmiyyət kəsb edən çoxtərəfli platformadır. Beynəlxalq hüququn normaları çərçivəsində dünyada sülhə, təhlükəsizliyə və inkişafa yardım etməklə üzv ölkələr arasında əməkdaşlıq üçün forum rolunu oynayan QH-nin fundamental prinsiplərinə sadiqlik göstərən, fəaliyyət istiqamətlərini bu prinsiplər əsasında quran dövlətlər Hərəkatın sıralarına qoşularaq bütün dünyada sülhə, barışa öz töhfələrini verirlər.

2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyi ilə təşkilata tamhüquqlu üzv qəbul olunan Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak edərək üzv ölkələrlə ikitərəfli münasibətlərini möhkəmləndirməklə onun məqsəd və prinsiplərinə öz töhfəsini vermişdir. Qoşulmama Hərəkatının üzvü kimi ilk vaxtlardan üzv dövlətlərlə həmrəylik nümayiş etdirən Azərbaycan, həmçinin qarşılıqlı dəstəyi, sülhsevər, humanist siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etməklə təsisat daxilində böyük nüfuz və etimad qazanmışdır. Bu səbəbdən 2016-cı ildə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və Bandunq prinsiplərinin təşviqində mühüm rol oynayan ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi təklifi irəli sürülmüş və bu təklif 120 ölkə tərəfindən yekdilliklə dəstəklənmişdir.

Bir çox beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilən ölkəmiz 2019-cu il 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının XVIII dövlət və hökumət başçılarının Zirvə görüşünə evsahibliyi etmişdir. BMT-yə üzv olan 120 dövlətin və 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi görüşdə 2019-2022-ci illər üzrə Hərəkata sədrlik Azərbaycan Respublikasına həvalə edilmişdir. Fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quran Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşaraq dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqları qorumaq və əməkdaşlığı genişləndirmək, digər təsisatlarla dialoq qurmaq və inkişaf etdirmək üçün ciddi səylər göstərmişdir.

QH-yə növbəti sədrlik edəcək Uqandanın bu öhdəliyi bir il gec təhvil alması ilə əlaqədar üzv dövlətlər Azərbaycanın 3 illik uğurlu fəaliyyətini nəzərə alaraq 2023-cü ildə Qoşulmama Hərəkatına sədrlik etməsi üçün ölkəmizə müraciət etmiş və müsbət cavab almışlar. Belə ki, Azərbaycanın bu beynəlxalq təsisata rəhbərliyi dünya ölkələrinin çox böyük çətinliklə üzbəüz qaldığı - COVID-19 pandemiyasının bütün dünyanı ağuşuna aldığı bir dövrə təsadüf etməsinə baxmayaraq, ölkəmiz bu istiqamətdə uğurlu fəaliyyət göstərmişdir. 2020-ci il may ayının 4-də Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının sədri olan cənab İlham Əliyevin təşəbbüsü ilə QH-yə üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü formatında videokonfransı təşkil olunmuş, 25 dövlət və hökumət başçısı, 1 vitse-prezident, 1 baş nazirin müavini və 11 nazir səviyyəsində keçirilən görüşdə Hərəkata üzv dövlətlərə pandemiyanın təsiri və ölkələrin bu məsələ ilə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi təklifi irəli sürülmüşdür. Eyni zamanda, QH-nin sədri qismində çıxış edən Azərbaycan koronavirus bəlasına qalib gəlmək məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və inkişaf etmiş ölkələrdən fərqli olaraq pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmış, həm də Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsü və onların inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirmişdir. Bununla yanaşı, ölkəmiz 2020 - ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etmiş və koronavirusla əlaqədar 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir.

Bu il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransı işə başlamış, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılmışdır. Həyata keçirdiyi siyasətdə hər zaman humanist ideyalara sadiqlik nümayiş etdirən Azərbaycanın bu təşəbbüsü də üzv dövlətlər arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsinə, dünyanın müxtəlif parlamentli təşkilatları ilə sıx əlaqələrin qurulmasına hesablanmışdır. Qloballaşan dünyada beynəlxalq əməkdaşlığın vacib məsələ olduğunu bildirən Milli Məclisin sədri Sahibə Qafarova Parlament Şəbəkəsinin üzv ölkələrinin əhalisi arasında Hərəkatın dəyərlərinin inkişafı ilə bağlı məlumatlılığın artırılmasına kömək edəcəyini, həmçinin üzv ölkələri narahat edən məsələlərlə məşğul olmağa parlamentarilərə kömək göstərəcəyini bildirmişdir. Konfransda Qoşulmama Hərəkatının yeni məqsədlərinə çatması, bu istiqamətdə nailiyyətlər əldə etməsi üçün yollar müəyyənləşdirilmiş, Parlament Şəbəkəsinin dialoq mədəniyyətinin inkişafına, bununla da sülhə və sabitliyə töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin QH-yə 3 illik sədrliyi dövründə həyata keçirilən mühüm tədbirlərdən söz açmış, gələn ilin martında Qoşulmama Hərəkatının Sammitinin keçirilməsinin planlaşdırıldığını qeyd etmişdir. Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitdə iştirak etməyə dəvət edən ölkə başçımız demişdir: "Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik".

Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiq qalaraq terrorla mübarizəyə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq hüquq və öhdəliklərin yerinə yetirilməsinə, qaçqınlar probleminin, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə səy göstərən Azərbaycan üzv dövlətlərin razılığı və dəstəyi ilə Hərəkata sədrliyini davam etdirir. Mühüm təşəbbüslərlə çıxış edən, QH-nin həmrəyliyin, birliyin, etibarlı əməkdaşlığın yaradılması missiyasının həyata keçirilməsinə layiqli töhfələr verən ölkəmizin bu addımları çoxtərəfli platforma, Beynəlxalq Millətlər Təşkilatından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının beynəlxalq təşkilata çevrilməsinə əsaslı zəmin yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".