Xarici siyasətimizin böyük uğuru - COP29
Siyasət

Xarici siyasətimizin böyük uğuru - COP29

1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası üzrə ali qərarların verilməsi üçün qurum yaradıldı. Bu konvensiyanın ən üst qərarverici qurumu COP adlanır. Eyni zamanda konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr də COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Həmin tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, ona məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaqdır.

Hər il dünyanın müxtəlif yerindən hökumət nümayəndələri burada toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində, sonuncu toplantısı isə ötən il Dubayda keçirilib.

2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək.

Yer kürəsini böyük riskdən xilas etməyə çalışan beynəlxalq Konvensiyanın Bakıda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda bu gün yaşıl iqtisadiyyat, yaşıl energetika və sair sahələrdə böyük layihələr həyata keçirilir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində paytaxt Bakı dünyanın mərkəzi olacaq. Bütün bunlar dünya miqyasında çox güclü mövqeyə sahib olduğumuzu bir daha təsdiq edir. Eyni zamanda bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Həmçinin son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi üçün hazırlıq işləri görülür, layihəyə Azərbaycan üzrə baş icraçı direktor təyin olunub. Bu vəzifəni Elnur Soltanov icra edəcək.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna bütün dünya şahiddir. Heç şübhəsiz, belə mötəbər tədbirlərin keçiriləcəyi məkan seçilərkən bir sıra amillərə fikir verilir. İlk növbədə, Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etmək üçün siyasi sabitliyə, iqtisadi potensiala, müasir şəhər infrastrukturuna, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınıb.

Röya RÜSTƏMLİ,

"Respublika".