Ermənistan Cənubi Qafqaza təhdiddir
Siyasət

Ermənistan Cənubi Qafqaza təhdiddir

Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırması Cənubi Qafqazda yeni təhdidlərə və risklərə səbəb olur. Qərbin bir sıra böyük dövlətləri yaranmış fürsətdən istifadə edərək regionda fəallaşmağa çalışırlar. Belə ki, anti-Azərbaycan dairələri, xüsusən də Fransa Cənubi Qafqaza nüfuz etmək üçün müxtəlif addımlar atır. Bütün bunlara rəğmən, Azərbaycan qətiyyətlə regionda sabitliyə töhfə verir və yeni münaqişə ocaqlarının yaradılmasının qarşısını alır. Ermənistandan fərqli olaraq qonşu dövlətlərlə hərtərəfli əlaqələrə önəm verən Azərbaycanın Cənubi Qafqazın geosiyasi mənzərəsinə təsiri olduqca böyükdür. Prezident İlham Əliyevin konstruktiv və ədalətli addımları regionda sülhün bərqərar olacağına inamı artırır, bu xüsusda Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin stabilləşdirilməsi gözlənilir. Təbii ki, Ermənistan təxribatlara əl atmasa...

Azərbaycanın 44 günlük müharibədən sonra regiondakı geosiyasi mənzərəni dəyişməsi və prinsipial olaraq təhlükəsizlik, sabitlik və əməkdaşlıq müstəvisinə çıxarmağa yönəlmiş diplomatik addımlarını daha da artırması revanşist Ermənistan tərəfindən qısqanclıqla qarşılanır. Məhz bu çərçivədə yeni havadar axtarışındaykən Fransanın ətəyindən yapışan haylar Qərb ilə Rusiya arasındakı ziddiyyəti Cənubi Qafqaza daşıyır. Digər tərəfdən, Ermənistanı açıq şəkildə dəstəkləyən bir sıra böyük dövlətlərin regionda fəallaşmağa çalışması bu ölkənin oyuncaq dövlətə çevrildiyini əyani şəkildə sübut edir. Məsələyə başqa aspektdən baxsaq, deyə bilərik ki, Ermənistanın ənənəvi olaraq təhlükə və risk mənbəyi olaraq qalması, onun Yaxın Şərq və Əfqanıstan istiqamətindən nüfuz edə biləcək radikal qruplar üçün açıq məkana çevrilməsi ehtimalını doğurur. Terror xislətli Ermənistanda bu kimi halların baş verməsi labüddür.

Qlobal güclərin maraqlarının toqquşduğu Cənubi Qafqaz regionu siyasi və hərbi çəkişmələrin mərkəzi olmamalıdır. Tarixdən günümüzədək davam edən bu məsələ müəyyən dönəmlərdə, xüsusən də Sovet İttifaqının mövcud olduğu və regiona nəzarəti bilavasitə öz əlində saxladığı vaxtlar azalsa da, bu bölgə daim diqqət mərkəzindədir. Qlobal məkanda balansın pozulduğu bir dövrdə yaşanan hadisələrin Cənubi Qafqaza təsiri erməni təxribatları ilə daha da artır. Destabil vəziyyət artıq Qafqazın hər yerinə şaxələnir. Xüsusən də Ermənistanın heç bir məntiqə sığmayan xarici və daxili siyasi gedişi regionu hərbi poliqona çevirə bilər. Ermənistan normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidərək beynəlxalq səylərlə aparılan danışıqlarda qeyri-səlist addımlar atmaqla regionu təhlükə altında qoyur. Regional tərəfdaşlığa birmənalı olaraq yox deyən hayların siyasi prinsipi sadəcə təxribatlar törətməyə əsaslanır. Daha dəqiq desək, regional olaraq anti-Azərbaycan siyasətinin icraçılarının, xüsusən də İranla birgə Qarabağa qeyri-qanuni olaraq silah-sursat daşıyan, 30 ilə yaxın işğal dövründə ərazilərimizdə təbii sərvətlərimizin istismarı ilə beynəlxalq hüquqazidd aktlar həyata keçirən Ermənistanın Cənubi Qafqazı münaqişə ocağına çevirmə istəyi təəccüb doğurmur. Bununla yanaşı, üçtərəfli Bəyanatın müddəalarına əməl etməyərək, silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxarmayan, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi, prosesə üçüncü tərəfləri cəlb etmək üçün dəridən-qabıqdan çıxması bir daha göstərir ki, Ermənistan regional rifaha önəm vermir.

Törədilən təxribatların ardı-arası kəsilmir. Sözügedən qüvvələrin diktəsi ilə görünür, Ermənistan təxribatlara davam edəcək. Beynəlxalq hüququn işləməməsi, anti-Azərbaycan qüvvələrinin havadarlığı, Rusiya sülhməramlılarının hayların yenidən silahlanmasına göz yumması, hətta bu çirkin əməldə onlara yardım etməsi deyilənlərin təsdiqidir. Növbəti təxribat nəticəsində iyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulmuşdur. İyulun 12-si saat 05:45-də isə Ermənistan silahlı qüvvələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Beynəlxalq hüququn işləməmə prinsipi növbəti dəfə özünü göstərdi. Belə ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir ki, Ermənistan Respublikası ilə dövlət sərhədində Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Ötən müddət ərzində isə DSX-nın əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Humanitar missiya icraçısı hesab edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə qaçaqmalçılıq hallarına rast gəlinməsi beynəlxalq səviyyəli təşkilatın fəaliyyət prinsiplərini sorğulamağı tələb edir. Təəssüflər olsun ki, əvvəllər buradan və alternativ yollardan separatçıların yerləşdiyi ərazilərə silah-sursat daşınırdı. Lakin Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulandan sonra artıq bütün avtomobillər yoxlanılır. Bu yol yalnız humanitar məqsədlər üçün istifadə edilməlidir.

Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistanın ölkəmizə qarşı təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə iki ölkə arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Normallaşma və sülh prosesini ləngidən işğalçı ölkə digər tərəfdən, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə də mane olur.

Nurlan ABDALOV,

"Respublika".