Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik edilib
Digər xəbərlər

Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik edilib

Ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq, ötən il iyulun 18-də rəsmi dərc olunan Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanunu ilə Mülki-Prosessual Məcəllədə 160-dək maddəyə dəyişiklik edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əsas dəyişikliklər yazılı icraat institutunun tətbiqi, məhkəmədə hazırlıq institutunun təkmilləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsi, icrada dönüş institutunun formalaşdırılması ilə əlaqədar olub.

Bundan başqa, məhkəmənin işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilməsinə dair müddəalar məcəlləyə əlavə edilib.

Qeyd olunanlardan əlavə, bəzi prosessual müddətlərdə dəyişikliklər edilib. Mülki işlər üzrə kiçik iddialara aid edilməklə sadələşdirilmiş icraat nəzərdə tutulan iddiaların qiyməti 2 min manatdan 5 min manatadək qaldırılıb. Bununla da qiyməti 5 min manatdan az olan iddialar kiçik iddialar hesab edilib.

Qanunun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

AZƏRTAC