Azərbaycan ilə İspaniya arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Azərbaycan ilə İspaniya arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb

Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığı Senatının sədri Ander Xil Qarsiya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov son 30 il ərzində Azərbaycanla İspaniya arasında diplomatik münasibətlərin dostluq, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında davam etdiyini, iqtisadiyyat, ticarət, energetika, humanitar, təhsil, turizm və yüksək texnologiyalar sahələrində geniş əməkdaşlıq üçün perspektivlərin olduğunu vurğulayıb. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Nazir postmünaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın baxışları və addımları, ölkəmiz tərəfindən görülən bərpa və yenidənqurma işləri, nəqliyyat-kommunikasiya xətlərinin bərpası barədə məlumat verib.

Senatın sədri Ander Xil Qarsiya Azərbaycanın xarici işlər nazirinin səfərinin, diplomatik akademiyalar arasında memorandumun imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Səfər zamanı keçirilmiş ikitərəfli görüşlərin siyasət, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli olduğu qeyd edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində əməkdaşlıq üzrə razılaşmanın icrasına İspaniyanın da alternativ enerji resurslarının inkişaf etdirilməsi baxımından töhfə vermək imkanlarının olduğu diqqətə çatdırılıb.

Görüş zamanı Milli Məclisin sədrinin 2021-ci ildə Madridə səfəri xatırlanıb və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması qərarının məhz İspaniya paytaxtında verildiyi bildirilib.

Sonra ikitərəfli gündəlikdə duran məsələlər, regional vəziyyət barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC