Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
İQTİSADİYYAT

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi, siyasi, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf perspektivləri diqqət mərkəzində olub.

Görüşdə ikitərəfli əməkdaşlığımızın qarşılıqlı inkişaf etdiyi avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, aviasiya və İKT sahələrinə dair müzakirələr aparılıb.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili və mövcud çətinliklərin həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, beynəlxalq daşımaların həyata keçirilməsi işində ölkələrimizin tranzit potensialından istifadə edilməsində çoxtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq TRACECA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu platformalarında həyata keçirilir.

Görüşdə Azərbaycanın beynəlxalq çərçivədə tərəfdaşlarla tam və qarşılıqlı faydalı əlaqələr qurmaq üçün ölkənin nəqliyyat kompleksinin mövcud potensialını maksimum artırmağa çalışdığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

AZƏRTAC