Azərbaycan enerji diplomatiyası sahəsində daha bir tarixi layihənin reallaşmasında əhəmiyyətli rol oynayır
İQTİSADİYYAT

Azərbaycan enerji diplomatiyası sahəsində daha bir tarixi layihənin reallaşmasında əhəmiyyətli rol oynayır

Bu gün enerji təhlükəsizliyinin təmin olunmasında ciddi addımlar atan Avropa Azərbaycanla bu sahədə əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərir. Ölkəmiz sahib olduğu təbii potensialı, infrastrukturu və ən əsası isə etibarlı tərəfdaş olması ilə dəyərləndirilir. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istifadəyə verilməsi ilə ölkəmiz enerji təhlükəsizliyi sahəsində özünün önəmini bir daha təsdiq etmiş oldu.

Zəngin təbii qaz və neft ehtiyatlarına malik olan Azərbaycan bu gün yaxın qonşuları Türkiyə və Gürcüstanla yanaşı, Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniyaya da təbii qaz ixrac edir. Mövcud enerji resurslarından düzgün istifadə edilməsi məqsədilə atılan mühüm addımlar ölkəmizin Avropaya qaz ixracını iki dəfə artırmağa imkan verir. Belə ki, ötürmə qabiliyyəti 16 milyard kubmetr olan TANAP-ın 32 milyard kubmetrə, 10 milyard kubmetr ötürmə qabiliyyətli TAP-ın gücünün isə 20 milyard kubmetrə çatdırılacağı planlaşdırılır. Eyni zamanda Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verilməsi Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. İonik-Adriatik boru kəməri layihəsinin reallaşması nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq daha da şaxələnəcək. Bu il iyul ayının 18-də Avropa Komissiyası Prezidentinin ölkəmizə səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" bu sahədə ikitərəfli əməkdaşlığın vacibliyini nümayiş etdirməklə bərabər, Azərbaycanın Avropanın enerji təchizatındakı rolunu yeni mərhələyə yüksəltmişdir.

Azərbaycan dövlətinin müəyyənləşdirdiyi enerji strategiyasının üçüncü mərhələsi elektrik enerjisi, hidrogen və yaşıl hidrogen-bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Belə ki, zəngin təbii qaz, yanacaq və su ehtiyatlarına sahib olan ölkəmizin yalnız Xəzərin Azərbaycan sektorundakı təsdiq olunmuş bərpaolunan enerji potensialı 157 qiqavatdır. Bununla yanaşı, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu isə ölkəmizin uğurlu enerji diplomatiyası həyata keçirməsində mühüm amildir. Nəhəng neft-qaz ehtiyatlarına malik olan Azərbaycan həyata keçirdiyi enerji siyasəti ilə enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi sahəsində ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirərək qarşılıqlı etimadı gündən-günə artırır. İqtisadiyyatı neft və qaz gəlirləri əsasında dinamik sürətlə inkişaf edən Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri bu istiqamətdə uğurla davam edir. Ölkəmizin bərpaolunan enerji sahəsində də böyük potensialını yüksək dəyərləndirən Avropa İttifaqı ilə ikitərəfli münasibətlər zəminində neft, qaz ilə yanaşı, bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə enerji dialoquna start verilib.

Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi uğurlu siyasət Avropanın enerji xəritəsini dəyişir. Neft və qaz hasilatı ilə başlayan uzunmüddətli, etibarlı əməkdaşlıq əlaqələri bu gün daha da möhkəmlənərək bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi və digər sahələri əhatə edir.

Bu barədə iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə birgə mətbuata bəyanatla çıxışı zamanı demişdir: "Biz külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır.

Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qiqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir".

Avropa Komissiyasının Prezidenti ilə Azərbaycan Prezidenti arasında memorandumun imzalanması ilə bərpaolunan enerji, əsasən də külək və yaşıl enerji sahəsində böyük potensiala malik olan ölkəmizlə Avropa ölkələri arasında bu sahədə də əməkdaşlığa zəmin yaradılmışdır. Bu isə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanı neft və qaz təchizatçısı olmaqla bərabər, həmçinin bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevirir.

Bu gün ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyindəki rolu yeni mərhələyə qədəm qoyub. Belə ki, dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ölkəmizin bərpaolunan mənbələrdən əldə etdiyi enerjinin Avropaya çatdırılmasının əsasını qoydu.

Bu il mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dörd qonşu ölkəyə elektik enerjisi ixrac etdiyini və yaxın gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağını deməklə elə bu irimiqyaslı layihənin anonsunu vermişdir. İmzalanma mərasimi ilə bağlı keçirilən plenar iclasda isə dövlət başçımız bu məsələyə bir daha aydınlıq gətirmişdir: "Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq".

Dördtərəfli sazişin əhəmiyyətindən danışan Rumıniya Prezidenti Klaus Yohannis isə uzunmüddətli əməkdaşlığı nəzərdə tutan saziş çərçivəsində yaxın gələcəkdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilməsinin, eyni zamanda dəniz nəqliyyat əlaqələrinin Rumıniyanın Konstantadakı limanından Gürcüstan istiqamətində genişləndirilməsinin planlaşdırıldığını qeyd etmişdir. Rumıniya Prezidenti bu təşəbbüslərin ölkəsinin Azərbaycanla və Mərkəzi Asiya ilə bağlılığını artıracağına əminliyini ifadə etmişdir.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, istər Xəzər dənizi, istərsə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olan bərpaolunan enerji potensialı ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, eyni zamanda yeni ixrac istiqamətinə çevrilməkdədir.

Mehparə ƏLİYEVA,

"Respublika".