İqtisadi siyasətimiz çox böyük dəqiqliklə və həssaslıqla aparılır
İQTİSADİYYAT

İqtisadi siyasətimiz çox böyük dəqiqliklə və həssaslıqla aparılır

2025-ci ilədək xarici borc səviyyəsinin minimum həddə qədər azaldılması nəzərdə tutulur

Aparılan uğurlu siyasət, strateji addımlar ölkəmizin iqtisadiyyatına da müsbət təsir göstərib.

Son illərin göstəricilərinə nəzər salsaq, görərik ki, dünyadakı nüfuzu artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru sürətlə irəliləyir. Şübhəsiz ki, bu nailiyyətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunur. Çıxışlarının birində dövlət başçısı bildirib: "Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq".

Ölkəmizdə maliyyə bazarı real olaraq 1995-ci ildən formalaşmağa başlamışdır. Həmin ildən etibarən uçot dərəcəsinin çevikliyi və banklara satılan mərkəzləşmiş kredit resurslarının həcminin məhdudlaşdırılması banklar tərəfindən verilən kreditlərin həcminə təsir göstərmişdir. Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 1993-cü illə müqayisədə xeyli, 2000-2012-ci illərdə isə 20 dəfə artıb. Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın iqtisadi məzənnəsi" adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 2,6 faiz proqnozlaşdırılır. Ötən 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Dünya Bankının 2023-cü il üçün "Qlobal İqtisadi Perspektivlər" hesabatına əsasən Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Bu il də Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz, ECA (Avropa və Mərkəzi Asiya) regionu ilə müqayisədə isə 2,7 faiz daha yüksək olacaq.

Kredit mexanizmində qeyri-kredit təşkilatlarının rolu da ciddi surətdə azalır. Belə ki, 2000-ci ildə kredit qoyuluşlarının 18,7%-i bu təşkilatlarla həyata keçirildiyi halda, 2007-ci ildə bu nisbət 2,7%-ə enmişdir. Azərbaycanda kredit bazarının digər mühüm xüsusiyyəti kredit qoyuluşlarının tərkibində qısamüddətli kreditlərin xüsusi çəkisinin yüksək olmasıdır. Belə ki, 1998-ci ildə banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının tərkibində qısamüddətli kreditlərin xüsusi çəkisi 97%-ə bərabər idi. Lakin bank sektorunda canlanma bu sahədə də ciddi irəliləyişlərə səbəb olub. Belə ki, qısamüddətli kreditlərin payı 2001-ci ildə 72,5%-ə, 2006-cı ildə 48,3%-ə, 2007-ci ildə isə 35%-ə enib. Bu nisbətən az bir müddət ərzində milli kredit bazarında ciddi irəliləyişlərin olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi" üzrə 54-cü pillədə qərarlaşıb. Büdcənin artırılması məsələsində əsas prioritet xarici borcun aşağı salınmasıdır. Buna əsasən 2025-ci ilədək xarici borc səviyyəsinin minimum həddə qədər azaldılması nəzərdə tutulur. Bununla yanaşı, ümumi dövlət borcunun səviyyəsinin də aşağıya enəcəyi proqnozlaşdırılır.

Prezident İlham Əliyev ötən günlərdə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib: "Biz xarici dövlət borcunun idarə edilməsi istiqamətində də öz işimizi mənim bir neçə il bundan əvvəl verdiyim tapşırıqlar əsasında qurmuşduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq və qoymuşduq ki, xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə olsun. Biz artıq bu hədəfə də çatdıq. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da Ümumi Daxili Məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, Ümumi Daxili Məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də proqnoz vermək mümkündür. Birinci altı ayda Ümumi Daxili Məhsul 60 milyard manatdan çox təşkil etmişdir".

Ölkə başçımızın apardığı siyasət ölkə iqtisadiyyatının çiçəklənmə dövrünü yaşamasına imkan verir. Şübhəsiz ki, doğma torpaqlarımız geri qaytarıldıqdan sonra iqtisadiyyatımız daha da inkişaf edib. Bunun nəticəsidir ki, orada görülən bütün işlər ölkəmizin öz büdcəsi hesabına həyata keçirilib. Qarabağda görülən quruculuq işləri sürətlə davam edir. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ istirahət, səyahət etmək istəyənlər üçün ən gözəl ünvan olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".