AZƏRBAYCAN ƏDALƏTLİ VƏ QƏTİYYƏTLİ SİYASƏT APARMAQLA ÖZ MİLLİ MARAQLARINI TƏMİN EDİR
SİYASƏT

AZƏRBAYCAN ƏDALƏTLİ VƏ QƏTİYYƏTLİ SİYASƏT APARMAQLA ÖZ MİLLİ MARAQLARINI TƏMİN EDİR

Bu siyasət regionda mehriban qonşuluq və strateji tərəf Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət bütün region ölkələri ilə mehriban qonşuluq əlaqələrinin qurulmasını nəzərdə tutur.

Ölkəmiz dövlətlərin ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, son dərəcə düşünülmüş və birmənalı, açıq diplomatiyanın tərəfdarıdır. Məhz bu müdrik, balanslaşdırılmış və təmkinli siyasət kursu nəticəsində zaman-zaman meydana gələn hər hansı gərginliklərə emosiyalarsız yanaşır, bu da istər-istəməz qarşı tərəfi yanlış addımlar atmaqdan çəkindirir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji siyasi kurs heç bir ölkənin daxili işlərinə qarışmamaq prinsipi ilə bərabər, həm də respublikamızın suveren hüquqlarının, ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyini göstərir. Son günlərdə qonşu dövlətlə anlaşılmazlıqların məhz müsbət meyillərlə əvəzlənməsi də Azərbaycanın öz mövqeyində qəti və haqlı olduğunu bir daha nümayiş etdirdi.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik məharəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalq-iqtidar birliyi qarşısında dayanmaq gücündə olmayan işğalçı Ermənistan Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayının 10-da kapitulyasiya aktı imzalamağa məcbur edildi.

Bütün dünyaya yaxşı bəllidir ki, ədalət prinsipi Azərbaycanın vizit kartıdır və xarici siyasətinin prioritetini təşkil edir. Təsadüfi deyil ki, öz dövlət müstəqilliyini bərpa edəndən cəmi 20 il sonra müstəqil Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş və bu mötəbər quruma sədrlik etmişdir.

155 ölkənin səsini qazanmış Azərbaycan 2012-ci ilin yanvar ayının 4-də Şuranın iclaslarına qeyri-daimi üzv kimi qatılmışdır. Həmin ilin mayın 1-dən isə ABŞ-dan estafeti alaraq həmin quruma bir ay müddətində sədrlik etmişdir.

Bundan əlavə, hazırda ölkəmiz Qoşulmama Hərəkatının həm fəal üzvü, həm də sədridir. BMT-dən sonra əhatə etdiyi ölkələrin sayına görə dünyada ikinci olan bu beynəlxalq təşkilatdakı ölkəmizin nüfuzu yenə də Azərbaycanın ədalətli mövqeyindən, dünya birliyində humanizm, tolerantlıq, multikulturalizm kimi dəyərlərin daşıyıcısı və tərəfdarı kimi tanınmasından, beynəlxalq hüququn aliliyini qorumağa böyük töhfələr verməsindən qaynaqlanır.

Hamıya yaxşı məlumdur ki, Azərbaycanda bütün xalqların nümayəndələri özlərini rahat hiss edir, bu ölkəni özlərinə Vətən bilərək onun inkişafı və rifahı naminə çalışırlar. Azərbaycan çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimiz, heç də hər yerdə rast gəlinməyən gerçəklikdir. Ölkəmizdə heç vaxt milli zəmində hər hansı münaqişələr, toqquşmalar, millətçiliyin təbliği olmayıb və olmayacaq. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət əminliklə deməyə əsas verir ki, dini, irqi, milli mənsubiyyətdən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının hüquqları qorunur, onların rahat yaşayışı təmin edilir.

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşmış yeni reallıqlar ermənilər, onların ideoloqları üçün qətiyyən əlverişli deyil. Ermənistan öyrəşib ki, işğal altında saxladığı ərazilərdə terrorizmin inkişaf etdirilməsi, narkotik vasitələrin istehsalı və nəql edilməsi kimi antibəşəri fəaliyyətlə məşğul olsun. Sirr deyil ki, Ermənistan vasitəsilə Avropa ölkələrinə böyük miqdarda narkotik qaçaqmalçılığı həyata keçirilirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ermənilərə və onların ortaqlarına aydın oldu ki, artıq əvvəlki kimi nəzarətsiz, qanunsuz işlər görmək imkanı yoxdur, terrorizmin dəstəklənməsi imkanları da yox səviyyəsindədir, deməli, Ermənistan artıq heç kimə lazım deyil. Beləliklə, bu ölkənin yeganə xilas yolu Azərbaycanla sülh müqaviləsi imzalamaq və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdir. Və erməni cəmiyyəti bunu nə qədər tez dərk etsə, özü və ortaqları üçün bir o qədər də faydalı olacaq.

Xalqımızın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, mərd, humanist, milli maraqlara söykənən siyasətinin məntiqi nəticəsidir. Bundan əlavə, İranla bağlı son hadisələr göstərdi ki, heç kim Azərbaycana diktə edə bilməz. Cənab Prezident bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün bütün məsələlərdən üstündür və heç bir qüvvə onu geri çəkilməyə məcbur edə bilməz.

Emin QASIMOV,

"Respublika".