Əməllərinin girdabında boğulan düşmən
Siyasət

Əməllərinin girdabında boğulan düşmən

Azərbaycan öz daxili işlərinə kənar qüvvələrin müdaxiləsinə heç vaxt imkan verməyəcək

Prezident İlham Əliyev 2023-cü il fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində görüşün konstruktiv keçdiyini və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində bir çox məsələlərin, o cümlədən Laçın-Xankəndi yolu ilə bağlı müzakirələrin aparıldığını media nümayəndələrinin diqqətinə çatdırdı: "Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar... Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır".

Bu il aprelin 23-də ölkəmizin suveren ərazisi daxilində - Laçın yolunun başlanğıcında  nəzarət-buraxılış məntəqəsi yaradıldı. 2020-ci il 10 noyabr Bəyanatının müddəalarına əməl etməyən  Ermənistanın Laçın yolundan hələ də ərazilərimizdən çıxarmadığı qanunsuz dəstələrinə silah-sursat və minaların daşınmasının, o cümlədən xarici terrorçuların suveren ərazilərimizə keçidinin qarşısının alınması məqsədilə sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması beynəlxalq humanitar hüququn prinsiplərinə tamamilə uyğundur. Azərbaycan bu addımı atmaqla həm ümumilikdə regionda təhlükəsizliyin qorunmasına, eyni zamanda təbii sərvətlərinin ermənilər tərəfindən qanunsuz istismarına son qoymaq niyyətindədir. Belə ki, nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycana özünün ayrılmaz tərkib hissəsi olan Qarabağa, o cümlədən Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkan verir. Avtomobillərin keçid məntəqəsində yoxlanılması isə birmənalı olaraq təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Lakin kapitulyasiya aktını imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, hələ də sülh müqaviləsini imzalamayan, Azərbaycanla şərti sərhəddə mütəmadi olaraq təxribatlar törədən, bütün bu əməlləri ilə regionda sülhü təhdid edən Ermənistan məntəqənin yaradıldığı ilk gündən hər zaman olduğu kimi, əsassız ittihamlar, yalan informasiyalarla siyasi manipulyasiyalar edir. Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasını qanunazidd adlandırır, beynəlxalq ictimaiyyətin və cəmiyyətin diqqətini yayındırmağa çalışır, Qarabağda "humanitar böhran" olduğunu, orada erməni əsilli azərbaycanlıların "blokada" şəraitində yaşadığını iddia edir. Təxribatçı, işğalçı ölkə formasiyasından çıxa bilməyən Ermənistan humanist ideyalara sadiq, sülhsevər, tolerant Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir. Havadarlarının himayəsi ilə 30 il beynəlxalq hüquq normalarına, konvensiyalara məhəl qoymayan işğalçı ölkə artıq çıxış yolunun qalmadığını anlamaq istəmir, beynəlxalq səviyyədə çaşqınlıq yaratmağa davam edir.

Lakin əli havadarlarının ətəyində olan, başqa dövlətlərin torpaqlarına göz dikən, onun sərvətlərini satmaqla ölkəsinin iqtisadiyyatına mənfəət qazandırmaq istəyən Ermənistan artıq öz əməllərinin girdabında boğulur, düşdüyü labirintdən çıxa bilmir. Arxasında "dağ" kimi dayanan havadarları da bu "məzlum", "yazıq" xalqın harayına çatmır. Bir müddət əvvəl Laçın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti rədd edildikdən sonra çarəsini BMT-də axtaran Ermənistanın xəyalları növbəti dəfə suya düşdü. Qeyd edək ki, bu günlərdə Ermənistan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin ləğv olunması ilə bağlı çirkin niyyətini həyata keçirmək üçün BMT-yə üz tutmuş, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəmişdir. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Laçın-Xankəndi yolunun "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili keçirilən iclasında Ermənistanın yalanları, əsassız iddiaları növbəti dəfə uğursuzluqla nəticələndi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Azərbaycan hökumətinin Qarabağda yaşayan erməni əsilli vətəndaşlarının zəruri mallara olan tələbatının ödənilməsi üçün daha sərfəli yol - Ağdam-Əsgəran-Xankəndi yolunu təklif etdiyini diqqətə çatdırıb: "Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır". Müzakirələrdə Azərbaycanın təklif etdiyi Ağdam-Əsgəran-Xankəndi yolunun humanitar yüklərin şəffaf şəkildə daşınması üçün daha əlverişli olduğunun beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılandığı bir daha öz təsdiqini tapdı. Dövlətimizin uğurlu, məqsədyönlü diplomatiyası bu dəfə də Ermənistana tutarlı cavab oldu. Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının iclasında faktlarla, əsaslı dəlillərlə çıxışı kimin haqlı olduğunu bir daha sübuta yetirdi. Bu, təkcə Ermənistanın deyil, həm də Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasına mane olan ermənipərəst qüvvələrin fiaskosu oldu.

Erməni yalanlarının, əsassız ittihamlarının sayı-hesabı yoxdur. Yalnız məsələ bu böhtanları kimin qəbul edib-etməməsindədir. Lakin hər hansı dövlətin, beynəlxalq təşkilatın qərarından asılı olmayaraq Azərbaycan öz daxili işlərinə kənar qüvvələrin müdaxiləsinə imkan verməyəcək. Artıq bunu Ermənistan anlamalıdır, çünki proseslərin gedişatı bunu diktə edir.

Mehparə ƏLİYEVA,

"Respublika".