Azad edilmiş ərazilərdə hərbi qulluqçular üçün çörək zavodu fəaliyyət göstərir
Digər xəbərlər

Azad edilmiş ərazilərdə hərbi qulluqçular üçün çörək zavodu fəaliyyət göstərir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və tikinti işlərinin gedişi ilə maraqlanıb. İnşaat işlərinin daha keyfiyyətli aparılması üçün müvafiq tapşırıqlar verilib.

Sonra müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir. Müasir avadanlıqla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəymədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.

Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

AZƏRTAC