Qartal olub göylərində uçum mən...
Digər xəbərlər

Qartal olub göylərində uçum mən...

Qartal olub göylərində uçum mən... Gözəl bənzətmədir, deyilmi? Gərək qartal olasan ki, o yerlərin göylərində səkəsən, qanad gərib lap ənginliklərdən yeri seyr edəsən. Qartala bənzər xəritəmizin lap zirvəsində bir diyar məskən salıb: Laçın. Qartal duruşludur, təkcə ona görə yox ki, elmi dillə desək, dəniz səviyyəsindən yüksəkdə yerləşir. Ona görə ki, o yerin havasında, suyunda, daşında, qayasında, gölündə, çiçəyində bir döyüşkənlik var. Ona görə ki, onun mərd, qorxmaz, həm də zəhmətsevər insanları bu yurdu qorumaq üçün hər zaman savaşıblar. Hər gedişin bir qayıdışı da var. Laçının da bəxtinə yazıldı bu qayıdış. Düz 31 ildən sonra...

İlahi bir yazı var: insan bir dəfə doğular, bir dəfə də göz açdığı bu dünyanı tərk edər. Onda bəs nədən bəzən ölümün astanasından dönən biri: "Mən dünyaya yenidən gəldim", - deyir? Hətta: "Bundan sonra mən doğum günümü məhz bu yeni tarixdən qeyd edəcəm", - də söyləyir. Bax, bu da tale, alın yazısıdır. Yəni Tanrının öz əli ilə, həm də hər kəsə yazmadığı yazı, möcüzədir! Bəzən şəhərlər haqqında da belə deyirik. Deyirik ki, onlar da insanlar kimidir: doğulur, ölür... Və bir də dirilir, dirçəlir. Lap elə erməninin ürəklərinin başına vurduğu yaralardan ölən, dağılan, cəhənnəmə dönən və dirilən, sağalan şəhərlərimiz kimi...

Xoşbəxtik, bu günü də görürük. Gözlərimiz yolda, qulağımız səsdədir, lap 44 günlük Vətən müharibəsində olduğu kimi. Hər gün Qalib Sərkərdəmizdən bir xoş müjdə, sevindirici xəbər gözləyirik. O odlu-alovlu günlərdə, ürəyimizin qan ağladığı məqamlarda televiziya ekranında qalib görkəmini, gülümsər çöhrəsini görəndə bütün diqqətimiz ekrana kəsilirdi, bilirdik ki, xoş bir müjdəsi var Ali Baş Komandanın. İndi də belədir. Dövlət başçımızın işğaldan azad olunmuş torpaqlara səfərini səbirsizliklə gözləyirik. Bilirik ki, hər səfərdə hansısa obyektin açılışını edir, təməlini qoyur. Son vaxtlar isə Bakıdan o yerlərə üz tutan köç karvanlarının mənzilbaşına sağ-salamat çatdırdığı sakinlərə gözaydınlığı verməyə tələsir Prezidentimiz.

Çünki qurub-yaratdığı müasir kəndlərdə onlar üçün tikilmiş evlərin, mənzillərin açarını təqdim etməkdən qürur duyur dövlət başçımız. Necə də duymasın? Parçalanan, bölünən bir məmləkəti bütövləşdirmək, onun müstəqilliyini qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək, üstəlik hər bir vətəndaşın Prezidenti olmağı bacarmaq asan deyil axı... Və mən əminəm ki, məhz bu missiyasına görə özünü xoşbəxt sayır, bizim qalib liderimiz. Belə olmasaydı, baş tacımız Şuşanın azad edilməsindən sonra Fəxri Xiyabana gələrək bu diyarı canı qədər sevən, bütün həyatını onun xoşbəxtliyinə sərf edən millət atası, ulu öndərin məzarı başında: "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim", - deməz: "Sən azadsan Şuşa!... Şuşa, biz səni dirçəldəcəyik!" - söyləməzdi.

Dövlət başçımız xoşbəxt taleli rəhbərlərdəndir. Ona görə ki, Tanrı ona xalqı qarşısında verdiyi hər bir vədi yerinə yetirmək üçün güc, cəsarət verir. Elə təxminən üç il əvvəl də "Şuşa, biz səni dirçəldəcəyik!" - mesajı da bir vəd idi... Dövlət başçısının istədiyi kimi, biz Şuşanı, digər rayonlarımızı, Şərqi Zəngəzuru da, bütövlükdə Qarabağı dirçəldəcəyik...

Bu gün bağrına 30 il körüklər basılan torpaqlar rahat nəfəs alır, gülünün-çiçəyinin də ətri indi bambaşqadır, çayları aşıb-daşır, bulaqları daha gur qaynayır, dağlarının əzəməti artır, qoyun-quzuları mələşir, insanlar qayıdışın dadını çıxarır, əkib-becərmək üçün əlləri-qolları açılır. İndi səhərlər həyət-bacalarda samovarlar qaynayır, təzə dəmin ətri ətrafa yayılır, o yerlərin nemətləri yavaş-yavaş süfrələrə ayaq açır... Xoşbəxtik, deyilmi? Bu anları gördüyümüz, yaşadığımız üçün liderimizə, Tanrıya minnətdar olmalıyıq...

Təsadüf, ya zərurət? Bəzən üst-üstə düşən hadisələr insanı düşündürür. Zərurət, doğrudanmı təsadüflərdən doğur? Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə avqustun 26-da Laçın rayonunun Zabux kəndində olub, "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər. Bəli, avqustun 26-sı Laçının tam olaraq nəzarətə götürüldüyü gündür. 26 avqust həm də birinci xanımın doğum günüdür.

Həmin gün Həkəri çayı çox sevincli idi, sahilində qurulmuş çal-çağırdan vəcdə gəlir, nazlana-nazlana axıb gedirdi. Elə digər çaylarımız da. Zabux çayı sahilinə gələn dövlət başçısı istinad divarları ilə bağlı öz iradını da bildirdi: "... Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər... Bu çay da bizim Həkəri kimi genişləndirilib, dərindən çıxarılıb ki, bir az geniş olsun...".

Dövlət başçısı hələ Laçın, Zabux və Sus azad edildikdən sonra burada yeni evlərin tikilməsi barədə göstəriş vermişdi. Ən qısa vaxtda burada xaricdən gətirilən ermənilər üçün tikilmiş evlərin yerində gözəl evlər tikildi, erməni evləri "tarixin qara səhifəsində qaldı". Çünki demişdi ki, buraya gələn zabuxlular Azərbaycan dövləti tərəfindən tikilən evlərdə qalmalıdırlar". Sakinlər də indi hər cür şəraiti olan evlərdə məskunlaşıblar. Təbii ki, doğma torpaqların rahatlığını heç nə əvəz edə bilməz.

Həmin gün Laçın 31 illik ayrılığa, hicrana son qoyurdu. Həkəri çayının sahilində, bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin əl işlərindən ibarət sərgidə nümayiş etdirilən rəsm əsərləri bu yurdun balaca sakinlərinin hiss və duyğularını ifadə edirdi. "Hünər" meydanında zorxana, pəhləvanlar və kəndirbazların çıxışları da maraqla qarşılandı, qiraətçilər laçınlı şairlərin şeirlərini oxudular.

Dövlət başçısı uşaqlarla səmimi söhbət etdi, vəziyyətləri ilə maraqlandı, yeni mühitə alışıb-alışmadıqlarını soruşdu: "Siz Bakıda yaşamısınız, Sumqayıtda yaşamısınız, yəqin ki, elə deyilmi? Yəni böyük şəhərlərdə yaşamısınız. Amma indi gəlmisiniz nisbətən kiçik olan belə şəhərə. Özünüzü yaxşı hiss edirsiniz?", - sualına kiçik kənd sakini: "Kiçik olsa da gözəldir... Allah sizi qorusun ki, siz bu cənnəti almısınız", - deyə cavab verdi.

Ölkə rəhbəri isə: "Doğrudan da gözəldir. Laçın şəhəri indi gündən-günə daha da gözəlləşir. Azad edilmiş bu ərazilərdə şəhərlər elə olacaq ki, heç paytaxt şəhərlərdən də fərqlənməyəcək".

"Laçın Şəhəri Günü"nün yaddaqalan məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq idi. Həkəri çayının sularında bərq vuran rəngbərəng işıqlar o yerlərin işıqlı sabahından xəbər verirdi. İnanırıq ki, dövlətimizin, onun bənzərsiz liderinin rəhbərliyi ilə qoynunda məskən salan insanlar səni daha gözəl edəcək, hər bir sakinin qartal olub göylərində uçacaq, Laçınım!..

Zümrüd QURBANQIZI,

"Respublika".