ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNAN MƏZUNLARIN QÜRURLU GÜNÜ
Elm və təhsil

ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNAN MƏZUNLARIN QÜRURLU GÜNÜ

Gəncədə ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri iştirak ediblər.

Şəhər rəhbəri Niyazi Bayramov məzunları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyət arzulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan ətraflı danışaraq bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına maksimum şərait yaradır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxışında bildirib ki, 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2816 nəfər məzun bitirib ki, bunlardan da 1249 nəfəri respublikanın, 158 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. 49 nəfər məzun 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb. Eyni zamanda, Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunlarının ali məktəbə daxil olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən rəsmilər məzunları təbrik edərək, onlara bundan sonrakı həyat və fəaliyyətlərində uğurlar diləyiblər. Çıxış edən məzunlar onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Daha sonra məzunlara hədiyyələr təqdim olunub.

 Zabit XƏLİLOV,

 "Respublika".